"Bərdə küçələrində gecələyən ana-bala ölümcül vəziyyətdədir"

11-02-2019 15:16 / Bu xəbər 459 dəfə oxundu

"İçində insan sevgisi olan dostlar, sizə səslənirəm. Təcili olaraq bu məlumatı maksimum şəkildə paylaşaq ki, bəlkə, səsimiz daha yuxarılara çata və özünü karlığa, korluğa vurmuş cavabdeh məmurları tərpədən ola...". 

Bunu sosial şəbəkə istifadəçilərindən Allahyar Eyubov yazıb. 

Onu belə bir çağırışa məcbur edən isə Bərdə rayonunda yaxın günlərəcən uzun müddət küçələrdə, parklarda gecələmək məcburiyyətində qalmış ana-bala iki vətəndaşın düşdüyü acınacaqlı durumdur: "1979-cu il təvəllüdlü gözdən əlil, xərçəng xəstəsi Musayeva Nazilənin və səkkiz yazlı oğlu Ülvinin həyatları ciddi təhlükə qarşısındadır. Bərdə şəhərinin parklarında gecələyən bu iki məsumun durumu barədə xəbər tutandan sonra bir neçə dost ilə onlara baş çəkdik və onlar üçün kirayə tutduq. Ülvini internat məktəbinə qoyduq. Amma soyuq gecələrdə parkda gecələmək və pis qidalanmaq, vaxtında müayinə və müalicə olunmamaq səbəbindən Nazilənin sağlamlığı tam pozulub. İndi təcili ciddi müalicə edilməsələr, onun həyatda qalması müşkül olacaq". 

A.Eyubov onu da yazıb ki, həkimlərin rəyinə görə, Nazilə təcili əməliyyat olunmalıdır: "Bunun üçün isə xeyli pula ehtiyac var. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kömək əlini uzatmasa, biz onun müalicə xərclərini qarşılaya bilməyəcəyik. Bununla da Nazilənin həyatda qalması mümkünsüz, anasız qalan məsum körpəsi Ülvinin taleyi isə  qaranlığa qərq olacaq".