''Bakı Kristal Zal'' zərərlə işləyir

''Bakı Kristal Zal'' zərərlə işləyir

07-09-2018 15:04 / Bu xəbər 2956 dəfə oxundu

Qadir İbrahimli: ''Bu cür zalların balansda saxlanılmasının heç bir xeyri yoxdur''

İdman və konsert zalı "Bakı Kristal Zal” iki ildir zərərlə işləyir.

2012-ci ildə inşa edilmiş "Bakı Kristal Zal”ın 2017-ci ildə zərəri 2016-cı ilə nisbətən 55 faiz artıb.

FED.az "Bakı Kristal Zal”-ın "Mənfəət və Zərər” hesabatına istinadən bildirib ki, şirkətin cəmi əməliyyat gəlirləri 2017 –ci ilin yekununda ötən ilə nisbətən 4,05 dəfə artaraq 369 481 manata çatıb ki, bu məbləğ də əsas əməliyyat gəlirlərinin payına düşür.

Xərclərə gəldikdə isə, ötən illə müqayisədə xərclərdə artım olub. Belə ki, kommersiya xərcləri 2016-cı illə müqayisədə 4,48 dəfə artaraq bu il 840 456 min manata yüksəlib. İnzibati xərclər 60,15% artaraq 9 989,3 min manat olub.

2017-ci ildə 413 022 manat material xərcləri olduğu halda bu il material xərcləri olmayıb. Yekunda cəmi əməliyyat xərcləri 58,37% artaraq 6 837,9 min manata çatıb. Hesabat dövrünün sonuna xalis mənfəət olmayıb. Ötən ildə olduğu kimi bu ili də zərərlə başa vurub.

"Bakı Kristal Zal” ötən ili 6 746,7 min manat zərərlə, 2017-ci ili isə 10 460,2 min manat zərərlə başa vurub. Ümumiyyətlə, "Bakı Kristal Zal” son iki ildə 17 milyon manatdan artıq zərər edib. Cəmi aktivlər ötən ilə nisbətən 4,66% azalaraq 176 535,9 min manat olub. Ötən il vergi və sair məcburi ödənişlər olmadığı halda bu il bu məbləğ 25 549 manat olub. Cəmi öhdəliklər və kapital isə bu il 176 535,9 min manat təşkil edib.

"Bakı Kristal Zal”- ın 2017-ci ilin yekunu üzrə nizamnamə kapitalı 191 567,4 min manat olub.

İqtisadçı Qadir İbrahimli Meydan TV-yə deyib ki, yeganə çıxış yolu ya uzunmüddətli idarəetməyə verilməli, yaxud özəlləşdirmə.

"Hansısa özəl şirkət zalı istifadə edib özü də gəlir götürür, hətta dövlətə müəyyən qədər icarə haqqı verir. Bu cür zalların balansda saxlanılmasının heç bir xeyri yoxdur. Adətən geniş infrastruktura malik qurumlar özəl sektorda olmalıdır ki, dövlət əlavə xərc çəkməsin. Çünki belə hallarda dövlətin ayırdığı vəsait də səmərəsiz istifadə olunur, mənimsəmə və korrupsiya riskləri yaradır. Ona görə bir sıra meyarlar nəzərə alınmaqla iki yoldan biri seçilməlidir”.