Bir demokratın taleyi

Bir demokratın taleyi

20-02-2017 18:32 / Bu xəbər 1809 dəfə oxundu

Yadigar Sadıqov

Onun haqqında çoxdan yazmaq istəyirdim. Çünki şəxsi qənaətimcə, otaylı-butaylı Azərbaycanın XX əsrdə siyasətə bəxş etdiyi şəxslər sırasında ilk onluqda yer alması şübhəsizdir. Buna görə də cəmiyyətimizə daha yaxından tanıtmaq lazım olduğunu düşünürdüm.

Lakin mövzunun oxucuya nə qədər maraqlı olacağı barədə tərəddüddə idim. Bugünlərdə İran İslam inqilabının ildönümü ilə əlaqədar sosial şəbəkələrdə gedən diskussiya fikrimi qətiləşdirdi. Çünki qəhrəmanımızın taleyi bu inqilab və sonrakı proseslərlə sıx bağlıdır.

Mehdi Bazərgan 1907-ci il sentyabrın 1-də Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib. Onların nəsli İranın şimal-qərbində yerləşən, Türkiyə sərhədindən 3 km-lik məsafədəki Bazərgan məntəqəsindədir. Atası Hacı Abbasqulu zəngin tacir idi. Buna görə gənc Mehdi mükəmməl təhsil almaq imkanına malik olub. İlkin təhsildən sonra o Rza şah hökumətinin göndərişi ilə 1926-1936-cı illərdə Parisdə termodinamika mühəndisi ixtisasına yiyələnir və ölkəsinə dönür.

Artıq bu dövrlərdə Bazərgan İran cəmiyyətində öz şəxsi keyfiyyətləri, xüsusən də intellekti ilə məşhurlaşır. Sonralar bir çoxu Mehdi Bazərganı İran intellektuallarının "xaç atası" sayacaqlar. 1939-cu ildən İranı məşhur Təbatəbai nəslindən olan Mələk xanımla evlənməsi onun əlaqələrini daha da genişləndirir.

İkinci cahan savaşı illərində Bazərgan ona təhsil vermiş Fransanın köməyinə getməyi özünə borc bilir və de Qollun rəhbərlik etdiyi Müqavimət hərəkatında iştirak edir. 40-cı illərin ikinci yarısında isə Tehran Universitetinin mühəndislik fakültəsinin ilk dekanı olur.

Bu illər bütün dünyada olduğu kimi İranda da ciddi ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdür. 1949-cu ildə islahatçı siyasi xadim Məhəmməd Mosaddeq (bizdə daha çox Müsəddiq yazılır) İranın milli, liberal, sosial-demokrat yönümlü bir çox siyasi təşkilatlarını Milli Cəbhədə birləşdirir.

1950-ci ildə keçirilən parlament seçkilərində Milli Cəbhə deputat yerlərinin əksəriyyətini qazanır. Bu da Mosaddeqə çoxdan arzuladığı aksiyanı – İranın neft yataqlarını milliləşdirilməsini həyata keçirməyə imkan verir. Müvafiq qanun 1951-ci ilin martın 15-də qəbul olunur.

Aprelin 28-də isə Məhəmməd Mosaddeq İranın baş naziri seçilir. Ölkədə baş verən bu dinc, lakin inqilabi dəyişikliklər qəhrəmanımızın həyatından da yan keçmir. Məhz Mehdi Bazərgan yeni yaradılan İran Milli Neft Şirkətinin ilk rəhbəri təyin olunur.

Lakin Mosaddeqin şah hakimiyyətini məhdudlaşdırmaq, feodal münasibətlərini ləğv etmək yolundakı islahatları daxili irticanın, neft yataqlarını milliləşdirmək kursu isə İngiltərə və ABŞ-ın maraqlarına uyğun gəlmirdi. Bu iki ölkənin xüsusi xidmət orqanlarının planlaşdırdığı və daxili irticanın köməyi ilə həyata keçirilən "Ayaks" əməliyyatı nəticəsində 1953-cü ilin avqustunda Mosaddeq hökuməti devrildi.

