Bakıda müəllimlər YAP-ın namizədinin görüşünə getməkdən imtina ediblər

Bakıda müəllimlər YAP-ın namizədinin görüşünə getməkdən imtina ediblər

28-01-2020 23:56 / Bu xəbər 3394 dəfə oxundu

Fərhad Mehdiyev: "İcra Hakimiyyəti direktora hədə-qorxu gəlib"
 
"Nəsimi Rayon İcra Hakimiyyəti kobudca seçki qanunvericiliyi pozur".

Bunu hüquqşünas, deputatlığa namizəd Fərhad Mehdiyev sosial şəbəkədə yazıb.

O bildirib ki, İcra Hakimiyyəti 159 nömrəli orta məktəbin direktoruna zəng edərək, müəllimələri YAP-ın namizədi Məlahət İbrahımqızı ilə görüşə gəlmələri üçün təlimatlandırıb: "Nə olub bilirsinizmi? Müəllimələrin çoxu da gəlməyib. Sonra İcradan direktora zəng edib elə hədə-qorxu gəliblər ki, qadın müəllimələrinin yanında bir xeyli ağlayıb". 

Namizəd qeyd edib ki, məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edəcək: "Sabah bununla bağlı MSK və DSK-ya rəsmi məktub ünvanlayacağam".

"Xalqın adını bilmədiyi, bu səbəblə də hiddət bəslədiyi bir məmuru yenidən deputat etməyə çalışmaq, heç bir məntiqə sığmır. Küçə-küçə insanları gəzir, seçkiyə dəvət edirəm. Cəsarətiniz varsa, ədalətli seçki keçirin, YAP namizədi heç 100 səs toplayan deyil həmin dairədə", - qeyd edib.

Nəsimi Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənməyə çalışacağıq.
 
Xatırlatma
 
Professor Fərhad Mehdiyev 21 saylı Nəsimi birinci seçki dairəsindən namizəddir. Onun YAP-dan rəqibi isə Məlahət İbrahimqızıdır. Məlahət İbrahimqızı 5-ci çağırışdır ki, Parlament seçkilərində iştirak edir. O, indiyədək 4 dəfə deputat olub.