"Bizim torpaqlarımızı işğal edən ölkə Rusiyadır..." - Qüdrət Həsənquliyev

01-10-2018 15:09 / Bu xəbər 2406 dəfə oxundu

"Biz işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsi hazırlamalıyıq”. 

Moderator.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, ermənilər işğal olunmuş ərazilərimizdə təbii sərvətlərimizi istismar edirlər: "Bundan əlavə, o ərazilərdə xarici şirkətlərin sayı artır. Hesab edirəm ki, biz bununla bağlı qanun qəbul etməliyik. Bundan sonra da həmin şirkətlər haqqından qanuna uyğun olaraq qərarlar qəbul edilməlidir”.

Q.Həsənquliyevin sözlərinə görə, hamıya da bəllidir ki, bizim torpaqlarımızı işğal edən ölkə Ermənistan deyil: "Belə bir fikirlər səsləndirilir ki, Azərbaycan Ermənistanın öhdəsindən gələ bilmir. Bizim torpaqlarımız işğal edən ölkə Rusiyadır. Biz nə qədər hərbi potensialımızı artırsaq da, Rusiya Ermənistana hərbi dəstək verdiyi halda bizim torpaqlarımız işğaldan azad edilə bilməz. Hətta ola bilər ki, bu ölkələrin əlbirliyi ilə bizim yeni ərazilərimiz də işğal olunsun”.