Bakıda gecə söküntüsü başladı: sakinlər yolları bağladılar

Bakıda gecə söküntüsü başladı: sakinlər yolları bağladılar

25-04-2017 02:23 / Bu xəbər 2294 dəfə oxundu

Bu gün, aprelin 24-ü gecə saatlarında bir qrup sakin Bakı şəhər Hüseyn Cavid küçəsində yolu bağlamağa cəhd göstəriblər. 

Hadisə yerində olan şəxslərin Azadlıq Radiosuna verdikləri məlumata görə, aksiya iştirakçıları Hüseyn Cavid 566 ünvanında yerləşən binanın həyətindəki mənzillərin sakinləridir.

Gecəylə evi sökülən Şövkət Həsənova deyir ki, söküntünü edən şirkət onlarla heç bir danışıq aparmayıb:

"Məni aldadıb evimdən çıxarmaq istəyirlər. Sexim var. 5-3 manat qazanıb ailəmi dolandırıram. Şirkət əgər almaq istəyirsə kvadratına 1500 manatdan versin, mən də pulumu alım çıxım gedim. Nə pulumu vermir, nə də yaşamağa qoymur. Evdə nəyim vardısa hamısı qalıb tozun altında. Özümüzü də küçəyə atırlar. Bizimlə heç kim gəlib danışmayıb. Sənədin yoxdur deyib sökürlər. Bu ölkənin böyüyü yoxdur? İlham Əliyev bilmir ki, bunlar bu hərəkəti edir”.

***

Aksiya iştirakçılarının deməsinə görə, həmin binanın sahibi olan şirkətin əməkdaşları texnikaların gücü ilə gecə saatlarında həyətdəki mənzilləri sökməyə cəhd edib:

" Burada 10-a yaxın mənzil var. Bir qədər əvvəl 3 mənzili sökməyə cəhd göstərdilər. Mənzillərdən biri çoxuşaqlı anaya məxsusdur. Kompensasiya vermədən, gecə saatlarında onları mənzillərindən çıxarmağa cəhd etdilər. İnsanlar da yola çıxıb buna etiraz etdilər..."

Hadisə yerində olan şahidlərin deməsinə görə, mənzillərinin uçurulma təhlükəsi ilə üzləşən insanlar prezidentə müraciət etmək niyyətindədirlər:

"Prezidentdən bütün bu qanunsuzluqlara son qoyulmasını, günahkarların cəzalanmasın xahiş edirlər".

Məsələyə, hələlik, sözü gedən binanın sahibi olan şirkətin təmsilçilərinin münasibətini öyrənmək mümkün olmayıb.