"Bəzən dilənçi bilib pul uzadırlar" - REPORTAJ

30-09-2016 13:04 / Bu xəbər 1136 dəfə oxundu

Cavid Eyyubov: "Şəhərdə əlil arabası istifadəçisi görəndə hamı gözlərini zilləyib baxır”

"Atam evdə dedi ki, belə bir yer var istəyirsən get. Səni məcbur etmirik, xoşuna gəlməsə qayıdarsan".

Bunu Yeni Ramanada yerləşən "Əlillər Evi”ndə - 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzində peşə və reabilitasiya kursu keçən Göyçay sakini Cavid Eyyubov deyir. 

O, 1994 cü ildə  Göyçay rayonunun Mollahacılı kəndində anadan olub. 

Dediyinə görə, anadangəlmə əzələ boşluğu problemi var. 13 yaşına qədər təhsilini davam etdirməsinə baxmayaraq, səhhəti məktəbə getməsinə  imkan verməyib. Cavid bundan sonra evdə təhsil almaqdan imtina edib. Natamam orta təhsillidir. O həm də mərkəzin "Boccia"  idman növü  üzrə komandasının  oyunçularından biridir.

Mərkəz dövlət hesabına fəaliyyət göstərir. Peşə seçimindən asılı olaraq 3, yaxud 6 aylıq  tikiş, rəssamlıq, ağac oyma, kompyüter kursları fəaliyyət göstərir. Mərkəzdə əlil arabası istifadəçisi olan gənclər ilə yanaşı, eşitmə, görmə, nitq məhdudiyyətli şəxslər də peşə və reabilitasiya kursunu keçirlər.

Cavid deyir ki, o,  6 aylıq kursu başa vurduqdan sonra yenidən doğulduğu rayona qayıdacaq. 

Onunla elə "Əlillər evi"nin musiqi zalında görüşdük. 

"Feysbuk hesabımda əlil arabasında olan şəklimi paylaşmırdım. İstəmirdim insanların mənə yazığı gəlsin"

Bura gələndən sonra həyatında hansı dəyişikliklərin olduğunu isə belə izah etdi: "Əvvəl yalnız evdə oturudum,  sosial şəbəkələrin aktiv istifadəçisi idim. İnternet olandan sonra istədiyin adamla yazışmaq, ünsiyyət qurmaq elə də çətin deyil. Evdən çölə tez-tez  çıxmırdım.  Bütün günü kompüterin qabağında otururdum. Feysbuk hesabımda əlil arabasında olan şəklimi paylaşmırdım. İstəmirdim insanların mənə yazığı gəlsin. Bura gələndən sonra uşaqların öz şəkillərini paylaşdığını gördüm. Artıq kompleks etmirəm. Ağac üzərində oyma ilə məşğulam. Əvvəl kompüter kursunu istəyirdim.  Səhər 3 saat kurs olur, günorta yeməyindən sonra da  idman zalında istəyənlər  məşq edir".

"İnsanların zillənən baxışları adamı narahat edir"

Cavid buraya atasının məsləhəti ilə gəldiyini deyir: "Atam evdə dedi ki, belə bir yer var istəyirsən get. Səni məcbur etmirik, xoşuna gəlməsə qayıdarsan. Buraya gələndən sonra çoxlu dostlar qazandım və düşündüm ki, yaxşı olub gəlmişəm".

"Nə vaxtsa təhsilini davam etdirmək istəmisən, ali təhsil alıb, hansı peşəyə yiyələnmək istərdin?" sualımıza isə belə cavab verir: "Hə, istəmişəm, idman jurnalisti olmaq istərdim. Uşaqlıqdan futbolu çox sevirəm, kənddə məhlələr arasında yarış olanda mən də oynamağa gedirdim. Bura gələndə də oyunu gördüm və İlham müəllimin vasitəsi ilə komandaya qoşuldum". 

- "Boccia" da futbol kimidir?

- Yox, Boccia paralimpiya oyunlarına daxildir. Adətən, qollarında əzələ zəifliyi olan şəxslər oynayır.
 
- Bütün günün mərkəzdə keçir, şəhərə gəzməyə çıxmırsan?

- Bəzən dostlarımızla gəzməyə çıxırıq. Sonuncu dəfə "Formula 1" yarışları zamanı getmişdik.  Mərkəzdə olan dostlarımız orada könüllü  idi.

 - Şəhərdə gəzmək çətin deyil ki?

- Pandusların olmaması çətinlik yaradır. Parklarda, küçələrdə pandus olmayan yerlərdən ikinci şəxsin köməyi olmadan keçmək mümkün deyil. Burada da insanların zillənən baxışları adamı narahat edir. Əlilliyi olan insanlar var ki, evdən kənara çıxmırlar, sosial həyatları yoxdur. Həm də cəmiyyətdəki insanların münasibəti də buna təsir göstərir. Əlil arabası istifadəçisi görəndə baxışlarını zilləyib baxırlar. Bəzən də dilənçi zənn edib, pul uzadırlar.

 - Bəs kimsə pul uzadanda nə edirsən?

- Deyirəm ki, lazım deyil. Əlimlə başa salıram ki, istəmirəm.

"İstəyirəm ki, insanlar məni görsünlər"

 - 6 aylıq kurs bitəndən sonra evə qayıdacaqsan, nələri dəyişmək istəyirsən həyatında?

 - Əlil arabasında oturmaqla iş bitmir, yararlı olmaq olar. Məsələn, dülgər sexi işlətmək istəyirəm. Atam indi bənna işləyir, amma əvvələr o da dülgər idi. Göyçayda əlilliyi olan şəxslər arasında maarifləndirmə işləri aparmaq, ictimai birlik yaratmaq istərdim.

Cavid noyabrda Göyçayda keçirilən Nar bayramında əl işlərinin də sərgisini təşkil etmək arzusundadır: "Nar bayramında əl işlərimi sərgiyə çıxarmağa hazırlaşıram. Məqsəd əl işlərimi satmaq deyil, istəyirəm ki, insanlar məni görsünlər. Həm də bilsinlər ki, əlil arabasında olmasına baxmayaraq, bacarığı da var. Bəlkə, onlar da öz qonşularına, tanışlarına deyəcəklər. Biləcəklər ki, əlil arabasında oturmaqla iş bitmir, yararlı olmaq lazımdır".
 
Vəfa Şah
Toplumtv.com