Büdcə: gəlir 20 faiz, xərc 16,5 faiz artır

Büdcə: gəlir 20 faiz, xərc 16,5 faiz artır

20-10-2017 18:12 / Bu xəbər 2063 dəfə oxundu

Prezident İlham Əliyev 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələri Milli Məclisə təqdim edib. 

Oktyabrın 20-də Maliyyə Nazirliyi layihələrin təqdimatını açıqlayıb.

Novator.az-ın məlumatına görə, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılır. Bu, 2017-ci illə müqayisədə 20 faiz çoxdur.

Neft gəlirlərinin hesablamasında 1 barrel neftin ixrac qiyməti 45 dollar götürülür.

Dövlət Neft Fondundan 2018-ci ilin büdcəsinə 9 milyard 216 milyon manat köçürmək planlaşdırılır.

Vergi orqanlarının xətti ilə büdcəyə 7 milyard 907 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 2 milyard 430 milyon manat gəlir nəzərdə tutulur.

2018-ci ilin dövlət büdcəsinin xərcləri layihədə 20 milyard 905,7 milyon manat göstərilir. Bu, 2017-ci illə müqayisədə 16,5 faiz çoxdur.

Büdcənin 51,5 faizini cari xərclərə, 37,7 faizini əsaslı xərclərə, 10,8 faizini dövlət borcuna xidmətlə bağlı xərclərə yönəltmək planlaşdırılır.

Sosial müdafiə və sosial təminat xərcləri ümumi xərclərin 10,5 faizi həcmində göstərilir.

Milli təhlükəsizlik və müdafiə sahəsi üzrə xərclər 2017-ci illə müqayisədə 5,2 faiz artırılaraq 4 milyard 68,3 milyon manata çatdırılır.