Bir ovuc alça...

Bir ovuc alça...

19-05-2019 15:58 / Bu xəbər 1637 dəfə oxundu

Sadə Gül 

Mağazaya ilk girəndə mövsüm meyvələrinin rəngi diqqət çəkir. Alçaları görəndə nə alacağımı unudub meyvələr tərəfə yönəlirəm. Elə yaxınlaşan kimi üzümdəki gülüş solur. Buna heç də alçanın qiyməti yox, yaşı çox az olmayan oğlan uşaqının bir-iki ovuc alça ilə dolu sellofanı ehtiyatlı cibinə qoyması olur. 

Bir anlıq baxıb gözümü qaçırsam, ürkəkcə cibindən çıxardığı alçanı yeyəndə üzündə yaranan gülüşü görməyəcəkdim. 

Balaca artıq mağazadan çıxmağı planlayır. Mən donub qalaraq, bu situasiyada nə etməli olduqumu düşünürəm. Ətrafa nəzər salaraq başımı qatmağa çalışır, hadisənin gerçək olmadıqına inanmaq istəyirəm. Çox geniş olan bu supermarketdə, demək olar ki, hər yaş nümayəndəsini görmək mümkündür. 

Şirniyyat alan kim, səbətini ərzaqla, meyvə ilə, çərəzlərlə dolduran kim. Balaca oğlan bir qadına tərəf yönəlir. Görünür ki, nimdaş geyimli, əlində sadəcə üç çörək olan qadın anasıdır. Onlara tərəf yaxınlaşıram, anasına qapını göstərir. Qapıdan çıxaraq anasını orada gözləyir. Bu dəfə anasına yönəldirəm baxışlarımı. 

Kassaya yaxınlaşmadan cibindəki qəpikləri çıxarır, sayır. Qəpiklərin yetəcəyini görür, qabar əllərindəki qəpiklərin qalanını nimdaş geyiminin cibinə qoyur - bir ovuc alça almağa yetməyəcək qədər...

Gözlərindən bəlli olan yorğunluğunu kassir xanıma gülümsəyərək gizlətməyə çalışır. 

Qapıya tərəf yol alan xanımı ürəyi həyəcan və qorxu ilə dolu olan oğlu gözləyir. Anasını görən oğlan, xanım ona yaxınlaşmamış əlindəki alça tumunu ani bir cəldliklə yerə atıb, özü ona yaxınlaşır. Mən hələ də olduğum yerdən tərpənə bilmir, onların getməsini izləyirəm. Təxminlə 3-5 addım sonra balaca oğlan arxaya boylanır. 

Arxasından kiminsə gəlib-gəlmədiyini yoxlamaq üçün döndüyünü düşünürəm. Mənim baxdıqımı görüb üzünü çevirir. Sonra bir də mənə tərəf baxır. Kiçik bir gülüşlə kirpiklərini qırpır. İçimdəki səs "bu çox sağ ol”un səbəbini etdiyi səhvi mağaza işçilərinə yox, anasına bildirməməyim olduğunu deyir. 

Mən də ona gülümsəyirəm. O da sevinərək üzünü çevirib yoluna davam edir. Dönüb mağazadakı alçalara baxanda gülüşüm üzümdə donur. 

Bir şey almadan mağazanı tərk edirəm. Balacanın son gülüşü yadımdan çıxmır. Çünki elə o gülüşdə anlamışdım, sahibkar 1 ovuc alça ilə heç nə itirməsə də, bu hadisə insanlığın çox şey itirdiyinin göstəricisi, daha doğrusu, kasıblığın elə alça qədər turş və acı mənzərəsi idi...