Bakının qurtuluşu – 100

Bakının qurtuluşu – 100

13-09-2018 10:11 / Bu xəbər 2187 dəfə oxundu

Yadigar Sadıqov

Özünü Milli Şura elan edən Zaqafqaziya seyminin müsəlman fraksiyası 1918-ci ilin mayın 28-də Azərbaycanın İstiqlaliyyət Bəyannaməsini qəbul etdi. Bəyannamənin ilk maddəsində Azərbaycan Cümhuriyyətinin ərazisinin Cənubi Qafqazın cənub və şərq ərazilərindən ibarət olduğu göstərilirdi.

Lakin bu ərazinin əhəmiyyətli hissəsi - Xəzər dənizinin Qubadan Astaraya qədər bütün sahilboyu əraziləri Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin əsarəti altında idi. Əvvəlcə yalnız Bakı və Abşeron yarımadasına nəzarət edən bu yarımhərbi xunta mart-aprel aylarında həmin əraziləri tutmuş, bir çox yerdə dinc müsəlman əhaliyə qarşı kütləvi qətliamlar törətmişdi.

Təsadüfi deyil ki, hələ müstəqilliyin elanına qədər milli hərəkatın liderləri Bakı Sovetinə qarşı mübarizəni ən mühüm vəzifə hesab edirdilər. Çar Rusiyasında müsəlmanlar üçün orduda xidmət məcburi olmadığından, Azərbaycanın hərbi potensialı olduqca zəif idi və əsasən bir neçə yüz zabit heyətindən ibarət idi. Məhz bu səbəbdən yardım üçün Türkiyəyə müraciət etmək ideyası yarandı.

İstiqlaliyyətin elanından bir həftə sonra, iyunun 4-də Batumda Osmanlı imperiyası üç Cənubi Qafqaz dövlətinin hər biri ilə ayrı-ayrılıqda "Sülh və dostluq haqqında" müqavilə imzaladı (Polşa tarixçisi, Cənubi Qafqaz üzrə mütəxəssis Tadeuş Svetoxovski qeyd edirdi ki, müqavilənin adındakı "dostluq" sözünü yalnız Osmanlı-Azərbaycan münasibətlərinə aid etmək olardı).

Osmanlı tərəfindən Ədalət (ədliyyə) naziri Halil Menteşe və 3-cü ordunun komandanı Mehmet Vehib paşanın, Azərbaycan tərəfindən isə Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadənin və xarici işlər naziri Məmməd Həsən Hacınskinin imzaladığı müqavilənin IV maddəsi Azərbaycan tərəfinin istəyəcəyi halda Osmanlının "daxili intizam və asayişin təmini üçün gərəkli silahlı qüvvəylə" yardım etməsini ehtiva edirdi.

Bu zaman Bakı Sovetinin rəhbərliyi Azərbaycan istiqlalının elanını və hələ Tbilisidə yerləşən milli hökumətin ilk diplomatik addımlarını təşvişlə izləyirdi. Hökumətə hərbi hissələr yaratmağa imkan verməmək məqsədilə Sovetin hərbi-dəniz komissarı Qriqori Korqanov iyunun 12-də Gəncə istiqamətində hücuma başlamaq əmri verdi.

Daha öncə, iyunun 6-da isə Şaumyan Gürcüstan parlamentinin sədri Noy Jordaniyaya məktub göndərərək Azərbaycana köməyə gələ biləcək türk dəstələrini öz ərazilərindən buraxmamaqlarını tələb etdi. Digər tərəfdən, Brest-Litovsk sülh müqaviləsinin bağlanmasından sonra bolşevik Rusiyası ilə yaxşı münasibətlərə malik Almaniya da türklərin azərbaycanlılara yardım göstərməsini istəmir, bunun Brest-Litovsk müqaviləsinin şərtlərini pozacağını iddia edirdi.

Problemin öhdəsindən təkbaşına gələ bilməyəcəyinə əmin olan Xoyski hökuməti isə artıq türklərə müraciət etmişdi. Yardıma tələsən 5-ci Qafqaz diviziyasının (komandan Mürsəl paşa) yolunu iyunun 10-da Borçalıda birləşmiş alman-gürcü qüvvələri kəsdilər.

