"Bizim üçün daha böyük itkilər və sarsıntılar ola bilər" - Rövşən Ağayev

11-01-2017 15:59 / Bu xəbər 1947 dəfə oxundu

2016-cı ildə hökm sürən valyuta qıtlığı istər turizm üçün, istərsə də digər biznes sahələri üçün ağır zərbə oldu. 

Əlavə olaraq, valyuta qıtlığı manata təzyiqi artırır, milli valyutaya etimadı sarsıdır. Ekspert Rövşən Ağayev bu baxımdan qısamüddətli dövrdə Mərkəzi Bankın Neft Fondundan 4 mlrd. dollardan çox dəstək almasını hazırda çıxılmazlıqdan doğan mümkün variantlardan biri hesab edir. 

Onun sözlərinə görə, hökumət manatın indiki səviyyədən daha artıq ucuzlaşmasını istər siyasi, istərsə də sosial və iqtisadi baxımdan təhlükə olduğu qənaətindədir. Ən azından 2017-ci il manatın sabitliyi üçün bir zəmin var - fövqəladə daxili və xarici siyasi, həmçinin iqtisadi amillər nəzərə alınmasa. 

Şübhəsiz ki, strateji baxımdan bu addımın fəsadları olacaq - ölkənin strateji valyuta ehtiyatlarının sürətlə itirilməsi baxımdan, üstəlik hazırkı addım strateji olaraq o zaman iqtisadiyyat üçün faydalı olacaq ki, hökumət köklü bazar islahatları, idarəetmədə köklü dəyişikliklər etməyə hazırlığını nümayiş etdirəcək və vaxt itirmədən start verəcək. 

Əks halda biz 2017-ni zaman olaraq qazanacağıq, amma qarşıdakı illər bizim üçün daha böyük itkilər və sarsıntılar ola bilər. Bir halda ki, makroiqtisadi sabitlik üçün böyük həcmdə ehtiyatların qurban verilməsi qərara alınıb, yaranmış stiuasiyadan islahatlar üçün maksimum yararlanmaq lazımdır. 

Bu qərardan sonra məzənnənin necə olacağı ilə bağlı hansı qənaətə gəlmək olar? Yuxarıda da qeyd elədim manatın bundan sonrakı ucuzlaşması təhdidlər yaradır. Bundan artıq bahalanma isə fiskal baxımdan hökumətin maraqlarına cavb vermir. Bu baxımdan Mərkəzi bank vasitəsilə valyuta dəstək mexanizmi hazırda formalaşan məzənnə ətradında sabitləşməni hədəfə alıb...
 
mənbə: Fins.az