''Bağışlayın, ''STOP''unuz var...''

''Bağışlayın, ''STOP''unuz var...''

27-12-2016 23:32 / Bu xəbər 4295 dəfə oxundu

Cavad Cavadov
 
''Bağışlayın, ölkəni tərk edə bilməzsiniz, sizin ''stop''unuz var''

Son illər Azərbaycan Respublikasının hüdudlarını tərk etmək istəyən ölkə vətəndaşları, hətta əcnəbilər sərhəd-keçid məntəqəsində pasport yoxlanışı zamanı bu fraza ilə tez-tez rastlaşırlar. Sərhəd xidmətinin əməkdaşı sizin pasportu müvafiq prosedurlara uyğun yoxladıqdan (skanerdən keçirdkdən) sonra bir anlıq pauza verir, təəccüblə, bir az da (bəlkə də) təəssüflə üzünüzə baxır və bir qədər gözləməyinizi xahiş edir. Ratsiya ilə növbə rəisini çağırır. Sizin təkidlə: "nəsə problem var, nə olub?” suallarınıza heç bir cavab verilmir. Bir müddət gözlətdikdən sonra sizə: "bağışlayın, siz ölkəni tərk edə bilməzsiniz, sizdə "stop” (el arasında ölkəni tərk etməyə qoyulmuş məhdudiyyətə "stop” deyilir) var”. Təkid etdikdə sizə məhdudiyyətin hansı orqan tərəfindən qoyulduğunu deyə bilərlər. Bu dövlət qurumları da, Allah saxlamışlar, o qədərdir ki... Çalışaq birnəfəsə "stop” qoymaq imkanı olan qurumları sadalayaq:

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini (Nazirliyini Mərkəzi Aparatı və ayrıca olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi), Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsi, Baş Prokurorluğunun Korrupisyaya Qarşı Mübarizə Baş İdarəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Vergilər Nazirliyi, Gömrük Komitəsi, Fövqaladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi və ən nəhayət, elə Dövlət Sərhəd Xidmətinin özü. Ümumilikdə 9 dövlət qurumunun belə imkanı vardır. Həmin anda narazılıq etməyinizin, özünüzdən çıxmağınızın heç bir faydası yoxdur, çünki sərhəd xidmətinin işçiləri vahid "Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış” sisteminə bağlıdırlar və həmin sistemdə "çıxışa məhdudiyyət”, el arasında "stop” vardırsa, ölkədən buraxılan deyilsiniz. Sizin uçuş biletiniz, çəkdiyiniz xərc və bütün planlarınız alt-üst olur. Kor-peşman qayıdıb gəlirsiniz və müəyyən araşdırmadan sonra məlum olur ki, "stopu”:

1) sizi hansısa polis idarəsi bank tərəfindən edilmiş şikayət əsasında kredit borcunuza görə;

2) yaxud hansısa qurum sizi bir dəfə şahid qismində dindirib, təkrar şahid qismində dindirəcək nə vaxtsa;

3) yaxud heç şahid qismində dindirilməmisiniz, nə vaxtsa dindirələcəyinizə görə (yeri gəlmişkən, öz ayağınızla gedib çıxırsınız ora) ;

4) yaxud kiminsə keyfi belə istədiyinə görə qoyulubdur.

Bu, ən yaxşı haldadır. Ən pis halda, sizin ölkədən çıxınışa məhdudiyyət "saxlama” statusu ilə qoyulubsa, burda bir az da tərləməli olacaqsınız. Sizi polis orqanına təhvil verəcəklər, bəxtiniz gətirsə, bir gecə polisdə qalacaqsınız və növbəti gün izahatınızı alıb buracaqlar. Belə misallar da çoxdur.

Yeri gəlmişkən, Qanunvericilik-Miqrasiya Məcəlləsi "Azərbaycan Respublikasının hüdudlarını tərk etmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması (9-cu maddə)” əsaslarını məhdud və konkret dairəsini müəyyən edir və hətta bu halda belə məhdudlaşdırmanın tətbiqi imkanını imperativ deyil, dispozitiv (yəni tətbiq edən orqana seçim imkanı verir: tətbiq etmək, ya etməmək bilər) edir. Bu əsaslar aşağıdakılardır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək.

Qanunda əsaslar məhdud olsa da, hüquq- mühafizə orqanları tərəfindən vətəndaşların ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qanunda nəzərdə tutulmayan əsaslarla məhdudlaşdırılması halları son illər geniş vüsət almış və qanunsuz praktikaya çevrilmişdir.

Bunun bir səbəbi bu hüququ məhdudlaşdırma imkanı yaradan "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin çoxlu sayda hüquq-mühafizə orqanlarının sərəncamına verilməsidir.

Həmin sistem ilk dəfə yaradılarkən buna çıxış imkanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (baş Əməliyyat Statistik İdarəsinə) və Dövlət Sərhəd Xidmətində olmuşdur.

Sonradan çıxış imkanları Milli Təhldükəsizlik Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna (Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə), Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Fövqaladə Hallar Nazirliyinə sonradan isə əlavə olaraq Baş Prokurorluğun Korrupisyaya Qarşı Mübarizə İdarəsinə və əlavə olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilmişdir.

Son dövrlər şahidlər bir kənara, hətta zərərçəkmiş prosessual şəxs statusunda olan həxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması kimi açıq-aşkar qanunsuz hallar geniş vüsət almışdır.

Belə bir məhdudiyyətin olub-olmamasını yoxlamaq üçün açıq internet və digər resurs yoxdur. Yalnız Ədliyyə Nazirliyinin bununla bağlı hamıya əlçatımlı olan internet resursu (http://exidmet.justice.gov.az/WebForms/VVA_13.aspx) vardır, lakin bununla bağlı sərhəd keçmə məhdudiyyəti yalnız məhkəmə qərarları ilə bağlı öhdəliklərlə məhdudlaşır.

Daha bir acınacaqlı hal odur ki, açıq-aşkar qanun pozuntusundan faktiki olaraq effektiv məhkəmə müdafiəsi yoxdur: ümumi məhkəmələr işlərə baxmaqdan imtina edir və atırlar inzibati məhkəmələrin üzərinə, inzibati məhkəmələr işlərin aylarla baxdıqdan sonra qeyri-mümkün hesab edirlər.

Bu qanunsuz praktika ilə bağlı son illər onlarla şikayətlər "Avropa İnsan Hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2 saylı maddəsinə uyğun Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilmişdir və bu praktikaya son qoyulmasa şikayətlərin sayı artan templə yüksələcək.

Nə deyə bilərik. Görünür, hərtərəfli olaraq işimiz Allaha qalıb.

meydan.tv