“Biz o qəsəbənin içini gəzmək istəmirik” - REPORTAJ

“Biz o qəsəbənin içini gəzmək istəmirik” - REPORTAJ

14-10-2017 13:57 / Bu xəbər 3112 dəfə oxundu

114 nömrəli avtobusdan şikayət var...

"20 Yanvar" metrosundan Müşfiqabad qəsəbəsinə, eyni zamanda bu qəsəbənin yaxınlığında yerləşən məcburi köçkünlərin yaşadığı şəhərciyə, eləcə də Pirəkeşkülə kimi hərəkət edən 114 saylı marşurut avtobusu ilə bağlı narazılıqlar var. 

Sərnişinlər Toplum.tv-yə bildirirlər ki, əvvəldən də heç rahat olmayan bu avtobus, son vaxtlar daha da pis işləməyə başlayıb. 

"Belə Allahsızlıq olmaz”

Artıq 5 ildən çoxdur ki, bu avtobusun daimi sərnişini olan Elyanə Məmmədova deyir ki, təzəlikcə şəhərciyin yaxınlığındakı yolda təmir işləri aparılıb. Elə problem də bundan sonra başlayıb. Təmirdən sonra avtobusun istiqamət xətti xeyli dəyişib: 

"Yolun təmir olunması yaxşıdır, yollar xeyli rahat olub, gediş-gəliş asanlaşıb. Amma təmirdən sonra avtobusun hərəkət istiqaməti çox pisləşib. Bu qədər sərnişini olan qəsəbəyə 1 avtobus xəttinin ayrılması çox çətinlik yaradır. Onsuz da bu avtobusun istiqaməti dolanbac idi. Deməli, Pirəkeşküldən yeni salınmış qəsəbəyə, ordan Müşfiqabad qəsəbəsinin içərisinə fırlanıb əsas yola çıxırdı. İndi isə yenə o cür hərəkət edir, əlavə olaraq da Sumqayıta gedilən körpünün üstündə dövrə vurur. Düz, 4 dəfə körpüyə çıxıb düşür. Elə 40 dəqiqəyə yaxın Müşfiqabadın ətrafında fırlanır. Dəfələrlə "qaynar xətt"ə də zəng etmişəm. Dedilər ki, həll olunacaq. Ancaq hələ də bir dəyişiklik yoxdur. "Qaynar xətt"ə zəng etməkdən bezmişik. Niyə bizim şikayətimizə baxan yoxdur? Belə Allahsızlıq olmaz. Deyirlər ki, "qaynar xətt"ə zəng vurub irad və təkliflərinizi bildirin. Bəs niyə irad və təkliflərimizə baxılmır?”

"O qəsəbənin içini gəzmək istəmirik”

E.Məmmədova deyir ki, səhər və axşam saatlarında vəziyyət daha da acınacaqlı olur: "Hər axşam işdən qayıdanda 3-4 avtobus ötürüb sonra minirəm. Hətta bu gün dayanacaqda 1 saatdan çox gözləyəndən sonra 9-cu avtobusa güc-bəla mindim.  İnterval da təxminən 10 dəqiqədən birdir. Saaat 6-da işdən çıxan adam evə saat 10-da gəlib çıxıram. O saatdan sonra evdə məni gözləyən azyaşlı uşağıma necə dərs öyrədim, onunla necə məşğul olum? Heç olmasa səhər saat 8-də, axşam saat 6-da xəttə daha çox avtobus buraxılsın. Biz istəyirik ki, Müşfiqabad qəsəbəsinə başqa, məcburi köçkünlərin şəhərciyinə başqa avtobus xətti ayrılsın. Biz o qəsəbənin içini gəzmək istəmirik. Müşfiqabad qəsəbəsindən bu avtobusa minənlər ondan sanki taksi kimi istifadə edirlər. Hərəsi öz darvazasının qarşısında saxladıb, düşür”. 

"Günümüz qara olub”

Başqa bir sərnişin Pərvanə Quliyeva da eyni problemlərdən şikayətçidir: "Hər gün səhər işə vaxtında çatmaq üçün çox əziyyət çəkirik. Bu marşrut avtobusu qrafikə uyğun işləmir. Günümüz qara olub. Bu qədər əraziyə 1 avtobus ayrılanda belə olmalıdı da... Avtobusların sayı da çox azdır. Gəlirik Müşfiqabada çatırıq, avtobus fırfıra kimi fırlanır, təzədən şəhərə doğru gedir, sonra Sumqayıt körpüsünün üstündən fırlanıb bir də təzədən gəlib məcburi köçkünlərin qəsəbəsinə girir. Bütün günü ancaq yollardayıq. Avtobusda səhər-axşam hamı bir- birini söyür. Hamı yorğun olur, hirsini bir-birindən çıxarır. Sərnişinlər sürücü ilə davaya çıxır. Sürücüyə deyirik ki, körpüyə çıxma, deyir: "Necə çıxmayım? Sonra işimdən olaram”. Sürücülər deyir ki, neçə sürücü belə etdiyi üçün işdən çıxarılıb. Elə yəgin ona görə də avtobusların sayı azalıb. Aidiyyəti qurumlar gəlib "20 Yanvar” metrosu yaxınlığındakı bu acınacaqlı vəziyyətə baxsınlar, bəlkə onda bizi anlayarlar. Xahiş edirik ki, dərdimizə bir çarə qılsınlar”.

"Ayrıca avtobus tələb edirik”

P. Quliyeva bildirir ki, başqa bir problem isə məcburi köçkünlər üçün olan şəhərcikdə dayanacağın olmamasıdır: "Bu qədər vaxtda ərazidə bir dayanacaq tikilməyib. Soyuqda, istidə, yağışda yaxınlıqdakı marketlərin dalanacağında daldalanırıq. Amma bu problem avtobus məsələsinin yanında xeyli kiçik görünür. Əsas dərdimiz 114 nömrəli avtobusun qayda-qanuna uyğun işləməsi, marşurut xəttinin qısa olmasıdır. Yaxşı olar ki, 114 nömrəli avtobusun sürücülərini də maaş sisteminə keçirərlər. Plan doldurmaq üçün sürücülər bütün günü ötüşürlər. Dəfələrlə qəza halları olub. Evdən "kəlmeyi-şəhadət"imi oxuyub çıxıram ki, birdən geriyə sağ- salamat qayıda bilmərəm. Bir sözlə, biz bu şəhərciyə ayrıca avtobus tələb edirik”.

Problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev əlaqə saxladıq. Sakinlərin bəhs etdiyi şikayətləri araşdırıb məsələyə münasibət bildirəcəyini desə də, zənglərimizə cavab vermədi.

Türkan Bəşir
Toplum.TV