Sayca üstün olan türklər qısa toqquşmadan sonra bu qüvvələri tərkisilah edərək yoluna davam etdilər. Beləliklə, hələ davam edən Birinci cahan savaşı zamanı dörd il müttəfiqlik edən Türkiyə və Almaniya Azərbaycan məsələsində ixtilaf yaşadılar. Baş verən insidentdən incik düşən Gürcüstan hökuməti isə Azərbaycan hökumətinin Tbilisini tərk etməsini istədi.

İyunun 16-da Gəncəyə köçən hökumət dərhal ciddi böhranla üzləşdi. Belə ki, yerli kapitalistlərin və mülkədarların xeyli hissəsi üçün Milli Şuranın - dolayısıyla orada əksəriyyət təşkil edən Müsavat Partiyasının - ideyaları və islahatları həddən artıq inqilabi idi. Onlara Türkiyənin monarxist və feodal ictimai quruluşu daha yaxın idi. Buna görə də onlar arasında tezliklə "ilhaqçılıq" - Azərbaycanın Türkiyəyə birləşməsi ideyası populyarlaşdı.

Azərbaycandakı türk qoşunlarının Baş komandanı Nuri paşaya, bütün xidmətləri müqabilində, "böyük qardaş" ədaları yad deyildi. Buna görə də "ilhaqçılıq" ideyalarına isti yanaşırdı. Paşa Milli Şuranın və hökumətin buraxılmasını, bütün hakimiyyətin öz əlində cəmlənməsini istəyirdi. Lakin Azərbaycan liderləri, xüsusən də sonralar sovet tarixşünaslığının qatı pantürkçü kimi qələmə verəcəyi müsavatçılar üçün müstəqillik və suverenlik ideyaları sarsılmaz, ilhaqçılıq qəbuledilməz idi.

Qızğın mübahisələrdən sonra kompromis əldə olundu: Fətəli xan Xoyskinin rəhbərliyi ilə yeni hökumət yaradılır (bu zaman bəzi kadr təyinatlarında Nuri paşanın da fikirləri nəzərə alınır, hərbi nazirlik ləğv edilir), Milli Şura isə öz fəaliyyətini dayandırırdı. Baş verən hadisə, əlbəttə, demokratiyanın mühafizəkarlar qarşısında geri çəkilməsi idi, lakin Bakının azad olunması üçün kompromisin alternativi yox idi.

Bu zaman isə Avetisyan, Qazaryan və Amazaspın rəhbərlik etdikləri Sovet qoşunları Gəncə istiqamətində irəliləməkdə davam edirdilər. Hücum yerli əhaliyə qarşı zorakı hərəkətlərlə müşayiət olunurdu. Hətta Bakı Soveti sədrinin oğlu Suren Şaumyan sonralar bunu etiraf edəcəkdi: "Yerli əhaliyə həqarətli davranış, müsadirələr və düşmənin xeyrinə casusluq bəhanəsilə, əslində isə azərbaycanlılara nifrətdən doğan arasıkəsilməz edamlar səbəbindən onlar (erməni komandirlər - Y.S.) sovet hökumətinə qarşı yalnız mənfi münasibət doğura bilərdilər".

Tadeuş Svetoxovski də qarət, zorakılıq və edamlarla müşayiət olunan hərbi yürüşün "kəndlilər arasında bolşeviklərə rəğbətin ən kiçicik təzahürünü belə məhv etdi”yini yazırdı.

Milli hökumət cümhuriyyətin müdafiə qabiliyyətini gücləndirmək üçün Osmanlı dövlətinə müraciətdən savayı da addımlar atırdı. İyunun 23-də ölkə ərzisində hərbi vəziyyət elan edildi, 26-da ilk "əlahiddə Azərbaycan korpusu" yaradıldı, avqustun 11-də ümumi səfərbərlik elan edildi: 1894-1899-cu illər təvəllüdlü bütünü müsəlman kişilər orduya çağrıldı. Eyni zamanda ölkədəki osmanlı qüvvələrinin də sayı hissə-hissə artırılırdı.

Nuri paşa Vehib paşaya məktubunda azərbaycanlılar barədə yazırdı: "Əsgərliyə getmək istəyən çox insan olsa da, paltar, silah, sursat yoxdur". Paşa silah-sursat, paltarla yanaşı gənc Azərbaycan əsgərlərinə hərbi təlim keçmək üçün gərəkən sayda kiçik zabit heyətinin göndərilməsini istəyirdi.

