"Bir ağac tap, bir kəndir, bir də ağlamağı sevən adam" - Emil Rasimoğlu

24-08-2017 18:22 / Bu xəbər 2516 dəfə oxundu

Arqument.Az  Emil Rasimoğlunun yeni şeirini təqdim edir:

(Əlisəmid Kürə ünvanlanan sətirlər)
 
Yarı adam, yarı at
söykənib uçmuş divara.
Sən hansısan, Əlisəmid Kür?!.
Bəlkə də, heç biri deyilsən,
Elə Allah kimi
bəlkə də, hamısısan, Əlsəmid Kür.!

Hər "sağlıq" dedikcə ölürsən bir badənin dibində,
Öldükcə,
qaçıb gizlənib özündən
Gülürsən bir badənin dibində...
Sən demə, 
hər gün əlil olmuş taleyini qucaqlayıb 
Əlisəmid-Əlisəmid ağlamaqmış bu həyat...
Nə bilim, ay yarı adam, yarı at.

Hardasa şəklin qocalıb 
bir qadının qarğışında...
Nə bilim ee, nə bilim,
bəlkə də, qəbrində,
bəlkə də, sonuncu qışında...

Dişləri vətənimə bənzəyən şair, eşidirsənmi...
Tanrı həbsxanaları öldürə bilmir.
Sən ömründə neçə həbsxana öldürmüsən,
Qanına oğlun, qızın bulaşıb...

Yarı adam, yarı at
söykənib uçmuş divara.
Sən hansısan, Əlisəmid Kür...?!
Bəlkə də heç biri deyilsən,
Elə Allah kimi
bəlkə də, hamısısan, Əlsəmid Kür !

...Səni Vətən unudacaq, 
dilənçilər unutmayacaq.
Bir ağac tap, bir də kəndir, 
bir də ağlamağı sevən adam.
Allaha ümid olma...

Emil RASİMOĞLU