Beynəlxalq aləmin Azərbaycandakı seçkilərlə münasibəti necə olacaq?

Beynəlxalq aləmin Azərbaycandakı seçkilərlə münasibəti necə olacaq?

11-02-2018 00:42 / Bu xəbər 862 dəfə oxundu

Həzi Bəy

Beynəlxalq qurumların, xarici QHT-lərin və ümumiyyətlə, Azərbaycandan kənarda gördüyünüz istənilən quruluşların Azərbaycandakı növbədənkənar seçkilərlə bağlı birmənalı mövqeyi ola bilməz.

Müxalifət daxilində müzakirələr aparılanda, təbii ki, seçkilərə getmək və ya getməmək haqqda qərarlar qəbul ediləndə, Beynəlxalq aləmin nə dediyi nəzərə alınmasın, çünki Beynəlxalq aləm hər zaman "Seçkilərə gedin” deyəcək.

Məsələ ondan ibarətdir ki, Avropa Şurası, Avropa İttifaqı, ATƏT və s qurumların prinsipləri var. Məsəl üçün, əsas prinsip odur ki, hər kəs öz hüquqlarından istifadə etməlidir. Hüquqlar toxunulmazdır və s. Seçki də, hər kəsin hüququdur. Təbii ki, bu qurumlar hər kəsi hüquqlarından istifadə etməyə çağıracaq. Heç vaxt öncədən "Azərbaycanda seçki saxtalaşdırılacaq, boykot edin” çağırış olmayacaq.

Bildiyim qədəri ilə, Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda insanları seçkilərdə iştiraka təşviq etmək üçün təlimlər, mühazirələr, filmlər, debatlar və s təşkil edilir. Çox normaldır. Bu, Avropa İttifaqının insanları hüquqlarından istifadə etməyə təşviq edilməsi kimi qəbul edilməlidir. Yoxsa, Avropa İttifaqı Azərbaycanda seçkilərin şəffaf, ədaləti olmasına inanır deyib, istəmədən təbliğatı bu yöndə aparmayın. Zərərlidir.

İlham Əliyevin sərəncamından sonra, erkən qərarı Milli Şura və AXCP qəbul etdi və Əli Kərimli canlı yayımda seçkiləri boykot edəcəyimizi, mart ayından kütləvi dinc mitinqlərə başlayacağımızı dedi. Sonra noldu?

Dünyaca məşhur "Bloomberg” agentliyi Əli Kərimlinin "bu seçki keçirmək yox, seçkini oğurlamaq planıdır” fikirlərinə istinad edib, Azərbaycanda qeyri-demokratik idarəetməni və seçkilərin saxtalaşdırmaq ehtimalını yazıb. Milyonlarla insan həmin məqaləni oxuyub.

Bundan sonra, dünyaca məşhur "The Washington Post” qəzeti "Associated Press” agentliyinə istinadən Milli Şuranın seçkini boykot etməsindən və Cəmil Həsənlinin seçkini "təhqir” kimi qiymətləndirməsindən yazıb. Qəzet siyasi məhbusların olmasını, saytların bloklanmasını, müxalifətə olan təzyiqləri və s. məsələləri əlavə edib, bu formada seçkilərə getməyin mümkünsüz hesab edildiyini yazıb.

Elə həmin gün, Almaniya və Fransa mətbuatı da Azərbaycandakı seçki saxtakarlığından, Milli Şura və AXCP-nin seçkiləri boykot edəcəyindən yazıb.

Almaniyanın media nəhəngi Deutsche Welle (Alman Dalğası) yazıb ki, müxalifət liderləri seçkilərin irəli çəkilməsini kəskin tənqid edir. AXCP lideri Əli Kərimli deyir ki, seçkilər irəli çəkilib ki, müxalifətin seçki saxtakarlığının qarşısını almaq imkanları məhdudlaşdırılsın.

Fransanın mәhşur "liberation.fr” saytı da, Əli Kərimlinin fikirlərinə istinad edib, "Əsas müxalifәt partiyasının lideri Әli Kәrimli AFP-yә verdiyi müsahibәdә bildirib ki, Әliyevlәr 45 ildir iqtidardadır vә bu, demokratik respublika prinsiplәrinә ziddir” – deyə məqalə dərc edib.

Dostlar, bu media qurumları dünyanın ən nəhəng internet və çap medialarıdır. Bunların qısa zaman aralığında Əli Kərimliyə istinad edib Azərbaycandakı növbədənkənar seçkiləri ciddi şübhə altına alması bir mesaj deyil, sizcə? Beynəlxaq aləmin Azərbaycandakı seçkilərlə bağlı sizin düşündüyünüz kimi müsbət deyil, onlar daha qətiyyətli mövqe sərgiləyirlər, nəyinki bizim bəzi müxalifət təmsilçiləri.

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Mənbə: Abzas.net