Bakı Şəhər İcra Hakimiyyətinin saytı niyə yenilənmir?

Bakı Şəhər İcra Hakimiyyətinin saytı niyə yenilənmir?

29-11-2017 18:38 / Bu xəbər 2278 dəfə oxundu

"Biabırçılıqdır, qanunlara sayğısızlıqdır" 

Bakı Şəhər İcra Hakimiyyətinin saytı (www.baku-ih.gov.az) 3 ildir ki, yenilənmir. 

Toplum Tv xəbər verir ki, son xəbər 19 may 2015-ci ildə qoyulub. 

Gəncə, Sumqayıt, Mingəçevir və s. kimi şəhərlərin icra hakimiyyətlərinin saytları müntəzəm olaraq yenilənsə də, paytaxtda əksi baş verir. 

Media hüququ eksperti Xalid Agaliyev hesab edir ki, əgər bir dövlət qurumu öz saytına son xəbəri bir il əvvəl daxil edibsə, bunun adı biabırçılıqdır, qanunları heçə saymaqdır: "İnformasiya əldə etmək haqqında" Qanun bu məsələləri kifayət qədər aydın şəkildə düzənləyir. Hər bir dövlət qurumunun saytı olmalıdır. Saytın olması yetərli deyil, sayt onu yaradan qurumun fəaliyyəti barədə operativ və effektiv informasiya mənbəyi rolunu oynamalıdır". 

"Araşdırsaq, görərik ki, Bakı Şəhər İcra Hakimiyyəti son 10-15 gündə onlarla qərar verib, müxtəlif tədbirlər düzənləyib, müraciətlərə cavablar verib. Bunlar hamısı açıq bilgilərdir və belə məzmunlu bilgilərin internet saytına daxil edilməsi hər bir dövlət qurumunun vəzifəsidir. Bakı Şəhər İcra Hakimiyyəti bunu etmirsə, "İnformasiya əldə etmək haqqında” Qanuna görə məsuliyyət daşıyır”, - X.Ağaliyev bildirib.

O əlavə edir ki, dövlət qurumlarının internet resurslarından bilgi əldə etmək həm də bütün vətəndaşların hüququdur: "Hər bir vətəndaş açıq bilgiləri saytlar vasitəsilə əldə etmək imkanına sahib olmalıdır. Belə imkan yaradılmırsa, vətəndaşlar, jurnalistlər məhkəmələrə müraciət edə bilərlər. Bilgiləri açıq tutmayan informasiya sahibləri inzibati məsuliyyət daşıyırlar. İnformasiya əldə etmək hüququ pozulanlar məhkəmələrə müraciət etməklə, həm informasiyanı əldə edə, həm də informasiyanı açıq tutmayan dövlət qurumlarını inzibati qanunvericiliyə əsasən, 2 min 500 manatadək cərimə etdirə bilərlər".

Bakı Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məsələyə münasibət bildirmək istəmədilər.