"Bir an nəzərim çaşdı, həmən ölmüşə düşdü"

17-06-2017 00:56 / Bu xəbər 2733 dəfə oxundu

Arqument.Az şairə Xatirə Xatunun qəzəllərini təqdim edir:

Bir dilbərin eşqində könül atəşə düşdü,
Artdıqca bu atəş adı dildən-dişə düşdü.

Ayinə kimi qəlbimi söznən elə qırdı,
Bir naşı əlindən elə bildim şüşə düşdü.

Çoxları düşüb bəndə siyəh zülfün əlindən,
Duycaq bunu, ey yar, ürəyim təşvişə düşdü.

Oldum dodağın üstə yatan xalına mail,
Kimlər ki bilib, söylədi: yazıq işə düşdü".

Bir gülməyi vardır ki, tamam ağlımı aldı, 
Meylim elə çəkdi, təməhim kişmişə düşdü.

Dünya da o an sanki çiçək açdı gözümdə,
Bir an nəzərim çaşdı, həmən ölmüşə düşdü.

Çox heyf ki, öz Yusifinə yetmədi Xatun,
Kor bəxtə darıxmaq kimi axmaq peşə düşdü.

***

Ey badi-səba, görsən əgər yarı götür gəl,
Dil verdiyim ol sevgili dildari götür gəl.

Gör bir nə zamandır çəkirəm zülfünə həsrət,
İmkan eləsən bir telin al barı götür gəl.

Məxmur gözü yadə düşəndə qəmim artar,
Ol saqiyi-gülçöhrəni,qəmxari götür gəl.

Bəs etmədimi verdiyi gənc ömrümü badə,
Arami-dilim, nazlı sitəmkari götür gəl.

İnsaf elə,gəl gör necə viranədi könlüm,
Abad eləməycün get o memarı götür gəl.

Qəm ləşkəri can mülkünü tutmuş, nola, Xatun,
Dərdim ona ərz eylə,o sərdari götür gəl.

***

Ey dil, demədin bəs niyə cananə bu dərdi?
Ol çeşmi-siyəh, zülfü pərişanə bu dərdi?
 
Ey şəmi cəmalım, dolanım başuva, rəhm et,
Mən ki çəkirəm, çəkmədi pərvanə bu dərdi.
 
Ol qədri günah işləmişəm məscidə sığmaz,
Çəksə çəkəcəkdir yenə meyxanə bu dərdi.
 
Sərməst gözün, saqi, verər ömrümü badə,
Nə badə çəkər bunca, nə peymanə bu dərdi.
 
Hicran yükünü, ey könül, aqil çəkə bilməz,
Ver çəksin ürəkdən başa divanə bu dərdi!
 
Al şanə ələ, zülfünü tök gül üzə tel-tel,
Mən seyr eliyim, çəksin əcəb şanə bu dərdi.
 
Qurbanın olum, sirrimi əğyarə danışma,
Hər nə deyisən de, demə bir danə bu dərdi.
 
Eşq əhli gərək eşqdə sabitqədəm olsun,
Mən tək çəkə bilməz axı biganə bu dərdi!
 
Xatun, belə tutmuş görürəm ta nəfəsün var,
Çəkdin, çəkəcəksən elə mərdanə bu dərdi.