İran demokratları qeyri-leqal şəraitdə mübarizəni davam etdirsələr də, yalnız 1960-cı ildə yenidən təşkilatlana bildilər. Tarixşünaslıqda İkinci Milli Cəbhə adlandırılan bu təşkilatın rəhbərliyində artıq Bazərgan da təmsil olunurdu. Ondan əlavə Şapur Bəxtiyar, Kərim Səncabi, Dariuş Forouhar, Qulamhüseyn Sadiqi, Allahyar Saleh və digər liberallar Milli Cəbhənin liderləri idilər.

Lakin daxili fikir ayrılıqları səbəbindən Mehdi Bazərgan bir il sonra Milli Cəbhəni tərk etdi. O 1961-ci ildə ayətullah Taleqani ilə birlikdə İran Azadlıq Hərəkatı adlı təşkilat yaradır. Liberal, dünəvi Milli Cəbhədən fərqli olaraq İAH demokratik, lakin İslam qaydalarının əhəmiyyətli rol oynayacağı cəmiyyətin qurulmasını hədəfləyirdi.

60-cı illərdə Bazərgan bir neçə dəfə həbs olunur. 1964-cü ildə şah məhkəməsi onu 10 il azadlıqdan məhrum edir, lakin 3 il sonra siyasətlə məşğul olmamaq şərti ilə azad olunur. Sonrakı 10 il ərzidə Mehdi Bazərgan tikinti biznesi ilə məşğul olur.

1978-ci ilin ilk günlərində İranda etiraz hərəkatının vüsət alması ilə Bazərgan yenidən siyasətə qayıdır. O, daha çox müstəqil şəxs kimi davranaraq Fransada yaşayan ayətullah Xomeyni və Milli Cəbhə arasında vasitəçilik edir, monarxiyaya qarşı vahid müqavimət düşərgəsinin yaranmasına çalışır.

Bu dövrdə Milli Cəbhə də dünyəvi modeldən imtina edir, din və demokratiyanın sintezi haqqında danışır. Bu da onun daxilində parçalanmaya səbəb olur. Kərim Səncabi Parisə gedib Xomeyni ilə razılaşma axtararkən, Şapur Bəxtiyar konstitusiyalı monarxiya quruluşuna tərəfdar çıxaraq şahin baş nazir postu təklifini qəbul edir. Təşkilat üzvlərinin əksəriyyəti isə Səncabi xəttini dəstəkləyir.

Hələ inqilab qalib gəlməmiş, 1979-cu ilin fevralın 4-də Ruhullah Xomeyni yeni hökumətin qurulmasını Mehdi Bazərgana tapşırır. 1 həftə sonra, inqilabın qələbəsi və monarxiyanın son baş naziri Şapur Bəxtiyarın istefasından sonra ikihakimiyyətlilik sona yetir və Bazərgan İran Respublikasının ilk baş naziri olur.

Mömin olmasına və İslam qaydalarına ciddi əməl etməsinə baxmayaraq, Mehdi Bazərgan teokratik dövlət quruluşunun tərəfdarı deyildi. Bu səbəbdən də onunla Xomeyni arasında fikir ayrılıqları ilk günlərdən zühur edir. Baş nazir "vilayəti-fəqih" institituna qarşı çıxır, ölkənin yeni adını İran İslam Demokratik Respublikası olmasını istəyirdi. Lakin Xomeyni "Demokratik" sözünün tətbiqini qəti surətdə rədd edir. Martın son günlərində keçirilən referendumda dövlətin adı rəsmən İran İslam Respublikası olaraq qəbul edildi.

Baş nazir həmçinin inqilabdan sonrakı repressiyaların qarşısını almağa çalışır, lakin cüzi istisnalarla bunu bacarmırdı. Məhdud səlahiyyətlər ona çoxsaylı ölüm hökmlərini ləğv etməyə imkan vermirdi. İki dəfə istefa versə də, Xomeyni tərəfindən qəbul olunmadı.

Noyabrın 4-də radikallaşmış kütlənin ABŞ səfirliyinə hücumu və diplomatların ailələri ilə birlikdə girov götürülməsi baş nazirin səbrini daşdıran son damla oldu. İki gün sonra o kabineti ilə birlikdə istefa verdi.

1980-ci ildə keçirilən parlament seçkilərində Məclisə düşən Bazərgan artıq müxalif mövqedən çıxış edir. O, təhsil sahəsində aparılan və "mədəni inqilab" adını almış siyasəti kəskin tənqid edir, demokratiyanı təbliğ edir. İran-İraq müharibəsi zamanı işğal olunmuş ərazilər azad edildikdən sonra hərbi əməliyyatların davam etdirilməsinə qarşı çıxır.

