Binə sakinləri: ''Prezident sükanı bu tərəfə döndərsə…''

Binə sakinləri: ''Prezident sükanı bu tərəfə döndərsə…''

22-03-2019 15:55 / Bu xəbər 1524 dəfə oxundu

Rəhman Əşrəfov küçəsində yaşayanların deməsinə görə, hökumət yaxınlıqdakı məscidin ətrafını abad etsə də, ara küçələri "yamaqla” yola verib

Dedilər, prezident gəlib getsin, həll edərik”

"Elə ki, bir az səs-küy salırıq, gəlib yollarımıza yamaq vurub gedirlər”.

Bunu Meydan TV-yə Minə qəsəbəsi, Rəhman Əşrəfov küçəsinin sakinləri deyir. 

Onların iddiasına görə, bu küçə sonuncu dəfə Sovet vaxtı əsaslı təmir olunub. Sonradan müxtəlif məqsədlər üçün vaxtaşırı qazıntılar aparılıb və getdikcə yararsız vəziyyətə düşüb. Bir neçə il əvvəl yaxınlıqdakı məsciddə təmir işləri aparılanda onlara bildirilib ki, prezident və ailəsi təmir-bərpadan sonra əraziyə gələcək deyə, ətraf küçələrdəki yollara da mütləq asfalt döşənəcək. Ancaq vaxt-vədə yetişəndə, icra hakimiyyəti yalnız magistraldan məscidə aparan yolu təmir edib. Digər küçələrin yolları sonraya saxlanılıb. 

Sakin Hafiz Quliyev danışır: "Yaxınlığımızda Mövsüm Səlim məscidi var. Bir neçə il əvvəl Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olundu. Açılışdan əvvəl gecə-gündüz iş getdi, məscidin ətrafındakı əsas yolları asfaltlayıb şüşə kimi elədilər. İcra hakimiyyətinin başçısından tutmuş süpürgəçisinə kimi hamı tokülüşmüşdü yollara… Səbəb də o idi ki, prezidentlə xanımı açılışa gələcəkdi. Həmin vaxt icra hakimiyyətinin rəhbərliyinə yaxınlaşıb dedik ki, qonşuluqdakı küçədə yaşayırıq, yollarımız keçilməzdir, ora da bir-iki maşın asfalt töksəniz, dünya dağılmaz ki… Dedilər, prezident gəlib getsin, o məsələləri sonra həll edərik”.

"Sükanı biz tərəfə də çevirsəydi, güzəranımızı görərdi”

Rəhman Əşrəfov küçəsi Binə qəsəbəsində - şəhər mərkəzindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində gedəndə yoldan təxminən 300 metr aralıda yerləşir. Bu küçənin yüzlərlə sakini var. Üstəlik, ətraf küçələrdəki sakinlərin də gündəlik gediş-gəliş üçün ən çox istifadə etdiyi ərazidir. Sakinlər Meydan TV-yə danışırlar ki, vaxtaşırı bu küçənin sağında da, solunda asfalt örtükləri yenilənir. Ancaq ara küçələrin yolları 30 ildən çoxdur ki, təmirsizdir.

Yeni asfaltlanmış yol
Mənbə: meydan.tv

Başqa sakin Heydər Abbaslı hesab edir ki, bir neçə il əvvəl Bakı və Bakıətrafı qəsəbələrin abadlaşdırılması adı altında dövlət büdcəsindən ayrılan milyonlarla pul vəsaitiylə özlərinin istifadə etdikləri əraziləri abadlaşdırıblar:

"Bir tərəfimiz aeroport yoludur, tez-tez əl gəzdirirlər, bir tərəfimiz məsciddir, aramız vur-tut 70-80 metrdir ola, ya olmaya… Oranı da Heydər Əliyev Fondu təmir edib deyə, başqa istiqamətdən məscidə aparan yola yaxşı qulluq eləyirlər, biz tərəfdən gedən yola isə baxmırlar. Ərazimizdə nə asfalt örtüyü var, nə kanalizasiya… Bu işlərə görə dövlətin büdcəsindən pul ayrıldı, hamısı öz bağlarına, villalarına aparan yolların təmirinə xərcləndi. Aeroportdan o tərəfə yalnız prezidentin Şüvəlandakı iqamətgahına aparan yolüstü ərazilər abadlaşdırıldı ki, prezident keçəndə görsün. Bu prezident hərdən maşınının sükanını ara küçələrə tərəf çevirsəydi, bizim də güzəranımızı görərdi”.