“Bizim hakimiyyət növbəti dəfə dəvəquşu pozası alıb” - Gürcü politoloq

“Bizim hakimiyyət növbəti dəfə dəvəquşu pozası alıb” - Gürcü politoloq

06-07-2017 18:20 / Bu xəbər 1423 dəfə oxundu

"Fərqi yoxdur, Əfqan Muxtarlı oğurlanıb, ya yox – indiki halda bu, vacib deyil. Başlıcası, informasiyanın yekunu və konkret hadisə nəticəsində ictimai rəyin necə formalaşmasıdır. İctimai rəyin jurnalistin oğurlanmasının etirafı şəklində formalaşdığı faktdır”.

Gürcüstanlı politoloq Ghela Vasadze müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib həbs olunan jurnalist Əfqan Muxtarlının işi ətrafında hazırkı durumu şərh edərkən belə deyir.

Onun sözlərinə görə, Gürcüstanın bütün telekanalları, informasiya agentlikləri və digər kütləvi informasiya vasitələri birmənalı şəkildə bildirirlər ki, jurnalist oğurlanıb.

Gürcü hökuməti dəvəquşu pozasını qəbul edib…

"Qeyri-rəsmi söhbətdə ekspert və hüquq müdafiəçiləri deyə bilərlər ki, biz qəribə hadisə ilə rastlaşmışıq, amma mətbuata müsahibədə onların bunu etiraf edə biləcəklərinə mən inanmıram, çünki cəmiyyət tərəfindən fərqli baxış əvvəlcədən qəbul olunmur. Muxtarlı işi daxili siyasi mübarizədə, həmçinin hər birinin öz marağı olan beynəlxalq təşkilatlar tərəfindən də istifadə olunur, bunları əlavə etsək, tam mənzərə almış olarıq”, – Vasadze deyir.

Politoloqun fikrincə, əslində, nə baş verdiyini dəqiq söyləmək çətindir, ancaq bir şeydən əmindir: "Bu hadisə ölkəmizin nüfuzuna güclü zərbə vurdu. Bizim hakimiyyət xüsusunda hər şey aydındır, onlar növbəti dəfə dəvəquşu pozasını qəbul edərək, işlə bağlı sualların sayını artırdılar. Amma iqtidarın səmərəsizliyinə və fəaliyyətsizliyinə, təəssüf ki, biz artıq adət etmişik”.

"Artıq Gürcüstanın ictimai rəyində bunun xüsusi xidmət orqanlarının birgə əməliyyatı olduğu qənaəti formalaşıb”
Teymuraz Tumanishvili
Teymuraz Tumanishvili

Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktor əvəzi Teymuraz Tumanishvili deyir ki, Ə.Muxtarlı işi ilə bağlı əsl həqiqəti bilmir.

"Bu işdə həddən çox "bilmirəm” var. Amma fakt faktlığında qalır, Gürcüstan ictimai rəyində bunun artıq oğurluq və Gürcüstanla Azərbaycanın xüsusi xidmət orqanlarının birgə əməliyyatı olduğu qənaəti formalaşıb. Hakimiyyətə sadəcə olaraq inanmırlar və bu, hakimiyyətimizin problemidir. Bundan əlavə, Gürcüstanın ictimai rəyi də məsələ ilə bağlı beynəlxalq mövqeyi formalaşdırır”, – Teymuraz Tumanishvili bildirir.

"Bu ondan xəbər verə bilər ki, Muxtarlı ehtiyatsızlıq edərək…”

Gürcüstanın xarici işlər nazirinin keçmiş müavini Nikoloz Vashakidze isə bu mövzuda qısaca ehtimalını bölüşməklə kifayətlənir: "Oğurlanma Gürcüstan ərazisində həyata keçirilibsə, bu ondan xəbər verə bilər ki, Muxtarlı ehtiyatsızlıq edərək yalnız Azərbaycanın deyil, həm də Gürcüstanın rəsmi şəxsləri üçün ciddi problemlər yaradıb və ya yaradacağına işarə edib”.

Vashakidzenin fikrincə, bu baxımdan da, Gürcüstan və Azərbaycan siyasətçilərinin problemlə bağlı maraqları kəsişə və belə bir nəticəyə gətirib çıxara bilərdi…///azadliq.org