Bu dövr İran inqilabının transformasiya dövrü yaşanır. Hakimiyyətdə özlərini daha inamlı hiss edən, İran-İraq müharibəsindən rejimi möhkəmləndirmək üçün istifadə edən ruhanilər dünyəvi xadimlərdən qurtulmağa başlayırlar. İİR-in ilk xarici işlər naziri Kərim Səncabi 14 ay gizləndikdən sonra ölkədən qaçdı.

Daha bir keçmiş xarici işlər naziri, bir zamanlar Bazərganın rəhbərlik etdiyi İran Azadlıq Hərəkatının nümayəndəsi Sadeq Qotbzade 1982-ci ildə "Xomeyniyə sui-qəsd hazırlamaq" ittihamı ilə edam olundu.

İlk prezident seçkilərində qalib gəlmiş Əbülhəsən Bənisədr ilyarım sonra dimpiçmentə məruz qaldı və möcüzə nəticəsində ölkədən qaça bildi. Ayətullah Xomeyninin Fransada ən yaxın adamlarından sayılan, bir müddət baş nazirin müavini olmuş Sadek Təbatəbai Almaniya səfir göndərildi, 1986-cı ildən sonra heç bir dövlət vəzifəsinə layiq görülmədi.

Milli cəbhənin liderlərindən biri, inqilabdan sonrakı ilk nazirlər kabinetində Əmək naziri olmuş Dariuş Forouhar uzun müddət nəzarət altında saxlandı. Lakin bu cəsarətli şəxs teokratik quruluşun tənqidindən çəkinmirdi. Nəhayət, 1998-ci ildə öz evində arvadı ilə birlikdə öldürüldü və bu cinayətin üstü açılmadı.

Hətta daha mülayim mövqe tutan ruhanilər belə cəzasız qalmadılar. Ayətullah Taleqani hələ 1979-cu ildə oğlanlarının həbsindən sonra siyasətdən çəkildi və sentyabr ayında vəfat etdi. Ayətullah Şəriətmədari isə ömrünün sonuna kimi Təbrizdə ev dustağı oldu.

Bazərgan isə çəkinmədən, mühacirət etmədən mübarizəsini davam etdirirdi. O, 1982-ci ildə Məclisin spikeri Rəfsəncaniyə göndərdiyi məktubda inqilabın nəticələrindən məyus olduğunu bildirir, hökuməti terror və qorxu atmosferi yaratmaqda, həbsxana və məzarlıqları doldurmaqda günahlandırırdı.

İran Azadlıq Hərəkatı 1984-cü il seçkilərini boykot etdiyindən Bazərgan yeni Məclisə düşə bilmədi. O, 1985-ci ildə İran prezidentliyinə namizədliyini irəli sürdü, lakin Konstitusiyanı müdafiə şurası "etibarsız element" kimi onu qeydə almadı. Nəticədə tərəfdarları seçkini boykot etdilər.

1986-cı ildə Bazərgan və bir neçə tərəfdarı bir qrup radikal tərəfindən oğurlandı, fiziki təzyiqə məruz qalandan sonra buraxıldılar. Həmin il ABŞ-ın İsrail vasitəsilə İrana gizli silah satışı barədə skandalın (İrangeyt) üzə çıxması da Bazərganın hökuməti sərt tənqid etməsinə səbəb oldu.

Ömrünün sonuna qədər demokratiya urunda mübarizə aparan Mehdi Bazərgan 1994-cü illərin sonlarında infarkt keçirdikdən sonra müalicə üçün İsveçrəyə gəldi və növbəti il yanvarın 20-də burada vəfat etdi.

Mehdi Bazərgan İran vətənpərvəri olan bir demokrat idi. O nə ABŞ kapitalizmini, nə də sovet kommunizmini qəbul etmir, Avropanın sosial yönlü dövlətləri tipli bir quruluşun tərəfdarı idi. Lakin bu məqsədə din qaydaları və din xadimləri vasitəsilə çatacağını düşünməsi onun ən böyük səhvi idi. Nəticədə, xadimi olduğu inqilab onun özünü yad element kimi dışladı.

Mənbə: Meydan.Tv