Binəqədi sakini: "Pul istədilər, vermədim, evimi sökdülər"

Binəqədi sakini:

07-08-2018 16:29 / Bu xəbər 834 dəfə oxundu

"Qorxmaz Hüseynov dedi ki, get tik. Gəlib sökdülər ki, Əlipaşa müəllim deyib" 

"Binəqədi rayonu, 28 May qəsəbəsində ev tikirəm, gəlib sökürlər. Əvvəl "Azərsu"nun yerli şöbəsinin əməkdaşları məndən 2000 manat pul istədilər. İmkanım olmadı, dayandırdılar. Gedib "Azərsu" sədri Qorxmaz Hüseynovun qəbuluna düşdüm, vəziyyəti ona danışdım. O da işçilərinə tapşırıq verdi ki, mane olmayın. Mənə də dedi ki, get evini tik. Dünən isə Binəqədi Rayonu İcra Hakimiyyətinin və Binəqədi Bələdiyyəsinin əməkdaşları gəlib 9 daş üzərində tikdiyim evi sökdülər. Dedilər ki, Əlipaşa müəllimin tapşırığıdır". 

Bunu Arqument.Az-a Binəqədi rayonu 28 May qəsəbəsində yaşayan Şükürova Yeganə deyib. 

O deyir ki, torpağı 2013-cü ildə alıb: "Ətrafımda hamı ev tikib. Mənə icazə verilmir. Deyirlər ki, bunlar necə həll edib, sən də elə elə. Bütün dövlət qurumlarına müraciət etmişəm. Nazirlər Kabinetin də getmişəm. Amma problemimi həll edən yoxdur". 

Yeganə Şükürova deyir ki, həyat yoldaşı xəstədir, bir azyaşlı uşağı var: "Mən özümü güclə dolandırıram. Əlavə gəlir yerim yoxdur. Bu qədər pulu haradan tapıb onlara verim".

Onun sözlərinə görə, Qorxmaz Hüseynovun tapşırığından sonra "Azərsu" işçiləri ona problem yaratmasalar da, İcra Hakimiyyəti və Bələdiyyə mane olur: "Bələdiyyədən sənəd də almışam. Dedilər ki, ödəniş elə, sənə sənəd verək. Mən də ödəniş elədim və tkikməyə başladım. İndi də gəlib sökürlər. Şikayətlərimə isə məhəl qoyulmur. Cavabları da budur: Əlipaşa müəllim deyibsə, söküləcək, vəssalam".

Mövzu ilə bağlı Binəqədi Rayonu İcra Hakimiyyətinin 28 May qəsəbə nümayəndəsi Əlipaşa Xankişiyevlə əlaqə saxldıq. 

O, Arqument.Az-a bu mövzu ilə bağlı danışa bilməyəcəyini dedi: "Vətəndaşın şikayəti varsa, İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinə müraciət etsin. Bu işlərə onlar baxır".

İcra nümayəndəsi vətəndaşın evinin sökülməsi və digər iddialarla bağlı suala isə belə cavab verdi: "Məni kimsə sorğu-sual edə bilməz. Şikayət və problem varsa, İcra Hakimiyyətinə müraciət edilsin".

İcra başçısının müavini Aygün Əliyevanın məzuniyyət olduğu bildirildi. 

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov və ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov isə zənglərimizə cavab vermədi. 
 
Arqument.Az