Mənbələr döyüşən tərəflərin sayı barədə müxtəlif, lakin elə də fərqlənməyən rəqəmlər səsləndirirlər. Görünür, hərbi əməliyyatların başlanğıc mərhələsində üstünlük Sovet qoşunları tərəfdə olub. Yalnız Bakıya son hücum ərəfəsində daha bir qrup Osmanlı qoşun dəstələrinin gəlməsi və səfərbərlik sayəsində Azərbaycan qüvvələrinin artması nəticəsində qüvvələr arasında tarazlıq yarandı.

Hər iki tərəfdən döyüşənlərin sayı 18 minə yaxınlaşırdı. Lakin sərəncamında aeroplanlar, zirehli qatarlar olan Bakı Soveti texniki baxımdan üstünlüyə malik idi. Lakin türklər daha böyük hərbi təcrübəyə, azərbaycanlılar isə doğma torpaqların azad olunması arzusuna malik idilər. Müsavatın Bakıdakı strukturları tərəfindən toplanan kəşfiyyat məlumatları da Qafqaz İslam Ordusuna xeyli kömək edirdi.

Hərbi əməliyyatların gedişində dönüş 27 iyun - 1 iyul tarixində Göyçay ətrafında gedən dördgünlük savaşda baş verdi. Şiddətli döyüşlərdən sonra Sovet qoşunlarının hücumu durduruldu və onlar müdafiəyə keçmək məcburiyyətində qaldılar. Bu andan etibarən tərəflər artıq Bakı istiqamətində hərəkətə - Qafqaz İslam Ordusu irəliləməyə, bolşeviklər geriləməyə başladılar.

Şaumyanın Moskvaya təlaş dolu müraciətinə cavab olaraq Qriqori Petrovun dəstəsi və bir qədər də hərbi sursat göndərildi. Getdikcə ağırlaşan vəziyyət komissarları ideoloji düşmənçiliyi unudaraq milli-dini yaxınlığa üstünlük verməyə vadar etdi. Ağqvardiyaçı polkovnik Lazar Biçeraxovun 1,5 minlik dəstəsi də Bakının müdafiəsinə cəlb edildi.

Lakin bütün bunlar Bakı Sovetinə cəbhədəki vəziyyəti sabitləşdirmək imkanı vermədi. İyulun 20-də Bakı istiqamətindəki ən böyük şəhər - Şamaxı azad edildi. Avqustun 2-də Biləcəri ələ keçirildi. Avqustun 3-də Mürsəl paşa Bakıdakı Erməni Milli Şurasına ultimatum göndərdi. Ultimatumda şəhərin könüllü təslim olacağı halda milliyyətindən və dinindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyinə təminat verilirdi.

"Müqavimətin davam edəcəyi halda şəhər onsuz da alınacaq, bu zaman tökülən qanlara və dəyən ziyana görə məsuliyyət sizin üzərinizə düşəcək", - deyə sənəddə qeyd edilirdi. Lakin Erməni Milli Şurasının rəhbərliyi ultimatuma cavab vermədi.

Yalnız mürəkkəbləşən beynəlxalq vəziyyət ucbatından Bakının qurtuluşu xeyli ləngidi. Rusiyanın bolşevik rəhbərliyi Bakının müdafiəsinə hərbi kömək edə bilməsələr də, Almaniya ilə danışıqlara başladılar. Sonuncunun öz müttəfiqləri Türkiyəyə təzyiqi nəticəsində Qafqaz İslam Ordusu Bakıya son hücumu təxirə salmalı oldu.

Avqustun 27-də Berlində Almaniya və Rusiya arasında Brest-Litovsk müqaviləsinə əlavə olaraq məxfi razılaşma imzalandı. Sənədin 14-cü maddəsinə əsasən, Almaniya Bakının üçüncü dövlət (Osmanlı imperiyası nəzərdə tutulurdu) tərəfindən alınmasına imkan verməyəcini öhdəsinə götürürdü. Bunun əvəzində isə Rusiya Bakıda hasil olunan neftin 1/4 hissəsini Almaniyaya pulsuz verəcəkdi.

