"Bilirəm, ''yuxarı''dan gələn sifarişi yerinə yetirməyə məcbursunuz" - Rüfət Səfərov

11-07-2017 16:27 / Bu xəbər 2932 dəfə oxundu

Keçmiş müstəntiqin kassasiya şikayəti təmin edilməyib

İyulun 11-də Ali Məhkəmədə rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Meydan TV-nin məlumatına görə, hakim Gülzar Rzayevanın sədrlik etdiyi iclasda R. Səfərovun vəkilləri Fariz Namazlı, Bəhruz Bayramov və Yalçın İmanov çıxış ediblər. Onlar ittihamların əsassız olduğunu deyiblər. R. Səfərov barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Müşavirədən sonra qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib, hökm qüvvəsində saxlanılıb.

Məhkəmədə iştirak edək edən jurnalist Ramin Deko deyir ki, Rüfət Səfərov çıxışında hakim Gülzar Rzayevaya müraciət edib. Buradakı iki hakimi şəxsən tanımadığını söyləyib

''Amma sizin ədalətli, vicdanlı olduğunuza inanıram. Amma onu da bilirəm ki, heç nə sizin əlinizdə deyil. İmkanınız olsaydı, qanunsuzluqlara əl atmazdınız. Yuxarıdan gələn sifarişi yerinə yetirməyə məcbursuz, - deyə bildirib.

Bu zaman hakim başını aşağı salıb, gözləri yaşarıb. Jurnalist bildirir ki, o, Rüfət Səfərovun çıxışına tam qulaq asa bilməyib

''Arabir başını bulayıb sonu gözlədi. Müşavirədən qayıdan məhkəmə heyəti - Gülzar Rzayeva qərarı oxudu. Qırıq, güclə eşidiləcək səslə, iki cümlə dedi ''Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılsın. Rüfət Səfərovun şikayəti təmin edilməsin''.

Vəkillər qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini söyləyiblər.

Rəsmi məlumatlarda qeyd edilir ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R. Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında” qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. 

Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R. Səfərov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şirvan Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Bundan sonra R. Səfərov kassasiya şikayəti verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğlu olan R. Səfərov özünü təqsirli bilmir, ittihamları saxta adlandırır.