“Bölgəmizdə yeni reallıq yaradırıq”

“Bölgəmizdə yeni reallıq yaradırıq”

29-03-2018 19:39 / Bu xəbər 2335 dəfə oxundu

"Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik”. 

Martın 29-u Bakıda Azərbaycan-İran biznes forumunda çıxış edən prezident İlham Əliyev belə deyib. 

Foruma iranlı həmkarı Həsən Ruhani ilə birgə qatılan dövlət başçısı qeyd edib ki, İran-Azərbaycan əlaqələri ən yüksək zirvədədir: 

"Siyasi əlaqələr belə yüksək səviyyədə olduğu halda istənilən iqtisadi və nəqliyyat layihələrini icra edə bilərik və bunu da edirik. Biz verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik. Mən şadam ki, bu tapşırıqları yerinə yetirən hökumətlərarası komissiyanın üzvləri, bütün vəzifəli şəxslər öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Bu gün İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region üçün və deyə bilərəm ki, dünya üçün böyük əhəmiyyətə malikdir. Çünki bizim təşəbbüsümüzlə reallaşan layihələr bütün bölgə üçün, Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır”.

Dövlət başçısı qeyd edib ki, ticarət əlaqələrinin indiki səviyyəsi əlaqələrin səviyyəsini əks etdirmir: "Ona görə də bu biznes forumunda iştirak edən iş adamlarına tövsiyəm budur ki, daha da sıx əməkdaşlıq aparmalıyıq. Ticarət dövriyyəsinin artırılması üçün praktiki addımlar atılmalıdır. Ümid edirəm ki, gələcək illərdə bizim qarşılıqlı ixracımız da artacaq. Buna nail olmaq üçün imkanlar var. Qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də böyük diqqət göstərilir, əlavə istiqamətlər müəyyən edilməkdədir”.

İlham Əliyev deyib ki, son vaxtlar İrandan olan iş adamları Azərbaycana, Azərbaycan iqtisadiyyatına daha böyük maraq göstərirlər: "Biz iranlı qardaşlarımızı görməyimizə həmişə şadıq. Onlar Azərbaycanda həm investor, yəni sərmayə qoyan, həm də podratçı kimi uğurla fəaliyyət göstərə bilərlər. Bu fəaliyyət üçün bütün imkanlar var. Əsas xalqlarımızın birliyi, dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olması və bizim təşəbbüsümüzlə reallaşan layihələrin gələcək imkanlarıdır. Biz bölgəmizdə yeni reallıq yaradırıq. İran-Azərbaycan əlaqələri artıq regional təhlükəsizlik, sabitlik, əməkdaşlıq üçün önəmli amilə çevrilibdir. Bunu biz etmişik, özü də qısa müddət ərzində”.

Xəbəri AZƏRTAC yayıb.