Bakıda avtobus dayanacağı necə ticarət mətkəzinə çevrildi?

Bakıda avtobus dayanacağı necə ticarət mətkəzinə çevrildi?

04-05-2018 19:00 / Bu xəbər 3119 dəfə oxundu

Bakıda avtobus dayanacağının tikintisinə görə qırılan yaşıllıqların yerində ticarət mərkəzi salınır. 

Bu barədə yeniavaz.com məlumat yayıb.

Məlumatda bildirilir ki, Qara Qarayev prospektində ağacların qırılması və avtobus dayanacağının salınması ilə bağlı xəbərlər ictimaiyyəti aldatmağa hesablanıbmış: "Bakının Qara Qarayev prospektində şam ağaclarının daha bir hissəsi qırılanda rəsmi şəkildə açıqlama verilərək, burada böyük avtobus dayanacağının tikildiyi bildirilmişdi. Hətta Qara Qarayev prospektində inşa olunan həmin böyük dayanacağı Bakı Nəqliyyat Agentliyi "8-ci kilometr bazarı"nın yaxınlığındakı "dayanacaq cibi" adlandırırdı. Amma indi məlum olur ki, məqsəd dyanacaq yox, ticarət mərkəzi tikmək imiş". 

Bakı Nəqliyyat Agentliyinin ötən il yaydığı məlumatda isə bildirilirdi ki, bu dayanacaq İcra Hakimiyyəti ilə onların birgə işidir: "Bakı Nəqliyyat Agentliyinin xüsusi ekspert qrupunun apardığı təhlillərə əsasən, Bakı Nəqliyyat Agentliyinin, "Azəravtoyol" ASC-nin və Nizami Rayon İcra Hakimiyyətinin birgə işi nəticəsində daha iki ərazidə - Qara Qarayev prospekti (8-ci km bazarından metronun "Neftçilər" stansiyasına gedən yolda) və Rüstəm Rüstəmov küçəsində ("Dakar" meydanından Bakıxanov qəsəbəsinə gedən yolda) avtobus cibi salınıb. Sərnişin avtobuslarının dayanacaq ciblərinə maneəsiz daxil olması üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatlar ərazidən köçürüləcək". 

"Avtobusların ciblərdən kənar yerdə saxlamasının qarşısını almaq, onların qrafikinin tənzimlənməsi və buna uyğun hərəkətinə nəzarət etmək məqsədi ilə adı çəkilən küçə və prospektə Bakı Nəqliyyat Agentliyinin mobil qrupları cəlb edilib. Bununla yanaşı, əraziyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə də nəzarət gücləndirilib. Avtobuslarla yanaşı, ciblərə yaxın ərazilərdə taksi duracaq məntəqələri də təşkil ediləcək. Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində dayanan taksilərin həmin dayanacaqlarda xidmət göstərməsi təmin ediləcək", - rəsmi məlumatda deyilirdi. 

Məlumatda qeyd olunurdu ki, Bakı Nəqliyyat Agentliyi ayrı-ayrı vaxtlarda həmin ərazidə monitorinq keçirib: "Monitorinqlərin birində nın baş direktoru Vüsal Kərimli, agentliyin müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak etmişdilər". 

Qara Qarayev prospektindəki dayanacağın bir neçə müddətdir ki, hasarlanıb. Sözügedən ərazidə isə ticarət mərkəzi inşa olunur. 

"Transport for Baku" adlı səhifə isə baş verənlərin "hekayə"sini belə açıqlayıb: "Qara Qarayev prospektinin təmiri zamanı orada böyük böyük bir avtobus dayanacağı təşkil edilib. Dünyanın ən yaxşı dayanacağı olmasa da, oradan çoxsaylı avtobus marşrutları keçirdi (təsəvvür edin, bu dayanacaqdan 25 marşrut keçirdi) və kifayət qədər çoxlu yer tələb edirdi. Hesab edin ki, bura kiçik "hab"dır və şəhər nəqliyyatı baxımından çox vacib yerdir. Amma günlərin birində dayanacağın ərazisi hasarlanır və orada ticarət obyekti tikilir. Yerli icra hakimiyyətin bu kimi razılığı verən məmurlarına ziyanvericiliyinə görə medal düşür. Əhsən, sizə bir tuş: "Bakı əziz şəhər, mehriban diyar..."

Bakı Nəqliyyat Agentliyi isə son baş verənlərə aydınlıq gətirməyib. Belə ki, "yaşıllıqların qırılaraq yerində salınmış böyük bir dayanacağın ticarət mərkəzinə necə çevrilməsi" ilə bağlı sorğular cavabsız qalıb. 

Nizami Rayon İcra Hakimiyyəti də məsələyə münasibət bildirməyib.