"Belə çətin və acınacaqlı vəziyyətdə yaşayırıq" - REPORTAJ

06-06-2019 14:25 / Bu xəbər 2122 dəfə oxundu

"Axı biz də insanıq, insan kimi yaşamaq istəyirik"

Sədaqət İbrahimova yoldaşı ilə birgə 1995-ci ildən bəri Bakının Nizami rayonu, Şərifli küçəsi 3 ünvanında yerləşən 1 saylı internat məktəbə məxsus yataqxanada məskunlaşıb. 
 

Onlar Ağdam rayonundan məcburi köçkün kimi buraya pənah gətiriblər. Torpaqları işğal olunandan sonra Azərbaycanın müxtəlif ərazilərində məsunlaşan köçkün ailələri kimi onlar da uzun müddətdir ki, buranın sakininə çevriliblər. Buradakı mənzərəni təsvir elmək üçün elə Sədaqət İbrahimovanın dediləri yetərlidir...


Artıq 25 ildən çoxdur ki, bu binadakı 1 otaqlı mənzildə yaşayırlar. 
 
45-ə yaxın ailənin məskunlaşdığı binada yaşayış, demək olar ki,  qeyri-mümkün həddə çatıb. Pilləkənlər və koridorlar uçuq-sökük vəziyyətdədir.
 
Qediyyatda olduqları və hazırda işğal altında olan rayonlarındakı tibb müəssisələri də buraya olduqca uzaqdır. 

 
Sədaqət İbrahimova Arqument.Az-a deyir ki, hər həftə bir nəfər xəstəxanalıq olur:
 
"Kimsə yıxılanda ayağı qırılır, ya da başından zərbə alır. Bundan əlavə, bina gigiyenik tələblərə də cavab vermir. Binanın bütün sakinləri həyətdə yerləşən balaca hamamdan istifadə edirlər. Tualet və mətbəx də ortaq istifadə edilir. Yay aylarında vəziyyət daha da ağırlaşır. Hamam və tualetdə sıra yaranır, isti də bir tərəfdən".


Sədaqət İbrahimovanın 2 övladı plevmaniyadan dünyasını dəyişib.
 
"Tibbi inkişaf etdiyi bir dövrdə iki övladını adi bir pnevmaniyadan itirmək durumun nə qədər acınacaqlı olduğundan xəbər verir, - deyir Sədaqət İbrahimova.

İndi isə onun bir övladı var: "Bu haqda danışmaq mənim üçün çox çətindir. İki övladımı burdakı şərait ucbatından itirmişəm. İndi də övladıma heç nə olmasın deyə bütün gün üstündə "əsirəm". Külək əsən kimi pəncərəni bağlayıram ki, soyuq dəyməsin. Pəncərəni bağlayanda da içəridə dayanmaq olmur. Belə çətin və acınacaqlı vəziyyətdə yaşayırıq". 
 

Əsas istəyi öz torpaqlarına qayıtmaq olan Sədaqət İbrahimova deyir ki, əgər bizi el-obamıza qaytara bilmirlərsə onda normal mənzillə təmin etsinlər: "Axı biz də insanıq, insan kimi yaşamaq istəyirik. Hər gün gözləyirik ki, nə vaxtsa torpağımıza qayıdacağıq. Bizim əsas istəyimiz təbii ki, öz torpaqlarımızda yaşamaqdır. Ancaq indiki vəziyyətdə bu mümkün deyilsə, bizi də düşünməlidilər". 


"Ömrümüzün yarıdan çoxu gedib, hələ gün görməmişik. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik qonşularla. Hətta FHN-in binanın qəzalı vəziyyətdə olması ilə bağlı qərarı da var. Ancaq nə olsun? Dəyişən heç nə yoxdur. Gəlib arada siyahıya alıb gedirlər. Allah ümidinə yaşayırıq", - o deyib


Türkan Bəşir
Arqument.az