BDU-nun dekan müavini tələbələri hədələyir - Səs yazısı

BDU-nun dekan müavini tələbələri hədələyir - Səs yazısı

23-01-2017 23:22 / Bu xəbər 2232 dəfə oxundu

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanladığı təhdid dolu mesajların səs yazısı yayılıb.

Abzas.net-ə xəbər verir ki, o, mesajlarında tələbələri universitet və dekanlıq haqqında tənqidi status yazmamaqla bağlı xəbərdarlıq edib və bildirib ki, xəbərdarlığa baxmayan tələbələr cəzalandırılacaq:

"Sizə tapşırıram, axırıncı dəfə sizə deyirəm, belə tipli, Könül xanım haqqında, Cahangir müəllim haqqında, mənim haqqında, ümumiyyətlə tutorlar, dekanlıq haqqında biriniz bir kəlmə artıq-əskik, lağa qoyulacaq şəkildə sosial şəbəkədə bir cümlə yazın… Şəxsən mən nizam intizam qaydalarını pozduqlarına görə, dekanlığın, mətbəxin məlumatını çölə çıxardıqlarına görə, onlara töhmət verdirtdirəcəm. Bax deyirəm sizə, axırıncı dəfə deyirəm”.

Aytəkin Zeynalova səsli mesajında bildirib ki, tələbələrdən birinə dişinin dibindən çıxanı deyib. O bildirib ki, Leyla adlı tələbənin yazdığı statusa görə dünən onun təzyiqi qalxıb: "Utanmazlar, ayıb olsun sizə!”

"Qeyri-obyektivliklə o boyda universitetin mətbuat xidmətinin rəhbərini məzəyə qoyublar, Cahangir müəllimi məzəyə qoyublar. Utanmırlar Könül xanımı məzəyə qoyublar ki, guya qeyri-obyektiv yoxlayıblar. İndi də bu Fuad özündən alim olub, deyir dekanlıq hara baxırdı. Yox dekanlıq oturub səni güdəsiydi, sən imtahanda nə edirsən”.

Aytəkin Zeynalova tələbələrə xəbərdarlıq edib ki, bir nəfər dekanlıq, hətta tutorlar haqqında facebook-da tənqidi fikirlər paylaşdıqda onlarla bağlı ciddi tədbir götürüləcək.

Media ekserti, hüquqşünas Ələsgər Məmmədli isə Toplum.Tv-yə açıqlamasında bildirib ki, BDU-nun Jurnalistika Fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın sosial şəbəkələrdə yayılan səs yazısı kifayət qədər təəssüfedici haldır: "Azərbaycanın ən köklü universitetinin və onun ictimai əhəmiyyət daşıyan jurnalistika fakültəsinin idarəedici heyətindən, dekan müavini postunu tutan bir şəxsin tələbələrinə yönəlik mesajında bu qədər kobud, təhdid və hədə dolu ifadələrdən, anormal tonda istifadə etməsi, tələbələri qorxutması, onları cəzalandıracağına dair təhdidlər sərgiləməsi kifayət qədər üzücü bir hadisədir. Ona görə üzücüdür ki, təhsil sistemimiz bu səviyyəyə enib. Həm də ona görə üzücüdür ki, bu hadisə gələcəyin jurnalistlərinə, cəmiyyətə ictimai nəzarət edəcək şəxslərə bəri başdan yaradılan məhdudlaşdırıcı bir mühitin göstəricisidir. Həmin mühitdən çıxan jurnalist nə qədər ictimai nəzarət funksiyası icra edə biləcək? Bu ciddi problemdir. Burada ifadə azadlığı baxımından ciddi şəkildə problem var. İfadə azadlığını məhdudlaşdırmağa yönəlik təşəbbüs açıq şəkildə görünür. Tələbələr hansısa imtahan prossesindən, onun nəticələrinin obyektivliyindən narazılıqlarını ictimai müzakirədə aparıblar. Bu narazıçılıqlar zamanı "bəs dekanlıq hara baxır deyərək. Bu, təbii haldır. Əlbəttə tənqid heç bir halda məhdudlaşdırılacaq hal deyil. Hər kəsin tənqidetmə hüququ var. Tənqid edilən tərəf də buna görə heç bir təqib haqqına malik deyil. Belə olan halda fakültə rəhbərliyinin dekan müavini səviyyəsində tələbələrə, sabahın jurnalistlərinə yönəlik bu cür təhdidləri birbaşa ifadə azadlığını məhdudlaşdırmağa yönəlik təşəbbüsdür. Ayrıca, qanunsuz bir davranışdır. Tələbələrin nizam-intizamları ilə bağlı daxili qaydalar tədris prosesinə dair öhdəliklərə və tədris zamanı funksiyalara aid ola bilər. Universitetdən kənarda, sosial şəbəkədə kimin nə fikirdə olduğu, nəyi tənqid edib, nəyi tərifləməsi öz işidir. Sosial şəbəkədə nəyisə paylaşmağa, tənqid etməyə görə tələbənin intizam məsuliyyətinə cəlb edilməsinin söylənməsi vəzifə səlahiyyətlərindən suiistifadə etməkdir. Vəzifə sərhədlərini aşmaqdır. Nizam-intizam qaydalarında belə bir məqam yoxdur və ola da bilməz.  Bu onu göstərir ki, o, öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək tələbələrə qanunsuz cəza verməyə, hüquqlarını məhdudlaşdırmağa yönələn təşəbbüs göstərib. Mən bu aspektdən düşünürəm ki, universitet rəhbərliyi doğru addım atıb həmin şəxsin bundan sonra həmin strukturda eyni vəzifədə qalmasına imkan verməyəcək. Çünki, belə ifadələr işlədən şəxs, sabah yüzlərlə tələbənin təhsil aldığı fakültəyə rəhbərlik edənlərdən biri kimi qala bilməz, onlarla ünsiyyətdə ola bilməz".

Ə. Məmmədli bildirb ki, bu mesajı alıb sonra paylaşan tələbələrin sonrakı taleyi də diqqətdə saxlanılmalıdır. "Bildiyim qədəriylə bu 80-90 nəfərlik qrupa atılan bir səs yazısıdır və böyük ehtimalla o qrupda olan kimlərsə bunu yayıb. Dekan müavini gərək məsuliyyətini dərk edərək, birdən çox şəxsə yönəlik yayımının hər kəsə yayılmış ifadə ilə eyni olduğunu anlayaydı və düşünəydi ki, belə bir informasiyani bəlli bir topluluğa yönəldirsə, onun məsuliyyəti dərk edərək yaymaq lazımdır".