"Bizə 18 il iş verdilər" - VİDEOREPORTAJ

21-12-2017 17:55 / Bu xəbər 3968 dəfə oxundu

41 illik müəllimlik stajı olan Almaz Orucova oğlu, "Kanal 13"ün baş redaktoru Əziz Orucovun həbsxanadan göndərdiyi məktublardan birini oxuyur. 

Oğlu həbs olunan gündən bəri Almaz xala hər gün  gündəlik yazır, ürəyini bu dəftərə boşaldır. 

O, oğlunun siyasi sifarişlə həbs edildiyini deyir. 

Həyat yoldaşı, "Kanal 13"ün redaktoru Lamiyə Orucov da Əziz Orucovun fəaliyyətinə görə həbs olunduğunu, hətta bir neçə gün öncə internet kanalın veb səhifəsinin bloklandığını bildirib. 

Əziz Orucov bu ilin (2017-ci il. red) may ayının 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. 

Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. 

Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etməyib. 

"Kanal 13"ün rəhbəri, Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Orucova hökm oxunub. O, 6 il azadlıqdan məhrum edilib.

Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda Ə. Orucov və vəkilləri çıxış edərək, bəraət istəyiblər. 

Toplum.Tv həbsdə olan jurnalistin ailəsindən - Orucovların evindən reportajı təqdim edir:  

İzzətxanım Cabarlı
Toplum.Tv