Bloger Mehman Hüseynovun apelyasiya şikayəti üzrə proses başladı

Bloger Mehman Hüseynovun apelyasiya şikayəti üzrə proses başladı

03-11-2017 20:39 / Bu xəbər 1277 dəfə oxundu

Hakim prosesin istintaqla aparılması barədə vəsatəti təmin edib 

Bakı Apelyasiya Məhkəməsində noyabrın 3-də bloger Mehman Hüseynovun şikayəti üzrə yenidən məhkəmə iclası başlayıb.

Meydan.TV-nin məlumatına görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə M.Hüseynovun vəkili Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edib. 

O, M.Hüseynovun şüşə kabinədən çıxarılıb vəkillərin yanında əyləşməsini istəyib. Bildirib ki, bəzi məsələləri birlikdə müzakirə etməlidirlər.

Vəkil Şəhla Hümbətova da vəsatəti müdafiə edib. Bildirib ki, M.Hüseynov barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə qərarı Ali Məhkəmə tərəfindən ləğv edildiyi üçün o təqsirsiz hesab edilir və təqsirsizlik prezumpsiyası baxımından onun hüquqları pozulub: "Mehman doqquz aydır həbsdədir, lakin təqsiri sübuta yetirilməyib. Ali Məhkəmə də qərar verdi ki, iş hərtərəfli araşdırılmayıb”. Ş.Hümbətova müvəkkili barəsində olan həbs qətimkan tədbirinin ləğvini istəyib. Digər vəkil Fuad Ağayev isə çıxışında deyib ki, M.Hüseynov əvvəllər məhkum edilməyib. 

"İndiki mərhələdə isə cəzasının üçdə bir hissəsini çəkib və vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması mümkündür”. 

O da Hüseynovun həbsdən azad edilməsini istəyib.

Xüsusi ittihamçı olan Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin nümayəndəsi Əlirza Həbilov isə deyib ki,M.Hüseynovun harada əyləşməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxır. O digər vəsatətlərin təmin edilməməsini istəyib.

Müşavirədən sonra hakim prosesin istintaqla aparılması barədə vəsatəti təmin etdiklərini açıqlayıb. Digər vəsatətlər isə təmin edilməyib.

Daha sonra Əlirza Həbilov ittihamı elan edib. Bildirib ki, M.Hüseynov Musa Musayevin işgüzar nüfuzuna ziyan vurub, böhtan atıb. 

M.Hüseynov isə ittiham üzrə özünü təqsirli bilməyib.

Vəkil Fuad Ağayev isə çıxışında deyib ki, indiyə kimi olan məhkəmə iclaslarında heç bir vəsatətləri təmin edilməyib və araşdırma aparılmayıb: "Yanvarın 9-da Mehman Hüseynova mülki geyimli şəxslər hücum ediblər, elektroşok verib, maşına atıb bir neçə saat gəzdirdikdən sonra Nəsimi rayon Polis İdarəsinə gətiriblər. Həmin vaxt başına torba keçiriblər və o həyacan keçirib, özünü pis hiss edib. Polis rəisi biznesmen deyil ki, işgüzar nüfuzu olsun. Əgər onlar iddia edirlərsə Mehman yalan danışır bunu sübut etsinlər və kamera görüntülərini təqdim etsinlər. Bütün şəhər kamera ilə doludur. Həmin görüntülər Musa Musayev və onun arxasında duran adamların əlindədir və təqdim etmirlər. Mehman Musa Musayevin adını çəkməyib. İndiyə kimi onun üzünü görməyib. Burada oturanlar da onu tanımırdılar. Lakin bu şikayəti verməklə Musa Musayev özünü mənfi mənada tanıtdı”.

Vəkil M.Hüseynov saxlanılan tarixdə ərazidə olan video görüntülərin alınması, post patrul avtomaşınlarında olan videoregistrasiya daşıyıcılarının həmin tarixə olan daşıyıcılarının alınması barədə vəsatət verib. Bildirib ki, Musa Musayev gəlib məhkəmədə ifadə verməlidir.

Mehman Hüseynov isə ifadəsində deyib ki, Musa Musayevin adını qoruması yaxşı haldır, lakin onun rəisi olduğu Nəsimi rayonunda on beş fahişəxana fəaliyyət göstərir. Bu zaman hakim onun sözünü kəsib və xəbərdarlıq edib.

Proses noyabrın 10-da davam edəcək. Hakim həmin gün vəsatətlərə münasibət bildirəcək.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da isə onun oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən, onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilmişdi.

Jurnalistlər önünə çıxan bloger polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.

M.Hüseynov ittihamı qəbul etmir.