Bakıdan 1000 dollara Avropaya qaçmaq istəyən 200 nəfər saxlanıldı (YENİLƏNİB/FOTO/VİDEO)

Bakıdan 1000 dollara Avropaya qaçmaq istəyən 200 nəfər saxlanıldı (YENİLƏNİB/FOTO/VİDEO)

27-09-2017 15:45 / Bu xəbər 1407 dəfə oxundu

Türkiyənin Çorum şəhərində magistral yolda polis TIR-ı saxlayıb. 

"Qaynarinfo" xəbər verir ki, TIR-ın sürücüsü polisin "saxla" əmrinə tabe olmayaraq qaçmaq istəyib.

Polisin təqibindən qurtula bilməyəcəyini görən sürücü TIR-ı saxlayaraq hadisə yerindən qaçıb. Polisin yük hissəsinə baxışı zamanı 200 nəfər miqrantlar olduğu müəyyənləşib. Onların hamısı Azərbaycan və Əfqanıstan vətəndaşları olub. Hamilə olan bir qadının doğum sancıları erkən başlayıb və polis onu xəstəxanaya çatdırıb.

Onların 1000 dollar qarşılığında Bakıdan Türkiyə vasitəsi ilə Avropaya aparıldığı bildirilir. 

***

Hadisə ilə bağlı Dövlət Gömrük Komitəsi rəsmi açıqlama yayıb. Açıqlamada deyilir: 

"Bu gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikasında fəaliyyət göstərən medya orqanlarına istinadən Türkiyə Respublikasının Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsinin saxlanıldığı, nəqliyyat vasitəsinin qoşqusunda aşkar edilən Azərbaycan Respublikası vətəndaşları və əfqanlardan ibarət 200-dən artıq miqrantın Azərbaycan Respublikasının Bakı şəhərində pul müqabilində nəqliyyat vasitəsinə mindirilərək qeyri-qanuni yollarla Avropaya daşındığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsində aparılan araşdırma zamanı məlum olub ki, yayılan xəbərə əlavə edilən videoda görüntüləri əksini tapan miqrantların daşındığı 34 DH 9435 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə ümumiyyətlə daxil olmayıb. Həmin nəqliyyat vasitəsinin 34 EL 322 dövlət nömrə nişanlı qoşqusu isə sadəcə 1 dəfə, 2010-ci ildə Azərbaycan Respublikası ərazisində olub.

Üstəlik hadisə ilə bağlı Tükiyə Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin hazırladığı daha ətraflı reportajlarda jurnalistlərə müsahibə verən miqrantlar nəqliyyat vasitəsindəki insanların əfqan, tacik, türkmən və özbəklərdən ibarət olduğunu bildirir, xəbərdə Azərbaycan və ya azərbaycanlılardan ümumiyyətlə bəhs olunmur.

Dövlət Gömrük Komitəsi bir daha media qurumları və nümayəndələrinə komitənin fəaliyyət sahələrinə aid olan məlumatların rəsmi mövqe öyrənməklə hazırlanmasını və yayımlanmasını tövsiyyə edir".