Bakıda "ikiyə bölünmüş" Atatürk parkı - FOTOREPORTAJ

Bakıda

22-05-2017 19:16 / Bu xəbər 4071 dəfə oxundu

Budəfəki səfərimiz Atatürk parkınadır. 
Məqsədimiz istirahət yox, parkı 3 hissəyə ayıran dəmir hasarların səbəbini öyrənməkdir. 

Türkiyə Cümhuriyyətinin qurucusunun adının verildiyi bu park Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində yerləşir. 

Girişdə maşınlar üçün nəzərdə tutulmuş yerdə çatlar nəzərə çarpır. Yaxın günlərdə təmir olunsa belə, təhlükə hələ də qalmaqdadır. 

Park ərazisinə daxil olanda vəziyyət olduqca yaxşı görünür, ətrafdakı yaşıllıq və gül-çiçək göz oxşayır. Burada həmçinin bir neçə restoran da fəaliyyət göstərir, insanlar günün müxtəlif saatlarında buraya gəlib, istirahət edə bilirlər.  

Parkboyu irəlilədikcə, mənzərə dəyişir. Geridə qalan o xoş görüntüdən əsər-əlamət qalmır. Yaşıllıq və ağacları isə dəmir hasarlar əvəz eləyir. Park rəsmən iki hissəyə bölünüb; bir tərəfdə yeni döşənmiş plitələr, abadlaşdırılmış giriş hissə, digər tərəfdə köhnə, yenilənməyən geniş bir ərazi...

Parkın az qala xarabalığa çevrilmiş hissəsinə zibil atanlar da var. Həmin ərazinin ətrafı kol-kosla əhatələnib, bəzi ağaclar isə qurumaq üzrədir.

Dəmir hasarın "körpü" rolu oynayaraq iki hissəyə ayırdığı parkın digər tərəfində isə vəziyyət bir az fərqlidir. Girişdəki yaşıllıq və tanınmış restoranları qismən daha sadə kafe və istifadəyə yararsız oturacaqlar əvəz edir. 


Sakinlər deyir ki, əvvəllər hasara alınan ərazi yaşıllıq idi, get-gedə həmin yaşıllığın saralmış ot və zibilliklə əvəzlənməsi onları da narahat edir. 

Çarəsizlikdən buraya dincəlməyə gələnlər də var. Əsasən yaşlı nəslin nümayəndələri  burada söhbət etməyə və öz nəvələri ilə vaxt keçirmək üçün toplaşırlar. 

Məlumatlandırıcı lövhədə bu hasarların səbəbi kimi ərazidə aparılan təmir işləri göstərilir. Amma heç bir təmir işi aparılmır... 

Toplum.tv bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, zənglərə cavab verilmədi.

Türkan Bəşir
Toplum.Tv