Baş nazirin iki müavininə “qara xəbər” - Şərifovla Əfəndiyev ixtisara düşür

Baş nazirin iki müavininə “qara xəbər” - Şərifovla Əfəndiyev ixtisara düşür

28-09-2016 15:19 / Bu xəbər 1485 dəfə oxundu

Baş nazirin müavinlərinin sayı azaldılacaq. Bu barədə Qaynarinfo.Az-a məlumatlı mənbədən bildirilib.

Mənbənin dediyinə görə, 26 sentyabr referendumunda Konstiutusiyaya edilən dəyişikliklər nəticəsində yaradılacaq vitse-prezidentlər postu hökumət kabnetində də müəyyən reformlara yol açacaq. Söhbət baş nazirin müavinlərinin sayının azaldılmasından gedir. 

"İxtisara düşəcək müavin postlarının hazirki sahibləri isə Abid Şərifovla Elçin Əfəndiyevdir. Onların səlahiyyətlərinin bir qismi digər müavinlər arasında bölüşdürüləcək, bir qismi isə ümumiyyətlə ləğv olunacaq”, - deyə qaynağımız iddia edib. 

Mənbə onu da deyib ki, Azərbaycanda Nazirlər Kabinetinin ümumiyyətlə ləğvi real görünmür. "Bəziləri düşünürlər ki, bizdə yeni yaradılacaq vitse-prezidentlik institutu özünü doğrultduqdan sonra gələcəkdə Nazirlər Kabinetinin ləğvi məsələsinə baxıla bilər. Bu bir o qədər ağlabatan deyil. Vitse-prezidentlik institutunun özünü doğrultduqdan sonra gələcəkdə Nazilər Kabinetinin buraxılacağı yönündə mətbuatda yer alan məlumatlar, ekspert rəyləri real səslənmir. Bununla belə, hökumət kabinetinin optimallaşdırılacağı kifayət qədər real məsələdir. Bu sıraya bəzi nazirlik və dövlət komitələrinin birləşdirilməsi və ya ümumiyyətlə ləğvi ilə bərabər, baş nazir müavinlərinin sayının azaldılması da daxildir”, - deyə mənbəmiz əlavə edib. 

Qeyd edək ki, hazırda baş nazirin 6 müavini var. Bunlardan biri birinci müavindir (Yaqub Eyyubov). Digər müavinlər isə Elçin Əfəndiyev, Əli Əhmədov, eyni zamanda Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olan Əli Həsənov, İsmət Abbasov və Abid Şərifovdur. 

Doğrudur, Ə.Həsənovun müavin postunun da ləğv edilə biləcəyi yönündə iddialar dolaşır, amma mənbəmiz bildirir ki, hazırda Elçin Əfəndiyevlə Abid Şərifovun işsiz qalma ehtimalı daha yüksəkdir.  

Hazırda 76 yaşı olan Şərifov nə az, nə çox düz 21 ildir bu postu tutur. Əfəndiyev isə 73 yaşındadır və o da 20 ilə yaxındır bu vəzifəni daşıyır. 

Yayılan xəbərdən belə başa düşmək olar ki, təqaüd yaşı çoxdan ötmüş bu iki yüksək çinli məmur artıq istirahətə göndərilir. 

Arqument.Az