"Bankların durumu ağırdır" - Ekspertlərdən açıqlama

13-12-2016 17:45 / Bu xəbər 1864 dəfə oxundu

"Bank sektoru həssas olduğu üçün hökümət ehtiyatlı davranmağa üstünlük verir"

Bunu Toplum Tv-yə iqtisadçı ekspert Natiq Cəfərli neft qiymətlərinin aşağı enməsi ilə bağlı məsələni şərh edərkən deyib.
Onun sözlərinə görə, son 2 ildə neft gəlirlərindən asılılığın azaldılması üçün ciddi addımlar atılmadır: "Manatın devalvasiyasının - dəyərdən düşməsinin sürəti artdı. Cari ilin dekabr ayına qədər təqribən 15 faiz manat dəyərdən düşüb. "Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanda bank sektorundakı ciddi problemlər olduğunu əsas gətirərək manatın gələcəkdə daha da dəyərdən düşməsi və bank sektorunda ciddi təmərküzləşmə prosesini baş verəcəyi ehtimallarını irəli sürür. Düşünürəm ki, bu, doğru yanaşmadır. Çünki bank sektorunda təmərküzləşmə, bəzi bankların birləşdirilməsi, bəzilərinin isə bağlanması prosesi başa çatmayıb. Bank sektoru həssas olduğu üçün hökümət ehtiyatlı davranmağa üstünlük verir. Hələ də süni şəkildə ayaqda qalmağa çalışan bankların fəaliyyətində ciddi problemlər var. Ajiotajın böyüməməsi üçün bank sektorundakı problemli bankların gələn ilə qədər bağlanması və ya birləşdirilməsi gözlənilir. 2017-ci il bank sektoru üçün ağır keçəcək". 

Milli Məclisin deputatı Vahid Əhmədov isə bildirib ki, bankların hazırkı fəaliyyətinin ürəkaçan olmadığını Milli Məclisdə iclaslar zamanı mütəmadi olaraq qeyd ediblər: "İstər bankların kapitallaşması, istərsə də sağlamlaşdırılması məsələsini prezident İlham Əliyev bu məsələlərin vacibliyini vurğulayıb. Lakin bu proses gec gedir, çünki banklarda xüsusilə ikinci devalvasiyadan sonra kapitallaşmada problemlər yaranıb. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülməsi planlaşdırılır. Kapitallaşma Azərbaycanın banklar sektorunda ciddi problemdir. Beynəlxalq agenliklərdə həmişə ikili standartlar olsa da, banklarla bağlı məsələdə verdiyi proqnoz müəyyən mənada razılaşmaq olar. Hesab edirəm ki, bank sektorundakı problemlərin tez bir zamanda həlli tapılmalıdır".
Картинки по запросу Vahid Əhmədov
Qeyd edək ki, "Fitch” beynəlxalq reytinq agentliyinin 2017-ci ilə üzrə MDB və Gürcüstanın bank sektorlarına dair yeni açıqlanan proqnozunda Qazaxıstan, Azərbaycan və Belarusun milli valyutaları kəskin devalvasiya ilə üzləşdiyini qeyd olunub. 

Adıçəkilən ölkələrdə xarici valyuta ilə kreditləşmə olduqca yüksək səviyyədədir. Tənzimləyicilər bankların aktivlərini yenidən qiymətləndirməli və bankların kapitallaşmasına nail olmalı olduğu vurğulanıb.Agentliyin mütəxəssisləri qeyd edir ki, Azərbaycan banklarının kapitalına və likvidliyinə təzyiq mövcuddur. Buna səbəb aktivlərin keyfiyyətinin pisləşməsidir.

"Ciddi kapital defisiti və zərərləri nəzərə alaraq Azərbaycan banklarının maliyyə çətinliyi ilə üzləşəcəyini proqnozlaşdırırıq. Yaranmış vəziyyətdə sektorda "təmizləmə"nin davam edəcəyini düşünürük”, - məlumatda deyilir.

Ofelya Ramilqızı