Məxfiliyinə baxmayaraq, razılaşma haqqında məlumat tezliklə İstanbula çatdı. Bu zaman Osmanlı paytaxtında olan Azərbaycan nümayəndə heyəti (Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdskidən ibarət) xəbərə sərt reaksiya verdilər. Yerli qəzetlərin birinə müsahibə verən Rəsulzadə qeyd etdi ki, Bakının qaytarılmasından imtinadan söhbət belə gedə bilməz: "Bakısız Azərbaycan - başsız bədən kimidir".

Qeyd etmək lazımdır ki, razılaşmanın Bakıya aid hissəsinin icrası onsuz da mümkünsüz idi, çünki bolşeviklər bu zaman Bakıya nəzarəti artıq itirmişdilər. Bakı Sovetinin 25 iyul tarixli iclasında İranda yerləşən ingilis qüvvələrinin Bakıya dəvət olunması təklifi 259 səs lehinə, 236 səs əleyhinə olmaqla qəbul edildi. Bu üzdən iyulun 31-də Şaumyanın rəhbərlik etdiyi Xalq Komissarları Soveti istefa verməyə məcbur oldu. Hakimiyyət Sentrokaspi diktaturası deyilən qurumun əlinə keçdi. Bu qurum isə eserlər, menşeviklər və daşnaklardan ibarət idi.

Komissarlar avqustun 16-da "Ərdahan" paroxodu ilə Həştərxana doğru yola düşdülər. Lakin Sentrokaspi diktaturasının hərbi gəmiləri onlara çataraq geri qayıtmağa məcbur etdilər. Bakıda komissarlar "xalq pulunun məsrəfi barədə hesabat vermədən qaçmaq cəhdində, ölümcül təhlükə qarşısında cəbhəni tərk etməkdə, müdafiə üçün zəruri silah-sursatı özləri ilə aparmaqda" ittiham olunaraq həbs edildilər.

Bir qədər irəliyə gedərək söyləyim ki, Bakının azad olunması ərəfəsində komissarları həbsxanadan buraxdılar və onlar limandan ayrılan son gəmiyə, "Türkmən"ə yetişə bildilər. Lakin gəmi hələ də mübahisəli olan səbəblər üzündən Həştərxana deyil, Krasnovodska yan aldı. Burada isə onlar eserlərdən ibarət yerli hökumət tərəfindən həbs olundular, Bakını azərbaycanlılara təslim etməkdə günahlandırılaraq edam edildilər.

Avqustun əvvəllərində general Denstervilin komandanlığında 1000 nəfərdən ibarət ingilis hərbi dəstəsi Bakıya gəldi. İngilislərin sayının azlığı onları dəvət edənlərdə məyusluq yaratdı. Denstervil də şəhərin müdafiə imkanlarına və əsasən daşnaklardan ibarət dəstələrin döyüş qabiliyyətinə heyran olmadı. O, əmin idi ki, mövcud qüvvələrlə və yerli əhalinin düşmən münasibəti fonunda şəhəri müdafiə etmək mümkün olmayacaq.

Yaranmış çətin vəziyyətdə Azərbaycan liderləri həsəd aparılacaq inadkarlıq və əzm nümayiş etdirirdilər. Gürcüstan parlamentinin üzvü, tərəflər arasında barışıq yaratmağa cəhd edən İsidor Ramişvili uğursuzluğa düçar olandan sonra qeyd edirdi ki, türklərlə bəlkə də kompromis mümkündür, lakin azərbaycanlılar Bakı məsələsində heç bir güzəşt barədə eşitmək istəmirlər.

Rəsulzadə İstanbuldan xarici işlər naziri Hacınskiyə göndərdiyi teleqramda yazırdı: "Nəyin bahasına olursa olsun, Bakı tezliklə tutulmalıdır... Bakıya doğru hərəkət yalnız Azərbaycan adından olmalıdır, şəhəri Azərbaycan hökuməti tutmalıdır. Başqa cür olarsa, çətinliklər yarana bilər". Növbəti məktubunda Müsavat başqanı vurğulayırdı: "Əgər Bakı alınmazsa, hər şey bitdi. Əlvida, Azərbaycan!"

