Biznesmen prezidentə korrupsionerləri öldürmək niyyətində olduğunu bildirib

Biznesmen prezidentə korrupsionerləri öldürmək niyyətində olduğunu bildirib

05-03-2018 13:44 / Bu xəbər 974 dəfə oxundu

Adil  Nəcəfov 1,5 milyonunu tələb edir, amma ona bu məbləğin 10%-ni təklif edirlər

Fevralın 26-da özəl nəqliyyat şirkətinin sahibi Adil Nəcəfov prezidentə birinci şikayətinin təkrarı olan ikinci şikayəti göndərib. 

Şikayətlərin surətləri birinci vitse-prezidentə, baş prokurora, daxili işlər nazirinə, prezidentin hüquq-mühafizə məsələləri üzrə köməkçisinə, Prezident Administrasiyasının rəhbərinə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinə və mətbuata göndərilib.

Müharibə iştirakçısı, Bakıda (Xətai rayonu, N.Tusi küçəsi 31, mən. 71) yaşayan kiçik sahibkar Adil Nəcəfov Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində töhmət belə almadan fəaliyyət göstərən avtobusla şəhərdaxili sərnişindaşıma şirkətinin sahibi idi. Onun problemləri sərnişin daşımaları Nəqliyyat Nazirliyinə tabe edildikdən sonra başlayıb.

Bakılılar "Bakı Sərnişin Nəqliyyat" MMC-nin özəl avtobus və taksi sürücülərinə hücum edən, onları yoldan keçənlərin və polisin gözü önündə döyən, qanunsuz aylıq rüşvət tələb edən əlaltılarının bandit hərəkətlərini xatırlayırlar. Bu MMC-nin işçilərinin güc metodları kameraya çəkilib və telereportajda nümayiş olunub: https://www.youtube.com/watch?v=agaYyTx0iME.

Sürücülər reportyora döyülmə ilə hədələnərək, 90 manat tələb olunmasından şikayət edirlər. "Bakı Sərnişin Nəqliyyat" MMC işçilərinin cinayətləri haqqında hökumət mətbuatı da məlumat yaymışdı: http://xalqqazeti.com/az/news/social/43958.

Nəqliyyat Nazirliyinə tabe olan şirkətin əlaltıları bizdən böyük məbləğdə pul tələb edirdilər, biz banklara borclu olduğumuz üçün bu pulu verə bilmirdik. Bizi sərnişindaşımada işləməyi qadağan etməklə hədələyirdilər, onlara pul verməyimiz üçün müddət müəyyən edirdilər, özlərini reketir kimi aparırdılar. 

Biz Nəqliyyat Nazirliyinin işçilərinə bu pulu vermək üçün banklardan yeni borclar götürmək məcburiyyətində qaldıq. Nəticədə, mən bir milyon yarım manat məbləğində ziyana düşdüm, bunun 700 mini banka olan borcumdur, onu ödəyə bilmirəm, deyə Nəcəfov yazır.

2015-ci ildə o, Respublika Prokurorluğuna şikayət verib. Şikayəti RP nəzdində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndəriblər. Vətəndaşla müstəntiq Heydər Məmmədov və daxili araşdırmalar şöbəsinin rəisi Anar Nəsibov görüşüb, onlar şikayətçiyə sövdələşmə təklif ediblər: o, tələb etdiyi məbləğin 10%-ni alır və yazılı olaraq bir milyon yarım manatı əldən aldığını təsdiq edir. 

Nəcəfov imtina edib, belə ki, 150 min manat onun problemlərini həll edə bilməzdi. Bu zaman onu idarədən qovaraq, "şikayət təsdiqini tapmamışdır" şəklində qətnamə tərtib ediblər və bundan sonra orada Nəcəfovun müraciətlərinə baxılmayıb. Amma vətəndaşın bütün növbəti şikayətləri də bu idarəyə göndərilməyə davam edib.

Nəcəfov hüquq-mühafizə orqanlarına 200-dən çox yazılı müraciət göndərib. Baş Prokurorluq onun məktublarını Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərir, bu idarənin işçiləri vətəndaşa cinayət sövdələşməsi təklif edirdilər. Səriştəli şəxslər ona deyirdilər ki, bu cür işlərə müstəsna olaraq bu idarədə baxıldığına görə başqa heç kim onunla məşğul olmayacaq.

Adil Nəcəfov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyevə 30 məktub və 6 teleqram göndərdikdən sonra onun qəbuluna düşməyə nail oldu. Fevralın 6-da Əliyev Nəcəfovla görüşdü, nəzakətlə onu dinlədi, o cümlədən tabeliyində olan şəxslərin pul tələb etməsi haqqında biznesmenin danışdıqlarına qulaq asdı və vətəndaşa kömək etməyə söz verdi. Amma sözünü tutmadı. Pul tələb edənlər cəzalandırılmayıb - Kamran Əliyev öz tabeliyindəki işçilərin tərəfini tutdu, mən isə onun üçün "qurbanlıq qoyun" oldum, deyə Adil Nəcəfov qeyd edir.

Daha sonra o, növbətçi prokuror Arif Eyyubovla görüşüb, o, təəccüblənmiş vətəndaşa müstəntiq Rəşad İsgəndərovun apardığı yoxlama nəticəsində şikayətdə göstərilən faktların təsdiqini tapmadığını bildirib.

Dəhşətli olan odur ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin çıxardığı qərardan sonra başqa heç bir instansiya şikayətimə baxmır. Məhkəmə iddiamı təmin etməyib. Fevralın 23-də Baş Prokurorluğun növbətçi prokuroru Yaqut Əliyeva ilə görüşdüm, ondan şikayətimə baxılması barədə soruşdum. Yenə öyrəndim ki, bütün məktublarım Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Y.Əliyevadan soruşdum ki, bu müəssisədən şikayət edirəmsə, niyə şikayətimə baxılması Baş Prokurorluğa deyil, onlara tapşırılır? Y.Əliyeva mənə cavab verə bilmədi...

Adil Nəcəfov ədaləti bərpa etmək üçün başqa nə edəcəyini bilmir. Mənim pulumu alanları öldürmək və beş nəfərin ölümünə səbəb olmaq, ya da özümü öldürmək məcburiyyətindəyəm. Baş verənlərə görə bütün məsuliyyət Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üzərinə düşəcək, deyə vətəndaş Nəcəfov prezidentə və digər dövlət rəhbərlərinə xəbərdarlıq edib.

O, prezidentin onun xahişinə baxacağına və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki şəhsləri cəzalandıracağına, sadə vətəndaşın isə əlindən alınan pulunun geri qaytarılacağına ümid edir.

"Turan"