Bəxtiyar Hacıyev təxribata məruz qaldığını deyir

Bəxtiyar Hacıyev təxribata məruz qaldığını deyir

21-07-2018 17:11 / Bu xəbər 1593 dəfə oxundu

İnternet resurlarına kiber hücumların, "telefon terror”nun sayı artıb. 

Kiber hücumlar və "telefon terror” ilə bağlı ictimai fəal Bəxtiyar Hacıyev də hədələndiyini və təxribatla üzləşdiyini deyir. 

Bu haqda hətta ictimai fəal öz şəxsi feysbuk hesabında müraciət ünvanlayıb.

"ABŞ-da qeydiyyatdan keçmiş virtual nömrələrdən kimlərsə müxtəlif qrupları (xanımlar, kriminal keçmişi olan insanlar, dindarlar, gəncəlilər, sumqayıtlılar və polislər) təhqir edir, hədələyirlər. Sonda isə mənim adımı və nömrəmi yazırlar”, - müraciətdə belə deyilir.

İctimai fəal iyulun 19-da məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizlik Xidmətində (DTX) qəbulda olduğunu da əlavə edib. 

Dediyinə görə, DTX-da ondan məsələ ilə bağlı faktları qəbul ediblər. 

B. Hacıyev bildirib ki, DİN rəsmiləri isə bu haqda məlumat verə bilməyiblər.

Onun sözlərinə görə, "DİN sözçüsü Ehsan Zahidov "bəs indi kimsə bu polisləri bıçaqlasa, yaxud məni öldürsə, kim məsuliyyət daşıyacaq?" sualına "əgər hər hansı bir hadisə baş versə, araşdırarıq", - deyib.  

İctimai fəal məsələ ilə bağlı Baş Prokurorluğa da müraciət ünvanlayıb.

Bəxtiyar Hacıyev bu məsələni ictimailəşdirdikdən sonra məlum olub ki, bir neçə vətəndaş cəmiyyətinin fəalı və gənc fəllar eyni təxribatla üz-üzədirlər. 

Bəs, görəsən, bunu edən kimlərdir və bunun qarşısı niyə alınmır? 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu kiber hücumlardan qorunmaq üçün insanlar öz fərdi məlumatlarını açıqlamamalı və ya şifrələməlidirlər: "Sosial media, internet açıq bir şəbəkədi təbii ki, açıq halda olmağı bəzi qruplar bundan sui-istifadə edir. Yəni kimlərisə aşağılayır, təhqir, böhtan atır. Amma düşünürəm ki, səhv yanaşmadır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə KİV mühiti hüquqi cəhətdən bərabərləşdirilib. Yəni kimsə bunu edirsə, bu, hüquq pozuntusudur. Hətta əgər təhqir, böhtan, şantaj, nəyəsə çağırış məsələləri varsa, artıq cinayət məsuliyyəti yaradır. Bu da bizim qanunvericiliklə nizamlanır. Hesab edirəm ki, burada müxtəlif məqsədlər ola bilər, kiməsə təsir etmək, maneçiliklər törətmək, imicinə zərər vurmaq. Amma bu məqsədlərdən asılı olmayaraq bu, bir hüquq pozuntusudur. Bunların qarşısını almaq üçün birinci, insan öz informasiya təhlükəsizliyini qorumalıdır, yəni telefon nömrələri, fərdi məlumatları açıqlamamalıdır. Bunu şifrələnmiş yolla həyata keçirə bilər. İkinci, əgər şəxsə qarşı hər hansı təhqir, böhtan, şantaj varsa, dərhal dərəcəsindən asılı olaraq hüquq mühafizə orqanlarına şikayət edilməlidir”. 

O. Gündüz qeyd edib ki, bu hücumlardan qorunmaq üçün ictimai fəal şəxslər, media qurumları maarifçilik yönündə işlər aparmalıdır: "Biz, özümüz də bir ictimai qınaq, ictimai maarifçilik yönündə işlər aparmalıyıq. Eyni zamanda məncə, sosial media resurslarının administrasiyası ilə bunu gerçəkləşdirib müəyyən nəticə əldə etmək olar. Hər bir halda həmin adam bloklana və ya şəbəkədən uzaqlaşdırıla bilər”.

Hüquqşünaslar isə kiber hücum və telefon terror ilə bağlı aidiyyatı qurumların ölçü götürülməsinin vacibliyini hər zaman dilə gətirirlər. 

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli hələ fevral ayında bəzi saytların kiber hücumlara məruz qalması ilə əlaqədar Toplum. Tv-yə bildirmişdi ki, bu hücumlar ölkədə mövcud qurumlar tərəfindən araşdırılmır: "Burada dövlətin üzərinə düşən əsas öhdəlik ondan ibarətdir ki, informasiya azadlığın təmin etsin, yaranan problemlərə hüquqi çözüm tapsın. Hökumət hazırda bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında informasiya təhlükəsizliyinə təminat verən bir qurum yaradıb. Bu qurumun da vəzifələrindən biri dövlət qurumlarına, hüquqi və fiziki şəxslərə aid resursların bu tip qanunsuz müdaxilələrdən qorunması, bu tip müdaxilələrin mənbəyinin müəyyən edilib hüquq müstəvisi çərçivəsində məsuliyyətə cəlb olunmasıdır”. 

Hüquqşünasın fikrincə, kiber hücum cinayət əməli hesab olunur: "Bunun kimin etməsinin fərqi yoxdur, məhz bunu edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Mövzu ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Daxili İşlər Nazirliyinə dəfələrlə zəng etsək də, telefonlarımıza cavab verən olmadı.