Baş redaktorun ölkədən çıxışına icazə verilməyib

Baş redaktorun ölkədən çıxışına icazə verilməyib

19-06-2019 15:54 / Bu xəbər 768 dəfə oxundu

Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli ölkədən çıxışına qoyulan məhdudiyyətə görə beynəlxalq tədbirə qatıla bilməyib.

Mustafa Hacıbəyli bu barədə öz feysbuk səhifəsində məlumat yayıb.

Baş redaktor bildirib: "Gürcüstana beynəlxalq tədbirə dəvət olunmuşdum. Ölkədən çıxışıma qoyulan qadağanın aradan qaldırılması üçün həm Baş Prokurorluğa, həm də Ədliyyə Nazirliyinin icra və probasiya şöbələrinə rəsmi müraciətlər etmişdim. Ümid edirdim ki, ötən ay "Meydan TV”nin əməkdaşlarına qarşı qoyulan sərhəd məhdudiyyəti aradan qaldırıldığı üçün bu "islahat” digər jurnalistlərə, o cümlədən mənə də şamil edilə bilər. Amma ərizə yazdığım qurumların heç biri müraciətimə cavab vermədi və Gürcüstana gedə bilmədim. Növbəti dəfə ayrı-seçkiliklə üzləşdim”.

4 il qabaq "Meydan TV”yə qarşı başlanan cinayət işinə görə bir neçə jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Həmin qadağaların əksəri ötən ay ləğv edilib.

2018-ci ilin iyul ayında Bastainfo.com-da dərc edilən iki məqaləyə görə Mustafa Hacıbəyliyə cinayət işi qaldırılıb. Həmin ilin oktyabr ayından onun ölkədən çıxışına qadağa qoyulub.

2019-cu il fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsi baş redaktoru 5 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edib. Cəzanın 2 ili sınaq müddətidir. Məhkəmə Mustafa Hacıbəylini Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələri ilə təqsirli bilib.