Baş Prokurorluq Orduxan Temirxana cinayət işi açdı

Baş Prokurorluq Orduxan Temirxana cinayət işi açdı

07-12-2018 17:36 / Bu xəbər 1361 dəfə oxundu

Baş Prokurorluq blogerə qarşı cinayət işi açıb

Hollandiyada yaşayan bloger Orduxan Teymurxan oğlu Bəbirov barədə həbsli axtarış qərarı çıxarılıb. 

Məhkəmə bu qərarı prokurorluğun təqdimatı əsasında verib.

Bu barədə Azadlıq Radiosuna prokurorluqdakı mənbədən bildirilib.

Məlumatda deyilir ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində mühacirətdə olan bir sıra fəallar, o cümlədən sosial şəbəkələrdə "Orduxan Teymurxan" adıyla tanınan O.Bəbirov haqqında da cinayət işi başlanıb. 

Onun haqqında həbsli axtarış qərarının çıxarılması üçün prokurorluq Nəsimi Rayon Məhkəməsinə müraciət edib: "Noyabrın 29-da Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova bu işə baxıb və qərar çıxarıb".

Orduxan Teymurxan təqsirləndirilən şəxs qismində tanınıb və ona qarşı CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 220.2 (kütləvi iğtişaşlara, hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamağa çağırışlar etmə), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar - təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsindən məlumatı Azadlıq Radiosuna təsdiqləyiblər.

Blogerin ittiham olunduğu maddələrdə terrorçuluğa açıq çağırışa görə 5 ilə qədər, kütləvi iğtişaşlara çağırışa görə 3 ilə qədər, dövlət əleyhinə yönəlik çağırışlara görə isə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Orduxan Teymurxan Meydan TV-yə deyib ki, Azərbaycan hakimiyyətinin addımını absurd hesab edir.

O bildirib ki, hökumətin yaxınlarına qarşı qanunsuzluqları və özbaşınalıqlarından sonra bir sıra kampaniyalar aparıb: "Hətta Avropa ölkələrində bəzi təbliğatçılarını üstümə salsalar da, əhəmiyyətsiz olduğunu gördülər. İndi məni terrorda günahlandırmağın məqsədi zərərsizləşdirməkdir. Bilirlər ki, məni yalnız zərərsizləşdirməklə dayandırmaq mümkündür. Amma ittiamlar qeyri-ciddi səciyyə daşıyır, çünki 20 ildir Hollandiya vətəndaşıyam və heç zaman Azərbaycan vətəndaşı olmamışam. Niderland Azərbaycandan fərqli olaraq qanunların şah olduğu dövlətdir. Hətta Azərbaycan hakimiyyəti rəsmi olaraq İnterpola müraciət etsə və Niderlandın hüquq-mühafizə orqanları ilə əlaqə qursa, məni ekstradisiya etmək mümkün deyil. Çünki mənim Azərbaycanla rəsmi olaraq heç bir əlaqəm yoxdur”.

O.Teymurxan bildirib ki, bölgə polis bölməsinə getməyə hazırlaşır, onları məlumatlandırandan sonra vəkilinin yanına gedəcək: "Eyni zamanda, İnterpolun Niderland nümayəndəliyinə müraciət edəcəm, əgər mümkündürsə, həbs edib Azərbaycvana ekstradisiya etsinlər. Bütün bunları "Facebook” vasitəsilə canlı yayımlayacam ki, Azərbaycan hüquq-mühafizə orqanları yaşadığım ölkədə qanunların necə işlədiyini görsünlər”.

Ötən ilin əvvəllərində O.Teymurxanın Azərbaycanda yaşayan yaxınları təzyiqə məruz qaldıqlarını bildirmişdilər. Onun 12 nəfər qohumunun polis bölməsinə aparıldığı, təzyiqlərə məruz qoyulduğu deyilirdi.

Ardınca Suraxanı Rayon Məhkəməsində blogerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı. Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. 

Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı.

Bu ilin fevralında isə bacısı oğlu Tural Əliyev saxlanmışdı. 

Bakı Dövlət Universitetinin kimya fakültəsinin tələbəsi olan T.Əliyevə iki ay inzibati həbs cəzası verilmişdi.

O.Teymurxan bacısı oğlunun da ona görə həbs edildiyini bildirirdi.///Meydan.Tv