Bayram Məmmədova əliqandallı hökm oxundu: 10 il

Bayram Məmmədova əliqandallı hökm oxundu: 10 il

08-12-2016 16:28 / Bu xəbər 695 dəfə oxundu

Mayın 10-da Heydər Əliyevin heykəlinə siyasi şüar yazandan sonra narkotik ittihamı ilə həbs olunan gənc fəal Bayram Məmmədov 10 il azadlıqdan məhrum edilib.

Dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eynulla Vəliyevin sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

Hökmdən əvvəl Bayram Məmmədovun vəkili Elçin Sadıqov müdafiə nitqi ilə çıxış edib. O bilirib ki, siyasi sifarişli, saxta ittihamla daha bir cinayət işi üzrə natamam məhkəmə başa çatır. Bu məhkəmə prosesində müdafiə tərəfinin yalnız bir vəsatətinin təmin edildiyini deyən vəkilin sözlərinə görə, o da natamam icra olunub.

"Bayram Məmmədov heç bir cinayət törətməyib. O, sadəcə ölkədəki özbaşınalıqlara, qanunsuzluqlara etiraz olaraq, Heydər Əliyevin heykəlinə şüar yazıb. Buna görə də ağır işgəncələrə məruz qalıb, şərlənib", - vəkil bildirib.

E. Sadıqov çıxışının sonunda hakimləri cəsarətsizlik etməməyə, Bayram Məmmədova bəraət verib, onu həbsdən azad etməyə çağırıb.

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək!» yazdığına görə həbs edilib.

Azadliq.org

Bölmələr:


loading...