BDU-nun dekan müavinindən şikayət var

BDU-nun dekan müavinindən şikayət var

16-02-2017 01:17 / Bu xəbər 1396 dəfə oxundu

BDU  bir qrup tələbəsi bir neçə gün öncə İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə haqqında mediaya məlumat veriblər. Məlumatda dekan müavininin qanunsuzluqla məşğul olduğu iddia olunur. 

Bu gün fakültənin tələbəsi Zəka Mirağayev yaşanan problemlərlə bağlı Arqument.Az-a müraciət edib. 

Müraciətdə deyilir: 

"Həqiqətən də, N.İsmayılzadənin İlahiyyat fakültəsinin adına layiq olmamaqla bərabər, bu əməllərini necə etməsi hər kəsi düşündürür. İlahiyyat fakültəsində işləyən bu insan, bu cəsarəti haradan alır və ya heç düşünürdümü ki, bu qanunsuz əməlləri onu bir gün açığa çıxardacaq?!"      

"Əlavə etmək istəyərdim ki, İlahiyyat fakültəsində bu insan, özünü çox böyük səlahiyyətli vəzifə sahibi kimi hiss edərək, digər müəllim yoldaşlarına da etik qaydalardan kənar davranaraq, təhdid yolu ilə mesaj verirmiş. Sanki bu vəzifədə onun arxasında duranlar var, onu bu vəzifədən heç kim çıxarda bilməz. Amma, mənə elə gəlir ki, qeyri-leqal yollarla bu vəzifəyə gələn Nigar İsmayılzadə bir az tələsdi. Kreslosunu möhkəmləndirmədən həm tələbələrə, həm də müəllimlərə qarşı "hücuma” keçdi. Bu da onun özünə baha başa gəldi", - deyə tələbə bildirib. 

Onun sözlərinə görə, dekan müavini vəzifəyə qanunsuz yollarla gəldiyi kimi  idarəçilikdə də özəl qaydalardan istifadə edib: "Hətta rüşvət məsələlərini o qədər mükəmməlcəsinə yerinə yetirirmiş. Ona görə də fakültəmizin dekanı akademik Vasim Məmmədəliyev tələbələrdən dəlil istəyirmiş, kimsə də qorxudan bunu açığa çıxarda bilmirmiş. Fakultədə tələbəsindən tutmuş müəllimlərə kimi hər kəs bu dekan müavinindən narazıdır".  

Z. Mirağayev bildirib ki, N.İsmayılzadənin qardaşı Gürsəl İsmayılzadə Azərbaycanın Respublikasının Yaponiyadakı səfiridir: "N.İsmayılzadənin keçmiş intihar etmiş MTN zabiti İlqar Əliyevlə də əlaqələri olub. Nigar İsmayılzadə vəzifəyə gətiriləndə intihar etmiş MTN zabiti İlqar Əliyev hələ sağ idi. Yəni bunları ona görə bildirirəm ki, bacarığı, ixtisası uyğun gəlməyən bir vəzifəyə qeyri-ixtisas sahibi türk dili müəlliminin gətirilməsi çox şübhəlidir. Bundan əlavə, mən BDU İlahiyyat fakültəsinin tələbəsi olaraq N. İsmaylzadənin rüşvətxorluğu, qanunsuz əməlləri haqqında Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya da müraciət etmişəm və N.İsmayılzadənin qanunsuz əməlləri ilə arxayınçılıqla məşğul olmasına görə qanun çərçivəsində əməllərinin ciddi araşdırılmasını və məsuliyyətə cəlb olunmasını xahiş etmişəm. Ümid edirəm ki, BDU rektoru akademik Abel Məhərrəmov bu məsələni ciddi nəzarətə götürəcək və N.İsmayılzadə haqqında lazımi tədbiri görəcək".

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Arqument.Az