Bir həftənin əsgərinin ölüm səbəbi - Avropa Məhkəməsinin qərarı

Bir həftənin əsgərinin ölüm səbəbi - Avropa Məhkəməsinin qərarı

18-02-2019 12:38 / Bu xəbər 1997 dəfə oxundu

Avropa İnsan Haqları Məhkəməsi universiteti bitirdikdən sonra hərbi xidmətə yollanan və bir həftə sonra evlərinə meyiti göndərilən Urxan Məmmədovun ölümü ilə bağlı qərar çıxarıb.

Məhkəmə mərhum U.Məmmədovun atası Əli Məmmədovun şikayətini təmin edib. 

Bu işdə İnsan Hüquqları və Əsas Azadlıqlara dair Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulduğunu təsdiqləyən Məhkəmə hesab edib ki, Azərbaycan hökuməti 21 yaşlı gəncin ölümü ilə bağlı effektiv araşdırma aparmayıb.

Döşəmə xlor və kerosinlə silinib

U.Məmmədov bir neçə il öncə iyulun 7-də hərbi xidmətə yollanmamışdan öncə Mərkəzi Neftçilər Xəstəxanası və Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müayinələrdən keçib. Onda ürək qüsuru, hərbi xidmətə getməyə mane olan başqa bir xəstəlik tapılmayıb. Hərbi xidmətdən bir gün əvvəl - iyulun 6-da Nərimanov Rayon Hərbi Komissarlığında onu müayinə edənlər də məhdudiyyətlə hərbi xidmətə yararlı hesab ediblər.

Öncə Bərdəyə, oradan da Şəkidəki hərbi hissəyə göndərilən U.Məmmədov 6 gün sonra – iyulun 13-də ailəsinə zəng edərək, bəzi əşyalar istəyib, atasının dediyinə görə, həmin söhbətdə səhhətindən şikayətlənməyib. Ertəsi gün – iyulun 14-də səhər saat 10 radələrində atasını hərbi komissarlığa çağırıb, ona oğlunun ölümü barədə məlumat veriblər.

U.Məmmədovun ölümü ilə bağlı rəsmi sənədlərdə yazılıb ki, U.Məmmədov səhər saat 5 radələrində xırıldayıb, əsgərlər onu kazarmadan çıxarıb süni nəfəs verməyə çalışıblar. Ardınca da Şəki Mərkəzi Xəstəxanasına aparılsa da, artıq gec olub. Zaqatala Hərbi Prokurorluğunun hadisə yerinə baxış protokolunda yazılıb ki, ölümə aidiyyəti ola biləcək heç bir hal aşkarlanmayıb.

Baxış keçiriləndə artıq onun çarpayısını digər əsgərlər səliqəyə salmış, döşəmə isə araşdırmadan öncə xlor və kerosinlə silinibmiş. Meyitə baxış protokolunda da yazılıb ki, bədəndə müxtəlif xəsarət izləri var: kürəkdə qançır, cızıqlar, dərialtı qansızma, əlində sıyrıqlar. Meyitin fotoları da çəkilərək, sənədlərə əlavə olunub.

Avropa Məhkəməsinin qərarında yazılıb ki, bu işlə bağlı kommunikasiya vaxtı Azərbaycan hökuməti Strasburqa fotoları ağ-qara formada göndərib, şikayətçi Ə.Məmmədov isə onların rəngli versiyalarını. Rəngli fotolardan görünüb ki, boyun nahiyəsində, gözünün altında da göyərtilər var. Ancaq prokurorluğun protokolunda həmin xəsarətlər qeyd olunmayıb.

Tibbi ekspert U.Məmmədovun kəskin tənəffüs çatışmazlığından ölməsi barədə rəy verib. Üzərindəki xəsarətlərə gəlincə, ekspertlər hesab edib ki, onlar ölümə gətirib çıxaracaq xəsarətlər deyil. Amma rəydə yazılıb ki, onlar küt əşyanın təsirindən, ölümdən bir-üç gün öncə yarana bilərdi.

Zaqatala Rayon Prokurorluğu üç ay sonra bu ölüm faktı üzrə cinayət işi başlanmasının rədd olunması barədə qərar verib. Xəsarətlərə gəlincə, qərarda yazılıb ki, onlar hərbi xidmətdə fiziki hazırlıq zamanı, ya da əsgərlər onu ayıltmağa çalışarkən yetirilə bilərdi.

Ə.Məmmədov oğlunun ölümü ilə əlaqədar prokurorluğun qərarından narazı qalaraq məhkəməyə müraciət edib. Amma yerli məhkəmələrin heç biri onun şikayətini təmin etməyib. Ata Avropa Məhkəməsinə ərizəsində Konvensiyanın 2 (yaşamaq hüququ), 3 (işgəncəyə, qeyri-insani rəftara məruz qalmamaq hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinin pozuntusunun tanınmasını, maddi ziyana görə 27 min 672 manat (universitetə çəkilmiş xərc və s.), mənəvi ziyana görə isə 200 min avro kompensasiya tələb edib. Avropa Məhkəməsi isə fevralın 14-də çıxardığı qərarda Konvensiyanın 2-ci maddəsinin pozuntusunu tanımaqla, 15 min avro kompensasiya təyin edib.

Azadlıq Radiosu