Bayraq Meydanı sökülür

Bayraq Meydanı sökülür

07-06-2018 16:38 / Bu xəbər 3951 dəfə oxundu

Mühafizəçi: ''Meydanın sökülməsindən və ya köçürülməsindən söhbət gedə bilməz''

Bakı şəhərinin Bayıl sahəsində yerləşən Dövlət Bayrağı Meydanının söküldüyü deyilir. 

Meydana ağır texnika cəlb edilib. Artıq üst hissə iki tərəfdən sökülür. Sosial mediada meydanın başqa yerə köçürülməsi iddiaları da müzakirə edilir.

Ərazidə olan mühafizəçi Meydan TV-yə meydanın sökülmədiyini, sadəcə təmir edildiyini söyləyib:

"Sadəcə təmir edilir. Təmir bitdikdən sonra bayraq yerinə asılacaq. Meydanın sökülməsindən və ya köçürülməsindən söhbət gedə bilməz”.

Bayıl qəsəbəsində yerləşən Dövlət Bayraq Meydanı 2010-cu ilin sentyabrın 1-də açılıb.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. 

20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqram olub.

2009-cu ildə yalnız bayrağın dirəyi 4 milyon manata başa gəlmişdi. Bundan əlavə, meydanın inşasına əvvəlcə 10 milyon manat, daha sonra prezidentin ehtiyat fondundan yenidən 10 milyon manat ayrılıb. 

Rəsmi rəqəmlərə görə, Bayraq Meydanına gedən 3 kilometr yolun salınması üçün 90 milyon manat xərc çəkilib. Yol Bakı-Ələt yolunun çərçivəsində salınıb. 

Bununla bağlı ərazidən əhali də köçürülüb. 2012-ci ildə Nazirlər Kabinetinin sərəcamı ilə yolun tikintisinə əlavə 20 milyon manat da ayrılıb. 

Nəticədə yolun 1 kilometrinə 36 milyona qədər vəsait xərclənib. Tikintini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirib.

"Ginnes” dünya rekordları təşkilatı 2010-cu ildə dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Sonradan rekordu Tacikstan vurub və daha hündür bayraq dirəyi tikib.

Ekspertlər belə layihələri səmərəsiz, bərbad idarəetmənin nəticəsi hesab edirlər.