''Bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar''

''Bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar''

10-10-2018 15:01 / Bu xəbər 1763 dəfə oxundu

''Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər''

Oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Prezident bu ili Azərbaycan üçün uğurlu adlandırıb:

"Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin edib və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayıb. Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Bu il bizim iştirakımızla bir neçə önəmli beynəlxalq hadisə baş verib. Onların arasında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyada Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb”.

"Danışıqlar formatı dəyişilməz olaraq qalır"

İlham Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların indiki mərhələsi ictimaiyyət üçün bəllidir.

"Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq”,- prezident vurğulayıb:

"Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır. Bununla yanaşı, əlbəttə ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir”.
İqtisadi məsələlərə toxunan prezident bildirib ki, bu ilin doqquz ayında Azərbaycan iqtisadiyyatı, yəni, ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb: "Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir. İnflyasiya cəmi 2,6 faizdir, əhalinin gəlirləri isə 9,5 faizdir. Yəni, gəlirlər inflyasiyanı üstələyir”.

"Köklü islahatlar davam etdirilir"

İlham Əliyevin sözlərinə görə, bu il iqtisadi sahədə köklü islahatlar davam etdirilir. Biz bu islahatların nəticələrini görürük. Xüsusilə vergi və gömrük sistemində aparılan islahatlar böyük dəyişikliyə, müsbətə doğru dəyişikliklərə səbəb olur. İslahatlar davam etdirilməlidir. Bu gün sahibkarları, ictimaiyyəti narahat edən vergi və gömrük sahəsində işlərlə, məsələlərlə bağlı bütün lazımi addımlar atılmalıdır ki, bu xoşagəlməz hallara son qoyulsun:

Foto Azərtac

"Gömrük orqanları bu il 800 milyon manatdan çox əlavə vəsait toplayıb. Mən bunu yüksək qiymətləndirirəm. Əminəm ki, ilin sonuna qədər bu məbləğ daha da artacaq. Bu, onu göstərir ki, ilk növbədə, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, idxal artır və idxalın artımı da sənayenin inkişafı ilə bağlıdır. Nəzərə alsaq ki, ixrac idxalı böyük dərəcədə üstələyir, biz idxalın artımına müsbət hal kimi yanaşmalıyıq. Bizim xarici ticarətimizin müsbət saldosu 9 ayda 6,5 milyard dollar təşkil edir. Bilirəm, bəziləri hesab edirlər ki, idxalın artımı müəyyən problemlər yarada bilər. Təbii ki, bu, belədir. Amma o təqdirdə ki, ixracımız artmasın. Gömrük rüsumlarının artırılmasının səbəblərindən biri də məhz idxalın artımıdır. Ancaq, eyni zamanda, deməliyəm ki, digər amillər də müsbət rol oynayır. O cümlədən struktur islahatları, şəffaflıq, korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə gömrük orqanlarında 800 milyon manatdan çox əlavə vəsaitin toplanmasına səbəb olubdur”.

"Şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir"

Dövlət başçısı vergidən yayınmaya son qoyulmasını vurğulayıb:

"Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq. Şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir, struktur islahatları davam etdirilməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək”.

"Münaqişə tərəflərinin daxili auditoriya ilə bağlı çox ciddi problemləri var"

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə deyib ki, münaqişə tərəflərinin daxili auditoriya ilə bağlı çox ciddi problemləri olduğundan yerli ictimaiyyətə "biz mövqelərimizdən geri çəkilmirik” mesajını verirlər. Ancaq danışıqlarda daha gerçək variantlar müzakirə olunsa da, tərəflər daxili auditoriyaya maksimal mövqelərinin olduğunu təlqin edir. Çox əcaib situasiya yaranıb. Hətta danışıqların formatı ilə bağlı maksimal mövqe var. Halbuki, söhbət formatdan çox nəticədən getməlidir. Çünki formatlar dəyişkəndir.

Rauf Mirqədirov

Politoloq deyib ki, münaqişə dövlətlərarasıdır, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var, müstəqillik haqda bəyannamələrinə nəzər salmaq yetərlidir. Amma daxili münaqişə də var, Dağlıq Qarabağda erməni vətəndaşları Azərbaycanı tanımır və tabe olmur. Nəticə etibar ilə birinci növbədə ətraf rayonlar azad edilməlidir, ardınca ermənilərə təhlükəsizlik təminatı verilməlidir. Yalnız bundan sonra Dağlıq Qarabağ erməniləri ilə yekun status müzakirə edilməlidir. Sadəcə, tərəflərin problemi həll etməyə hazır olub-olmamasından sonra hansı texnologiya tətbiqi müzakirə edilə bilər. Hazırda prinsipcə Azərbaycan tərəfinin təklif etdiyi mərhələli həll variantı yeganə dinc variantdır. Başqa variantlar müharibəyə aparır. Əgər müharibə olsa, yeni şərtləri yaranacaq. İlham Əliyevin həmin varianta hazırlığı hakimiyyətin kifayət qədər güclü, cəmiyyətin isə kifayət qədər zəif olması ilə bağlıdır. Azərbaycan hakimiyyəti Ermənistandakı hakimiyyət kimi toplumdan asılı deyil. Ermənistanda Qarabağ məsələsindən istifadə edib Baş nazir Paşinyanın hakimiyyətini sarsıtmaq olar. Ona görə Baş nazir parlament seçkilərini tez keçirmək istəyir.

"Artım bir sıra məhsullara tətbiq olunan gömrük rüsumlarının və idxal-vergi dərəcələrinin artması ilə əlaqəlidir"

İqtisadçı Nemət Əliyev prezidentin iqtisadi islahatlarla bağlı söylədiklərini belə şərh edib:

Nemət Əliyev

"Əgər doğrudan da gömrük orqanlarından əlavə 800 milyon vəsait olubsa, bunu köklü islahatların nəticəsi ilə bağlamaq yanlışdır. Birinci, dünya bazarında neftin qiyməti artıb, şübhəsiz ki, bu xəttlə ölkəyə gömrük daxilolmaları da artıb. İkinci, artım bir sıra məhsullara tətbiq olunan gömrük rüsumlarının və idxal-vergi dərəcələrinin artması ilə əlaqəlidir. Xatırlayırsızsa, ilin əvvəlində spirtli içkilərin, tütün məmulatların gömrük rüsumları və idxal-vergi dərəcələri artırıldı. Ona görə gömrük vasitəsilə daxil olan əlavə vəsait bununla bağlıdır. Yeri gəlmişkən, burda qiymətlərin artmasını da nəzərə almaq lazımdır. Xüsusən də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsulların qiymətlərində də artım müşahidə olunub”.
 
Meydan.Tv