Bakının ən ucuz qəsəbəsində söküntü müəmması

Bakının ən ucuz qəsəbəsində söküntü müəmması

05-11-2017 20:05 / Bu xəbər 1729 dəfə oxundu

Suraxanı rayonunun Hövsan qəsəbəsində həyət evlərinin söküləcəyi ilə bağlı məlumatlar yayılıb.

Xəbərə görə qəsəbəboyu bütün həyət evləri sökülərək yerində geniş ərazini əhatə edəcək park salınacaq.

Digər məlumatlara görə isə qəsəbənin yalnız dənizkənarı ərazilərindəki tikililər sökülərək böyük bir  istirahət zonası yaradılacaq. Məsələ ilə bağlı hər hansı sərəncam və ya qərar olmasa da, qəsəbə daxilində bir neçə ay əvvəl gedən siyahıyaalınma insanları təşvişə salıb.

İcra nümayəndələri əsasən qəsəbədə olan bəzi həyət evlərinə gələrək yaşayış yerini qeydiyyata alıblar.Bu da əhali arasında yayılan həmin məlumatların həqiqət olduğuna dair ehtimalları gücləndirir.Əldə etdiyimiz məlumatlara görə bu səbəbdən qəsəbədən köçüb gedənlərin sayı da artıb.Əhali arasında belə bir fikir var ki, söküntü realdır, ancaq plan hələlik gizli saxlanılır.

Hövsan köçürülür?

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdiri Barxudar Barxudarov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, haradasa qanunsuz tikiliyə yol verilən zaman bunun qarşısını almaq cəhdləri olur:

"Mövcud tikililərdən nə söküləni var, nə də sökülməsi nəzərdə tutulur. Belə bir şey yoxdur. Bunların hamısı şayiədir.Konkret ünvan verilsin ki, filan ver söküləcək. Yoxdur və yaxın illər üçün də nəzərdə tutulmur”.

Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilovun sözlərinə görə, bu cür söküntülər olanda əvvəlcə ortada sərəncam olur: "Bu işlər sözlə  olmur. İdarə olaraq nə məlumat, nə də sərəncam var. Pasportlaşma ilə əlaqədar ərazilərdə gəzirdilər və qeydiyyata alırlar. Hər halda rəsmi məlumat olsaydı, biz də bilərdik, bununla bağlı əhalini xəbərdar edərdik”.

2030-cu ilə qədər söküləcək ərazilər...

2030-cu ilə qədər Bakının Regional İnkişaf Planında paytaxtda sökülməsi nəzərdə tutulan konkret ərazilər yer alıb. Bu plan Azərbaycan hökuməti və Dünya Bankının maliyyə vəsaiti hesabına işlənir. Bakı, Sumqayıt və Xırdalanın Baş Planı var. Amma indiyə qədər işlənilən Baş Plan təkcə prinsiplərinə görə yox, həm də ərazi nöqteyi-nəzərindən bir-birindən fərqlənir. Bu ərazilər kompleks baxış tələb edirdi. 

Bu baxımdan, təqdim olunan sənəddə söhbət təkcə Bakıdan getmir. Bu, Bakıətrafı kəndləri, qəsəbələri, eyni zamanda Sumqayıt və Xırdalan şəhərlərini əhatə edəcək. Demək, bütövlükdə Abşeronu əhatə edən bir ərazi planlaşdırma sənədi olacaq. 1550 hektarlıq ərazi memarların təqdim etdiyi konsepsiyaya görə 2030-cu ilə qədər boz mühitdən yaşıl mühitə çevriləcək. Belə ki, "Sovetski"də boşaldılan ərazinin hamısının yaşıllıqla örtülməsi nəzərdə tutulur.

Heydər Əliyev Sarayının arxasındakı Qış bulvarından üzüyuxarı davam edərək Milli Dram Teatrının arxasındakı ərazinin də yaşıllaşdırılması nəzərdə tutulub. Orada memarlıq nümunələrini saxlamaqla canlı park yaratmaq mümkündür. Abşeronda sənaye müəssisələrinin azaldılması nəzərdə tutulub. Böyük Bakının ərazisi təxminən 250-300 min hektar, təkcə Bakının ərazisi isə 210 min hektara qədər ərazi olacaq.

Bunun təxminən yarısı Qaradağ rayonunun ərazisidir.Təbii ki, şəhərin inzibati bölgüsünə də baxmaq lazım gələcək. Çünki vaxtilə Xəzərətrafı zonanın kurort məkanına çevrilməsi planı olub. Həmin ideyanın yenidən dirçəlməsi planı öndə durur.Bakıətrafı kəndlərin indiyə qədər malik olduğu strukturu əsas saxlamaqla onların gələcək inkişafını öz təbii axarına buraxmaq nəzərdə tutulub. Ola bilsin ki, hansısa boş ərazidə - Hövsanda, Dübəndidə və s. ayrıca şəhərcik salmaq mümkündür. 

İnkişaf Planı həyata keçirilən zaman tikinti fəaliyyətini dayandırmamaq məqsədilə Bakının mərkəzi hissəsinin - 1550 hektarlıq ərazisinin Müfəssəl Planlaşdırma Layihəsi hazırlanır. Müfəssəl plan konkret ərazidə hansı hündürlükdə və ölçülərdə, o cümlədən, hansı təyinatlı tikili ola biləcəyini göstərir. Bu, müəyyən mənada reqlament sənədidir. Bu ərazidə 160-170 hektarlıq yaşıllıq, küçə və yolların sahəsinin 30-35 faiz artırılması, həmin ərazidə tarixən formalaşan mədəni-memarlıq mühitinin saxlanılması vacib məsələdir. Çünki şəhərsalmada varisliyin gözlənilməsi çox vacibdir. "Kubinka" adlanan ərazidəki və Bakı Dövlət Sirkinin ətrafındakı tikilillərin  söküntüsü  1 il, 5 il və ya 10 il ərzində nəzərdə tutulur.

Hazırda bu ərazilərin sökülməsi plandadır. İnkişaf Planı və Baş Plan təsdiqlənəndən sonra onların reallaşması üçün müvafiq tədbirlər planı təsdiq olunacaq.

Keşlə qəsəbəsinin sökülməsi isə 2030-cu ilə qədər baş tutacaq. Ola bilsin ki, bəlkə hansısa bir yeni təklif də meydana çıxsın. Ona da müvafiq yanaşmalar ola bilər. Hər halda bütün bu məlumatlarla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev çıxış etmişdi.