''Baş prokurorun kirvəsi''nə 4 il həbs

''Baş prokurorun kirvəsi''nə 4 il həbs

23-07-2018 23:48 / Bu xəbər 2626 dəfə oxundu

Prokuror təqsirləndirilən şəxsə qarşı irəli sürülən maddənin dəyişdirilməsini istəyib

Özünü adamlara Baş prokuror Zakir Qaralovun kirvəsi kimi təqdim edərək, onları aldadıb pulunu almaqda təqsirləndirilən Elşad Atakişiyevlə bağlı məhkəmə araşdırmaları başa çatıb. İyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı E.Atakişiyevə qarşı irəli sürülmüş dələduzluq ittihamının məhkəmədə sübuta yetirildiyini bildirsə də, ona verilmiş ittiham maddəsinin dəyişdirilməsini istəyib.

E.Atakişiyev CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. O, məsuliyyətə cəlb olunarkən ziyan 10 min manatdan çoxdursa, külli miqdar hesab olunurdu. 2017-ci ilin sonunda Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra 50 min manatdan yuxarı məbləğ külli miqdar sayılır. Bu səbəbdən prokuror maddənin dəyişməsini və təqsirləndirilən E.Atakişiyevin dörd il azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişlərdən Səadət Məmişova isə ona dəymiş ziyanın tam ödənilməsini tələb edib. Bildirib ki, təqsirləndirilən şəxs ondan aldığı pulun 7 min 500 manatını hələ də ödəməyib.

S.Məmişova məhkəməyə ifadəsində bildirib ki, E.Atakişiyevi ortaq tanışları Rövşən Axundovun vasitəsilə tanıyıb. Onun sözlərinə görə, Rövşən Elşadı "Baş prokurorun kirvəsi" kimi təqdim edib. E.Atakişiyev də kirvə olduqlarını təsdiqləyib.

S.Məmişova həbsdə olan həyat yoldaşının buraxılması üçün E.Məmişova pul verib aldandığını iddia edir.

Təqsirləndirilən şəxs isə pul aldığını təsdiqləsə də, ona heç bir vəd vermədiyini bildirir. Dediyinə görə, S.Məmişovadan 6 min manat borc alıb, buna görə 7 min 200 manat qaytarıb.

Digər zərərçəkmiş Elşad Zeynalovdan da 1500 manat aldığını təsdiqləyir. İyulun 23-də keçirilən məhkəmədə vəkili bildirib ki, E.Zeynalova həmin pulu ödəməyə hazırdılar.

E.Atakişiyev bu pulu da borc aldığını söyləyir.

Zərərçəkmiş isə iddia edir ki, həmin pul ondan oğlunun Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsi üçün alınıb.///Meydan.tv