Baş Prokurorluq deputatı yalanladı

Baş Prokurorluq deputatı yalanladı

13-06-2017 18:17 / Bu xəbər 1401 dəfə oxundu

Azərbaycan Respublikası Baş Prokurorluğu deputat Elman Nəsirovun dediklərini yalanlayan bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirovun Əfqan Muxtarlının Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində Tbilisidə tutularaq Azərbaycana gətirilməsi barədə kütləvi informasiya vasitələrinə verdiyi informasiyalar həqiqəti əks etdirmir: 

"Bəyan edirik ki, Azərbaycan hüquq mühafizə orqanları Gürcüstan xüsusi xidmət və digər hüquq mühafizə orqanları ilə Ə.Muxtarlının tutulması ilə bağlı əməkdaşlıq etməmiş və bu barədə Gürcüstan tərəfinə hər hansı müraciət olunmamışdır".

Bəyanatda  deyilir ki,ilkin istintaq araşdırmalarına əsasən Azərbaycan Respublikasının vətəndaşı Əfqan Muxtarlı 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb: 

"Əfqan Muxtarlının xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Tbilisi şəhərində tutularaq Azərbaycan tərəfinə təhvil verilməsi barədə ayrı-ayrı kütləvi informasiya vasitələrində yaydığı məlumatlar uydurma xarakter daşıyır və ictimai rəyi çaşdırmaq məqsədi güdür.Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq davam etdirilir".

Jurnalist Ə.Muxtarlı mayın 29-da oturum icazəsi  aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. 

O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.