Sentyabrın 12-də Rəsulzadə Azərbaycan hökuməti adından İstanbuldakı alman səfirliyinə nota təqdim edərək 27 avqust razılaşmasına etiraz etdi. Bakının Azərbaycan və azərbaycanlılar üçün əhəmiyyəti sadalanan notanın sonunda bildirilirdi : "Bütün bu məlum səbəblərə görə...Azərbaycan əhalisi Bakını geri qaytarmaq arzusundan heç bir zaman əl çəkə bilməz. Bu məsələ Azərbaycan üçün yalnız ərazi məsələsi deyil, ölüm-dirim məsələsinə çevrilmişdir".
Qeyd etmək lazımdır ki, bu zaman artıq almanlar da Rusiyanın Bakı üzərində nəzarəti itirdiyini və Bakı neftindən heç bir pay almayacaqlarını anlayırdılar. Bu səbəbdən onlar da türkləri durdurmaq marağını itirdilər. İndi onlar hətta qələbəyə şərik olmaq üçün hərbi yardım təklif etdilər, lakin bunu həm türklər, həm də azərbaycanlılar rədd etdilər.

Sentyabrın 15-də, Qurban bayramı günü Qafqaz İslam Ordusu səhər tezdən Bakıya doğru həlledici hücuma başladı. Müdafiəçilərin vəziyyəti getdikcə ağırlaşırdı. Vəziyyətin çıxılmazlığını anlayan Denstervil dəstəsi gəmilərinə minərək şəhəri tərk etdi. Axşama doğru müqavimət sındırıldı və Qafqaz İslam Ordusunun azərbaycanlılardan ibarət hissələri şəhərə daxil oldu.

Rəsulzadə bu şad xəbəri Osmanlı dövlətinin hərbi naziri Ənvər paşadan aldığını xatırlayır: "Paşa həzrətləri telefonda dedi: "Əmin bəy, Bakı alındı" Bu qısa xəbərin məndə yaratdığı təəssüratı təsvir etməyim imkansızdır".

Cümhuriyyətin baş naziri Fətəli xan Xoyski isə yazırdı: "Bizim də azad yaşamaq hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, tikanlı məftil, mina və digər texniki qurğu, heç bir ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər".

Bir qədər sonra Azərbaycan parlamentinin sədri seçiləcək Əlimərdan bəy Topçubaşov Osmanlının yardımının həlledici əhəmiyyətini vurğulayırdı: "Türk sərkərdə və əsgərlərinin, dövlətimizin paytaxtı olan Bakının azad edilməsi uğrunda apardığı və uğurla başa çatdırdığı qəhrəmanlıq mübarizəsi bizi Azərbaycanın müstəqilliyinin təminatına həmişəlik olaraq inandırır və arxayın edir”.

İstiqlaliyyət elanından sonra Bakının qurtuluşu gənc cümhuriyyətin tarixində ən böyük nailiyyət idi. Bu hadisənin əhəmiyyətini layiqincə qiymətləndirməmək mümkün deyil. Bakı və Xəzərsahili digər ərazilərdə yaşayan yüzminlərlə insan əsarətdən və mümkün ölümdən qurtuldu, müstəsna siyasi, iqtisadi, mədəni əhəmiyyəti olan şəhər Vətənin ağuşuna qaytarıldı.

Tamamilə mümkündür ki, 15 sentyabr zəfəri olmasaydı, bu gün Bakı Azərbaycanın deyil, Rusiyanın tərkibində olardı. Türkiyə xalqının xidmətləri və qurbanları (1000 nəfərdən artıq zabit və əsgərin həlak olduğu ehtimal edilir) qarşısında baş əyməklə yanaşı qeyd etmək lazımdır ki, məhz Azərbaycan xalqının fədakarlığı, onun liderlərinin iradəsi və qətiyyəti Bakının qurtuluşunda həlledici rol oynadı.

Məhz onlar üç böyük dövlətin - Böyük Britaniya, Rusiya və Almaniya - müqavimətinə baxmayaraq, təlimsiz Azərbaycan əsgərinin vətənsevərliyinə və fədakarlığına, eləcə də Türkiyənin qardaş yardımına istinad edərək mümkünsüzə nail oldular. 5 mindən artıq əsgər və könüllü Vətənin ərazi bütövlüyü və Azərbaycan silahının şərəfi naminə canlarını qurban verdilər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını və əməyini verən hər bir kəsə sonsuz ehtiramla!

Meydan TV