Binədəki qəzaya görə həbs olunanlar var

Binədəki qəzaya görə həbs olunanlar var

06-10-2018 18:24 / Bu xəbər 142 dəfə oxundu

Oktyabrın 1-də Xəzər rayonunun Binə qəsəbəsində baş vermiş yol qəzası ilə bağlı iki nəfər həbs edilib. 

Bu barədə Bakı Şəhər Prokurorluğunun oktyabrın 6-da yaydığı məlumatda bildirilir.

"Fakta görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb”, məlumatda yazılıb.

Məlumata görə, hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi, məhkəmə-narkoloji, məhkəmə yol nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin ifadələri alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Bakı Şəhər Prokurorluğu vurğulayır ki, sürücü Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlumatda iddia olunur ki, qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edilib. "Ayşən LTD” MMC-də dispetçer işləyən Mübariz Fərəcov Cinayət Məcəlləsinin 265-1.3-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Onun barəsindədə də məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hələlik Bakı Şəhər Prokurorluğunun bu açıqlamasına həbs edilən şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Oktyabrın 1-də Bakı şəhər Xəzər rayonun Binə qəsəbəsinə işləyən 160 saylı avtobus qatarla toqqşub. Hadisə nəticəsində 2 nəfər vəfat edib, 40-dan çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.