Belə kişiləri sındırmaq olmur, əclaflar!

Belə kişiləri sındırmaq olmur, əclaflar!

30-03-2020 14:13 / Bu xəbər 1898 dəfə oxundu

Yalçın İmanov

Adam var, heç vaxt dostluq, yoldaşlıq, qardaşlıq eləməmisən, ancaq o sənə niyəsə dost kimi, yoldaş kimi, qardaş kimi gəlir, hansısa izaholunmaz səbəblərdənsə sənə inanılmaz güvənc, yüksək etibar və sonsuz sədaqət hissi aşılayır.

O, məhz belə bir adamdı.

Hərçənd, bu adamla həyatımda bircə saat belə yol yoldaşı olmamışam, yoldaşlıq və ya dostluq eləməmişəm, ümumi davadan başqa hər hansı bir ortaq fərdi marağımız və kəsişən nöqtələrimiz də olmayıb. Ancaq bu şəxsi hər dəfə görəndə, hər dəfə onunla rastlaşanda, onun ətrafa səxavətlə səpələdiyi inanılmaz doğmalıq və dərin etimaddan təsirlənmişəm.

Yox, mənim qəhrəman yaratmaq, simvol düzəltmək işindən, "eşq olsun”, "halaldı” söz-söhbətlərindən zəndeyi-zəhləm gedir. Doğrusu, o, işlənmiş və iylənmiş, istimar müddətini çoxdan bitirmiş bu sözlərə də layiq deyil. Bu sözlər onun yaşadığı gərgin, amma işıqlı həyatın fonunda çox solğun görünür, bu sözlər onun topuğundan da aşağıdı. Ondakı nəsə daha fərqli, yüksək bir şeydi, özgə bir məsələdi.

Mənim yaddaşımda onun əbədi bir obrazı var. Şərləndiyi həbsdən qızı Nərgizin yasına müvəqqəti buraxılanda sağ əlinin möhkəm düyünlənmiş yumruğu… Bu yumruğu dünyanın ən qoluzorlu 10 kişisi də yığışsaydı, aça bilməzdi. Elə bil dünyanın balaca bir şərindən daha böyük və təbii şərinin – ölümün üstünə yeriyir insan. Və sən də dərindən nəfəsini içinə çəkib, bir anlıq bu qarşıdurmanın necə nəticələnəcəyini gözləyirsən.

Bir də son həbsindəki kadr. Məhkəmədən növbəti həbsinə aparılanda kədərli gülümsəməsi. O gülümsəmənin yavaşıdılmış kadrına anbaan baxın, yorğun simada dərin, adamı yerindən oynadan dilsiz iztirablar var, amma baş qoyduğu yola bir damcı da olsun şübhə, peşmançılıq və tərəddüd yoxdur.

Onun iztirabları Azərbaycanın iztirablarına oxşayır. Adamda ölkənin rəngi var, öz dərdi Azərbaycanın dərdiylə qovuşub, üzünə həkk olunub. Adam cəmi ağrılarıyla indiki Vətəni xatırladır.

Vaxtilə, deyəsən, 90-cı illərin ilk milli məğlubiyyətlərindən sonra trend bir ifadə vardı: Niyə liderlərdən heç olmasa biri ölmədi? Niyə onların hamısı istisnasız olaraq bütün bu faciələrdən sağ-salamat çıxdılar? Axı onlardan kimsə ölsəydi, ölkə yəqin ki bu günə qalmazdı? Həqiqət payı da vardı bu fikirlərdə, əks arqumentlər də yox deyildi. Hərçənd sonralar bu fikrin qızğın tərəfdarlarından bir çoxu avtoritar rejimin korrupsiya süfrəsinin qır-qırıntılarından arvad-uşaq bəsləyəcəkdi.

Amma indiki mərhələnin liderlərdən biri olan bu adam ölməmək, özünü qorumaq üçün nə etdi ki?! Əksinə, imkanında və gücündə olduğu hər şeyi yırtıcı, heyvan instinktli bir rejimlə qeyri-bərabər döyüşə, çarpışmaya xərclədi və hazırda da belədir. Əminəm, sabah, böyük şər qət etsə, üzündəki o sarsıdıcı kədərlə küçədəki insan selini yara-yara, keçib eşafota da gedər. Hələlik tale üzünə gülüb, bəxti gətirib və hələ də sağ qalıbsa, yaşayırsa, bunun günahı ona yazılası deyil ki!

Mən bu insanın təvəllüdünü də bilmirəm, yəqin 60-cılardan olar. Hərçənd onda 70-cilər nəslinin ədalətsizliyə sonsuz və daima püskürən əbədi qiyamını, heyrətamiz maksimalistliyini, ancaq bütün bu əlamətlərlə heç cür uyuşmayan, kəskin təzad yaradan aydın və duru baxışlarını görürəm.

Onun mübarizəsi sərt, nəfəs kəsən, amma hissiyyatlıdır. Onun savaşı kimdəsə rəğbət doğurmaya bilər, amma həyacanlandırmaması və biganə qalması mümkünsüz işdi. Yalnız belə tərz qalibiyyətə aparır! Avtoritar sistemlərdə mübarizə siyasi sərhədləri aşır və qeyri-siyasi, idealist məzmun alır.

O, bu ölkədə tək-tük adamlardandı ki, onu görəndə etdiyin hansısa yanlış, bivec hərəkətə görə həya edir, xəcalət hissi keçirirsən. Suçəkən kimi, mürəkkəbçəkən kimi başqalarındakı hisi-pası, kiri, ləkəni götürür.

Onun kəskin, amma etik çərçivəni heç bir halda keçməyən, yalnız inam və sakitlik təlqin edən təbii, rəvan çıxışları indiki süni intellekt axtarışları və fəndgir linqivistik söz oyunları fonunda ildırım kimi çaxır. Adam ölümün gözünün içinə baxdığı kimi, həqiqətin üzünə də eləcə dimdik baxır!

O, adam cins adamdır. Cins adamları qorumaq, qayğısına qalmaq, başına dolanmaq lazımıydı, indi də gec deyil. O, Azərbaycanın köhnə, mərd və müdrik kişilərinin yəqin ki ən son nəsil nümayəndələrindən biridir.

Əminəm, əgər sabah dünyanın sonu gəlsə və Günəşin işığı qəfildən əbədilik sönsə, o, Şüvəlan təcridxanasının köhnə, uçub tökülən, sınıq-salxaq və yöndəmsiz kameralarının birində, özünə, əqidəsinə sarsılmaz bir tövrlə həyatın bu sonuncu çağırışını da arxayınlıqla qarşılayar!

O, dünya dağılsa da, özünə, dəyərlərinə xilaf çıxmayan biridir. Onun duruşu döyüşçü duruşudur! Bu, anadangəlmə istedaddı, həyatla qazanılan deyil.

Belə kişiləri sındırmaq olmur, əclaflar!

Sonsuzadək, Tofiq bəy!..
 
Yazı abzas.org-dan götürülüb.