"Bir oğru getdi, başqa bir oğru gələcək" - Zərdüşt Əlizadə

28-04-2018 12:25 / Bu xəbər 1973 dəfə oxundu

Martın 31-dən bəri Ermənistanda gərginlik səngimir. 

Jurnalist və deputat Nikol Paşinyanın liderliyi ilə keçirilən aksiyanın nəticəsi olaraq Baş nazir seçilmiş sabiq prezident Serj Sarkisyan postundan istefa verdi. 

Etirazlar isə davam edir. İndi aksiyaçılar hakim Ermənistan Respublika Partiyasına (ERP) və hazırkı Baş nazir müavini Karen Karapetyanın hökumət başçısı təyin olunmasına etiraz edirlər.

Toplum.Tv politoloq Zərdüş Əlizadə ilə qonşu ölkədə baş verən prosesləri müzakirə edib:

- Zərdüşt bəy, Ermənistandakı hadisələrin aqibəti necə olacaq?

- Ermənistandakı hadisələr mafiadaxili mübahisələr idi. Mafialar xalqı küçələrə çıxardı, hakimiyyəti bölüşmək üçün Sarkisyan getməli idi. İndi başqa mafioz hakimiyyətə gələcək. Yəni ya Robert Koçaryan, ya Marqaryan gələcək, ya da Karapetyan qalacaq. Serj Sarkisyan həddindən artıq çox qalmışdı və çox yemişdi, başqalarına da imkan vermirdi ki, onlar da yesinlər. Sarkisyan özü getmək istəmirdi, ona görə də pul buraxdılar, Ermənistan cəmiyyətini küçələrə çıxartdılar. Sarkisyanı oyundan kənara çıxardandan sonra indi səlahiyyətli Baş nazir vəzifəsini bölürlər. Karen Karapetyan Putinlə söhbətindən sonra Nikol Paşinyanla görüşməkdən imtina etdi. Karapetyan əsas olaraq göstərdi ki, Paşinyanın ultimatum dili ilə danışmasına razı deyil. Dünənə qədər nümayişçilər dinc aksiya keçirirdilər. Bu gün isə artıq naməlum 25-30 nəfərlik cavan kişi dəstələri müxtəlif yerlərdə insanları mühasirəyə alır və döyürlər, polis isə bu hadisəyə qarışmır. Bu, o deməkdir ki, sabah mitinqə daha az adam gələcək, mayın 1-də partlamentə Baş nazir seçkisi keçiriləndə Nikol Paşinyanın ətrafında 2000-3000 nəfər qalacaq. Necə ki, indi məhsul stationunda qalıb. Bundan sonra Paşinyanın partlamentə diktə etmə imkanı qalmayacaq. Artıq Serj Sarkisyan Respublikaçılar Partiyasının iclasında deyib ki, ya Roberti, ya da Taron Marqaryanı Baş nazir seçərsiniz. Beləliklə, 3 nəfərdən biri: Koçəryan, Marqaryan və ya Karapetyan Baş nazir olacaq. Robert Koçaryan və Karen Karapetyan qarabağlıdılar. Qarabağ klanı da hakimiyyəti əlindən verən deyil. Bu da erməni xalqının demokratik hərəkatının nəticəsi...

- Ermənistanda baş verənlərə Rusiyanın müdaxiləsi nə dərəcədə realdır?

- Ermənistan qəfəsdədir. Qəfəsin açarı Rusiyanın cibindədirsə, nə üçün müdaxilə etsin? Ermənistan hara qaçacaq ki? Rusiyanın xüsusi müdaxiləyə ehtiyacı yoxdur. Ermənistanın xarici tələblərini rus sərhəd qoşunları müdafiə edir, Ermənistanın bazalarında 5 min nəfərlik rus ordusu yerləşib, ermənilərin seçim imkanı yoxdur. Ukraynada demokratik hərəkatın nəticəsində Yanukoviç getdi, yerinə oliqarx Paraşenko gəldi. Azərbaycanda müxtəlif hərəkatların nəticəsi o oldu ki, mülayim Vəzirov, Mütəllibov getdi, sərt Heydər Əliyev gəldi. Ermənistanda da demokratik xalq hərəkatının nəticəsi o oldu ki, bir oğru - Sarkisyan getdi, əvəzində başqa oğru gələcək. Yəni bir oğru gedir, başqa bir oğru gəlir...

- Nikol Paşinyanın hakimiyyətə gəlmə ehtimalı varmı?

- Paşinyan mitinqlər dönəmində hakimiyyətə gələ bilərdi. Ancaq Sarkisyan istefa verdikdən sonra Paşinyanın "Rusiya ilə dostuq, ancaq bəzi məsələlərlə razı deyilik” deməsi bu ehtimalı aradan qaldırdı. Bu, sanki nökərin ağaya irad bildirməsi idi. Ermənistanın bütün siyasətçiləri nökər, Rusiya isə onların ağasıdır. 

- Ermənistanda baş verən olaylar Cənubi Qafqazda hansı təsirləri buraxacaq?  

- Cənubi Qafqazda bir ölkə var ki, öz ərazisinin bir hissəsini itirmək hesabına üzünü Qərbə tutub. Bu ölkə Gürcüstandır. Digər iki ölkədə isə avtoritar, korrupsiyaya uğramış hakimiyyətə sahibdirlər. Yəni Azərbaycan və Ermənistan Qarabağ qəfəsindədilər. Xülasə, Ermənistanda baş verənlərin Cənubi Qafqaz ölkələrinə heç bir təsiri olmayacaq. 

Ofelya Ramilqızı