“Bəzisi könüllü təslim oldu, bəzisi müqavimət göstərdi, bəzisi satıldı”

“Bəzisi könüllü təslim oldu, bəzisi müqavimət göstərdi, bəzisi satıldı”

27-04-2017 16:43 / Bu xəbər 1539 dəfə oxundu

Aprelin 26-da Sərhədsiz Reportyorlar Təşkilatının yaydığı Ümumdünya Mətbuat İndeksi sənədində Azərbaycan 180 ölkə içində 162, Gürcüstan 64, Ermənistan 79, Rusiya 148, Türkiyə 155-ci yeri tutub. 

Təşkilat xatırladıb ki, Azərbaycan ötənilki indeksdə 163-cü yerdəydi. İllik mətbuat azadlığı indeksinə rəngli xəritə də daxildir. Bu xəritədəki rənglər mətbuat azadlığının durumunu göstərir: ağ rəng – "yaxşı", sarı – "nisbətən yaxşı", narıncı – "problemli", qırmızı – "pis", qara rəng – "çox pis” durumu göstərir. Azərbaycan, İran və Özbəkistan qara, Gürcüstan və Ermənistan isə narıncı rənglə göstəriliblər. 

Xalid Ağalıyev: "Azərbaycanda çap mediası tamamilə sıradan çıxarılıb”

Media eksperti Xalid Ağalıyev Toplum TV-yə siyahını şərh edərkən bildirb ki, Azərbaycanın 162-ci yerdə olması ədalətlidir: "Belə hesabatlar hazırlanarkən qiymətləndirmə bir neçə meyar üzrə aparılır. Əfsuslar olsun ki, Azərbaycanda media aqzadlığının durumunu pozitiv qiymətləndirmək üçün hansısa bir meyar tapmaq çox çətindir. Ola bilsin ki, kimsə "hökumət jurnalistərin mənzil almasının belə qayğısına qalır” desin, ancaq nəzərə almaq lazımdır ki, bu arqumentin özü belə media azadlığının durumunu neqativ yöndən dəyərləndirən meyardır. Medianın ayrı-ayrı qollarını analiz etsək də, təəssüf ki, Azərbaycandakı durumu müsbət dəyərləndirmək üçün əsaslar atapa bilmirik”.

Öz təhlilində Azərbaycanda çap mediasının tamamilə sıradan çıxdığını qeyd edən media eksperti deyib ki, bu tip media tamamilə hökumətin kontroluna altına keçirilib və bu davamlı yürüdülən siyasət nəticəsində mümkün olub: "Çap mediasının yayım infrastrukturu az qala tam sıradan çıxarılıb. Yayım mediasının durumu daha öncədən belədir. Azərbaycanda hökumətə bağlılığı olmayan kimsə yayım mediası - TV, radioya sahib olmağa iddia edə bilməz. Son zamanlaradək nisbətən azad olduğu düşünülən ANS telekanalı vardı. Artıq həmin kanal da qapadılıb.

Azərbaycanda internet mediası nisbətən istisna təşkil edir. Ancaq son zamanlarda bu medianı təhdid edən tendensiyalar yaşanmaqdadır. İnternet mediasını tənzimləyən xeyli mürtəce qanunlar qəbul edilib. İnternet media fəalları davamlı basıqlara məruz qalırlar. Son zamanlarda xeyli həbs olayları da baş verib. Həbsdə olan 10-dan artıq jurnalist, bloger var. 

Ümumiyyətlə, Azərbaycanın içində medianın azadlığını qoruması çox müşkül məsələyə çevrilib. Azərbaycandan kənarda çalışan medialarla əməkdaşlıq belə risqli işə çevrilib. Azərbaycanda media azadlığının durumunun aşağı dəyərləndirməsi yuxarıda qeyd olunanalardan çıxan məntiqi nəticədir”. 

Rövşən Hacıbəyli: "Bəzi KİV-lər könüllü təslim oldu, bəzisi müqavimət göstərdi, bəzisi satıldı”

«Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli Toplum TV-yə verdiyi şərhdə qeyd edib ki, hesabatlarda yazılmasaydı  belə, bu gün Azərbaycanda medianın nə vəziyyətdə olması hər kəsə bəllidir: 

""Azadlıq” qəzetinin timsalında deyə bilərəm ki, ötən ilin sentyabr ayından qəzetin çapına qadağa qoyulub, buna qədər də aparılan siyasət Azərbaycanda müstəqil medianın sıradan çıxarılmasına yönəlmişdi. 2000-ci ildən sonra hakimiyyət yerini möhkəmləndirdi və azad mediaya qarşı hücuma başladı, onları bir-bir sıradan çıxardı. Nəticədə bugünkü mənzərə yarandı, bəzi KİV-lər könüllü təslim oldu, bəzisi müqavimət göstərdi, bəzisi satıldı. Bu baxımdan hesabatda axırıncı yerlərdə olmamız yenilik deyil və başa düşüləndir. Aparılan siyasət nəticəsində günümüzdə azad mediadan danışmaq demək olar ki, mümkünsüzdür. Bildiyiniz kimi, "Azadlıq” qəzetinin çapı dayandırıldıqdan sonra onun saytına da hücumlar təşkil olundu, daha sonra həm "Azadlıq” qəzetinin, həm də digər azad media saytlarına, Meydan TV-yə, Azadlıq Radiosuna, "Azərbaycan Saatı”nın saytına giriş bloklandı. Bu, Azərbaycan mediasının nə vəziyyətə salındığının göstəricisidir”. 

Seymur Kazımov: "Azərbaycanın sonlarda olması reallığı əks etdirir” 

Jurnalist Seymur Kazımov qeyd edib ki, Azərbaycanın hesabatda sonuncu yerlərdə olması gözlənilən idi və artıq neçə ildir ki, bu belədir: "Medianın əleyhinə olaraq qanunvericilik sərtləşdirilir (Cinayət Məcəlləsinin 147-148-ci maddələrinin jurnalistlərə qarşı tətbiqi, bu maddələrlə Mehman Hüseynov həbs edilib), eyni zamanda Azərbaycanda müstəqil, tənqidi, müxalif media sıradan çıxarılır, bu tip KİV-lərə reklam verilmir, telekanallar bir mərkəzdən idarə olunur. Media tədrisi də qənaətbəxş səviyyədə deyil. Medianın həm siyasi, həm iqtisadi, həm sosial, həm də təhsil tərəflərindən incələsək, görərik ki, standartlardan çox aşağıdır. Düzdür, siyahının tam obyektiv olub-olmamasını demək çətin olar, amma Azərbaycanın 162-ci yerdə olması reallığı əks etdirir”. 

RSF bu indeksi 2002-ci ildən bəri açıqlayır. Media azadlığı plüralizm, medianın müstəqilliyi, jurnalistlərin təhlükəsizliyi və azadlığına sayqı meyarları əsasında ölçülür.

Arqument.Az