Büdcəyə qaytarılan 5 milyon manata görə cinayət işi açılacaqmı?

Büdcəyə qaytarılan 5 milyon manata görə cinayət işi açılacaqmı?

12-07-2017 16:18 / Bu xəbər 1675 dəfə oxundu

Dünən Azərbaycan Respublikası Hesablama Palatası 2017-ci ilin 6 ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı hesabat açıqlayıb. Hesabatda təxminən 5 milyon manatın büdcəyə geri qaytarıldığı qeyd olunub.

Məlumatda həmçinin bildirilirdi ki,  nəzarət tədbirinin nəticəsi olaraq 39 vəzifəli şəxs barəsində intizam-tənbeh tədbirinin tətbiq edilməsi barədə quruma məlumat daxil olub. 

"Qaynarinfo" büdcəyə geri qaytarılan 5 milyon manata görə 39 vəzifəli şəxs barəsində təkcə intizam-tənbeh tədbirinin görülməsinin qanunvericilik baxımından düzgün olub-olmadığı ilə bağlı ekspertlərin münasibətini öyrənib. 

Hüquqşünas Aslan İsmayılov "Qaynarinfo"ya açıqlamasında 5 milyon büdcə xərclərinin maliyyə hesabatlarında düzgün qeyd olunmaması haqda sadəcə intizam-tənbeh tədbirinin seçilməsinə sərt reaksiya verdi: 

"200 manata görə həkim və ya müəllim barəsində cinayət açılır, ümumilikdə 5 milyon büdcə xərclərinin maliyyə hesabatlarında düzgün qeyd olunmaması haqda sadəcə intizam-tənbeh tədbiri görülürsə, hansı qanunvericilikdən danışaq? Mənim deməyə sözüm yoxdur".

İqtisadçı-ekspert Natiq Cəfərli büdcə xərclərinin azaldıldığı bir dövrdə Hesablamalar Palatasının üzərinə böyük iş düşdüyünü və maliyyə fırıldaqları edən vəzifəli şəxslər barəsində daha ciddi tədbirlərin görülməsi lazım olduğunu qeyd edib:

"Hesablama Palatasının apardığı iş böhranlı bir vəziyyətə düşmüş bir ölkədə büdcə xərclərinin şəffaflığının artırılması istiqamətində aparılan ən əhəmiyyətli işdir. Çox təəssüf ki, qurumun apardığı araşdırmalar nəticəsində hansısa kommersiya şirkətində maliyyə fırıldağı üzə çıxdıqda bu barədə cinayət işi açılır, amma dövlət büdcəsindən maliyələşən dövlət və hökumət orqanlarında bu kimi hallar olanda yalnız cərimələr tətbiq etməklə kifayətlənirlər. Bu, doğru yanaşma deyil. Mənə elə gəlir ki, belə bir dövrdə dövlət büdcəsindəki xərclərin şəffaflığının artırılması üçün korrupsiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilməlidir. Bu baxımdandan qurumun üzərinə də böyük məsuliyyət düşür. Onların apardığı araşdırmalar nəticəsində məlum olan maliyyə fırıldaqları və yaxud maliyyə yeyintiləri tək cərimələrlə deyil, ciddi cəzalarla da müşahidə olunmalıdır ki, digər qurumlara da dərs olsun və onlar da maliyyə hesabatlarında şəffaflıq, xərclərin doğru göstərilməsi, həmçinin şişirdilmiş büdcə xərcləri ilə bağlı müvafiq tədbirlər görsünlər. Son 2 ildə büdcəmiz kiçilib, xeyli dərəcədə kəsintilərə getmişik. Bu da iqtisadi aktivliyə mənfi təsir göstərib. Bununla paralel büdcədən ayrılan xərclərin də qeyri-şəffaf və qeyri-effektiv xərclənməsi digər bir tərəfdən iqtisadiyyatımıza ciddi ziyan vurur".