Balaca Qara Balıq

Balaca Qara Balıq

20-11-2019 17:22 / Bu xəbər 295 dəfə oxundu

Məmməd Süleymanov

Səsvermə məntəqələri açılan dəqiqələrdə Səməd Behrənginin "Balaca Qara Balığ”ını oxuyurdum. Ziddiyyəti ifrata çatdırmaq, katarsis üçün. Heç olmasa onun üçün ki, bu ilin bu gününü yadıma salanda təsəvvürümdə Behrəngi canlansın.

Yox, bu, reallıqdan qaçış cəhdi deyildi. Bu, reallığı daha güclü hiss etmək cəhdiydi. Kafkasayağı: "Elə bir nöqtə var ki, ondan dönüş mümkün deyil. O nöqtəyə çatanlar azaddır”.

Arxın sonunu tapmaq istəyən Balaca Qara Balıq sonda dənizə gedib çıxır. Orada da həlak olur. Nahaq yerə Behrənginin bu obrazını "Dünyanın ən devrimçi balığı” adlandırmırlar. Türkiyədə 12 sentyabr çevrilişindən sonra bu əsər qadağan olunub. İranda isə bu gün də qadağandır.

O Balaca Qara Balığı necə hoydu-hoyduya salıb yolundan daşındırmaq istəyirdilər! - anası, qonşular, bütün yaşlılar. Onunla getmək istəyən başqa balıqlar isə "Təhlükəli olmasaydı, biz də qoşulardıq” deyirlər. Sonunda Balaca Qara Balıq yola tək çıxır. Çünki, çıxmaya bilməzdi.

Bu əsər uşaq ədəbiyyatıdır, həm də hər yaş üçündür. Bu janrda o, Sent-Ekzüperinin "Balaca Şahzadə”si ilə bərabər çox-çox qiymətlidir.

Ancaq bütün bunlar referendumu yadımdan çıxara bilərmi? 18 martın səhər saatlarında Behrəngini məhz referenduma görə xatırlamadımmı? Çoxdan çirklənmiş, üfunətli arxda mövcudluğundan fəxarət duyan azəri toplumu ilə müqayisədə Behrənginin cızdığı balıq sürüsü daha kamil görünmürmü? (Həmişə inanmışam ki, deqradasiyadan deqradasiyaya fərq var). Və bu gün itaətə, daimi boyunduruğa, qul statusunu yenidən legitimləşdirməyə ya sükutla, ya maaş almağa gedirmiş kimi, ya biganə, ya da donquldanaraq gedənlərə Behrənginin "Onsuz da hamımız öləcəyik. Ancaq baxır necə...” sözlərini xatırlatmaq "bozbaş müğənnisi”ndən muğamat istəməyin oxşarı deyilmi?

Varqas Lyosanın Dominikan diktatoru Truxilyodan bəhs edən "Keçinin bayramı” əsərinin Azərbaycanla bu qədər səsləşəcəyinə 15-20 il əvvəl heç kimi inandırmaq olmazdı. O vaxt ki, çoxları özlərini Balaca Qara Balığa bənzədib arxda oturub dənizdən danışırdı. Ancaq o, yerdəyişməsiz bir trayektoriya idi. Artıq hər yer çəpərlənib və yaşlılar balacaları istənilən arzunun və hərəkətin təhlükəli olduğuna inandırmağa çalışırlar.

O Balaca Qara Balıq haqda qoca bir balıq nəvələrinə danışırdı. Bu, tarixi yaddaşdır, devrimçiləri yaşatmaqdır, balacalara nümunə verməkdi. Bizdə heç vaxt bu cür nümunələr nağıllaşmayıb və yaddaşlara köçürülməyib. Bu da bu günümüzün bir səbəbidir.

Keçmişini unutmağa çalışan, bu günününü təhlil etməyən və sabahdan heç nə gözləməyən toplum nəinki mövcud ola bilərmiş, hələ üstəlik bu cür mövcudluğa etiraz etməyib onillərlə yaşayarmış da. Heç nəyi olmayanlar başqalarından daha erkən səsverməyə gedərmiş - bilərək ki, səs verməklə öz lümpenliyinin müddətini uzadır. Səsverməyə getməyən getməməklə işini bitmiş sayarmış. Və onların da üzərində demonik bir qüvvə ki, işi-gücü yalan, nəfəsi saxtakarlıq, bildiyi həqiqətsə - dolanışıq səviyyəsinin yalanının səviyyəsi ilə düz mütənasibliyidir.

Göbbels "Fürer desə ki, 2 dəfə 2 daha 4 eləmir, deməli eləmir” yazan vaxt Corc Oruell "Azadlıq - 2 dəfə 2-nin dördə bərabər olduğunu söyləyə bilməkdədir” yazırdı. Həmişə demişəm ki, Oruell böyük realistdir.

***

Nə vaxtsa Haitidə diktator ata-Düvalyenin prezident seçkilərində bülletendə böyük hərflərlə onun, zərrəbinlə görünəcək ölçüdə isə rəqiblərinin adları göstərilərmiş.

İndi bizdə əsas bənd 41 bəndin arasında "həll edilib”. Demokratiya yəqin buymuş.

***

Və "Balaca Qara Balıq”dan - onun final hissəsi:

"Yaşlı balık masalını bitirdi ve on iki bin yavrusuna ve torununa: 
- Artık yatma vakti çocuklar. Gidip yatın bakalım. 
Çocuklar ve torunlar: 
- Büyükanne, minik balığa ne olduğunu söylemedin. 
Yaşlı balık: 
- O da yarın akşama kaldı. şimdi yatma vakti. İyi geceler. 
On bir bin dokuz yüz doksan dokuz küçük balık "İyi geceler” dileyerek yatmaya gitti. Büyükanne de uykuya daldı. Ama küçük bir kırmızı balık ne yaptı ne ettiyse de uyuyamadı. Sabaha kadar denizi düşündü hep...”

Səhərədək yatmayıb dənizi düşünən o balaca qırmızı balığın yetişməsi üçün Balaca Qara Balığın ölümü və qoca balığın nəvələrinə hekayət danışması gərəkdir...

18 mart 2009.

Redaksiyadan: Arqument.Az Məmməd Süleymanovun 2009-cu ildə referendumla bağlı yazısını yenidən oxuculara təqdim edir.