Binəqədidə içməli su biznesi: "Hər ay 50 manat suya veririk..." (FOTO/VİDEO)

Binəqədidə içməli su biznesi:

19-06-2017 15:37 / Bu xəbər 248 dəfə oxundu

İlin bütün fəsillərində su sarıdan əziyyət çəkən Sulutəpə sakinlərinə üçün yay əsl cəhənnəm kimi gəlir. Sakinlərin əsas problemi, gileyi, ortaq dərdi sudur... Qəsəbənin yarı hissəsində su olsa da, yarısında susuz həyat davam edir.

"Yeni Məhəllə” ərazisində su xətləri olsa da, "Yuxarı Məhəllə” adlanan ərazidən başlayaraq təpəliklərə doğru məskunlaşan sakinlər bir damla suya həsrət qalıblar. Tərslikdən Sulutəpə əhalisinin əksər hissəsi də burada məskunlaşıb. İllərdir ki, rəsmi qurumlar su xətti çəkəcəklərinə dair vəd verərək camaatı ümidləndirməklə məşğuldurlar.

"Yeni Müsavat”ın müxbiri Sulutəpə qəsəbəsinin su problemini işıqlandırmaq üçün bu əraziyə baş çəkib.

Sulutəpə qəsəbəsinin sakinləri jurnalist olduğumuzu bilən kimi dərdlərini anlatmağa çalışıblar.

Ahıl yaşda olan Nüsrət Vəliyev adlı sakin xahişlə, çarəsiz şəkildə səslənib: "Ay jurnalist oğlum, səni Allaha and verirəm, məni çək danışım, biz zülmdəyik...”.

İnsanlar o qədər çarəsiz qalıb ki, artıq aidiyyatı qurumlardan, "Azərsu”dan ümidlərini üzərək mətbuata bağlayıblar. Halbuki hər il eyni problem dəfələrlə mətbuatda işıqlandırılıb, dövlət qurumlarının diqqətinə çatdırılıb. Bütün rəsmi qurumlar da Sulutəpədəki acınacaqlı durum haqqında məlumatlıdır.

Adının çəkilməsini istəməyən qəsəbə sakini su xətlərinin çəkilməməsinin səbəbini belə izah edib: "Yüzlərlə ailə suyu pulla alır. Düşünün, hansı zəmanədə yaşayırıq ki, suya pul veririk. Bir maşın suyu 25-30 manata alırıq. Bu sudan həm içirik, həm də yuyunuruq. Bu səbəbdən də yay aylarında su xərcimiz 50 manata qalxır. Halbuki, ailədə 4 nəfərik. Su xətəri olsa, dövlət rüsumu olaraq hər ay adambaşına 1 manat 60 qəpikdən ödəsək, ayda 6-7 manat xərc eləyir. Hər ay 40 manat xərcimiz çıxır. Niyə? Aldığımız suların da Qəbələ suyu olduğunu deyirlər, üstəgəl suyun satışı Azərsu”nun səlahiyyətindədir. Deməli bizim qəsəbədə su xəttinin olmamasından qazanclı çıxan da bu qurumdur. Belə çıxır ki, camaata suyu bu səbəbdən çəkmirlər... İllərdir ki, suyu pulla aldıq, artıq bəsdir, bir az da dövlət xərcləsin. Bu neçə ildə camaat yalnız öz vəsaiti hesabına balaca bir su xətti çəkib, ona da bir neçə adam qoşula bilir”.

Çəkiliş zamanı qəsəbə ərazisindəki yaşıllıqların, o cümlədən həyətlərdə əkilən ağacların, dekorativ bitkilərin də susuzluqdan məhv olduğu müşahidə olunub.

Qaynarinfo.Az